Ev almaq istəyənlərin qarşısında çox vaxt çətin seçim dayanır: köhnə tikili, yoxsa yeni bina? Bəziləri illərdir ayaqda qalan, mərkəzi istilik sistemi olan köhnə evlərə üstünlük verir, digərləri isə yeni tikililərin daha rahat və müasir olduğunu düşünür.
Ancaq köhnə binada evin ucuz olması və ya uzun illərdir istifadə edilməsi onun problemsiz olduğu demək deyil. Bəzi hallarda belə ev almaq sonradan əlavə xərcə, hətta ciddi təhlükəsizlik risklərinə səbəb olur.
“Yeni Sabah” xəbər verir ki, köhnə tikilidən mənzil alarkən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və otaqların sayına diqqət yetirmək kifayət etmir. Binanın texniki vəziyyəti, kommunikasiya xətləri, sənədləri və gələcəkdə yarana biləcək təmir xərcləri də nəzərə alınmalıdır. pizza hut
Binanın köhnəlməsi hansı problemlərə səbəb olur?
Köhnə tikililərin əsas risklərindən biri binanın daşıyıcı konstruksiyalarının zamanla zəifləməsidir. İllər ərzində divarlarda, tavanlarda və digər hissələrdə çatlar yarana, beton və metal konstruksiyalarda aşınma baş verə bilər. Xüsusilə binanın uzun müddət baxımsız qalması və vaxtında təmir edilməməsi bu riskləri artırır. Mənzilin divarlarında görünən hər çat təhlükəli olmasa da, iri, dərin və getdikcə böyüyən çatlar ciddi problemin əlamətidir. Belə hallarda evin vəziyyətini mütəxəssisə yoxlatdırmaq vacibdir. Digər problem dam örtüyünün zədələnməsi, zirzəmidə nəmlik və binanın bəzi hissələrində su sızmasıdır. Bu hallar mənzildə kifin yaranmasına, divarların zədələnməsinə və təmir xərclərinin artmasına səbəb olur. Köhnə binanın xarici görünüşünün yaxşı olması onun daxili konstruksiyalarının da sağlam olduğuna zəmanət vermir.

Mərkəzi istilik sistemi və köhnə kommunikasiyalar
Köhnə tikililərin üstünlüklərindən biri bəzi binalarda mərkəzi istilik sisteminin olmasıdır. Lakin bu sistemin mövcudluğu onun həmişə yaxşı işlədiyi demək deyil. Boruların köhnəlməsi, istiliyin mənzillərə bərabər paylanmaması və sistemdə yaranan nasazlıqlar soyuq aylarda sakinlər üçün tez-tez problem yaradır.
Su və kanalizasiya boruları, elektrik xətləri də xüsusi diqqət tələb edir. Uzun illər dəyişdirilməyən borularda sızma, tutulma və paslanma baş verə bilər. Köhnə elektrik xətləri isə müasir məişət texnikasının yükünü daşımaqda çətinlik çəkir. Bu da tez-tez nasazlıqlara, əlavə təmir xərclərinə və bəzi hallarda yanğın riskinə səbəb olur.
Mənzil alarkən yalnız otaqlara baxmaq deyil, elektrik naqillərinin, su borularının və istilik sisteminin vəziyyətini də yoxlamaq lazımdır. Əgər bu sistemlərin dəyişdirilməsi tələb olunursa, xərc əvvəlcədən hesablanmalıdır.
Hansı köhnə tikililərdən ev almaq risklidir?
Binanın yaşı təkbaşına onun təhlükəli olduğunu göstərmir. Əsas məsələ tikilinin hansı vəziyyətdə olması, necə saxlanılması və vaxtında təmir edilib-edilməməsidir. Bununla belə, bir sıra əlamətlər alıcıları ehtiyatlı olmağa vadar etməlidir. Daşıyıcı divarlarda və sütunlarda iri çatların olması, binanın bəzi hissələrinin çökməsi, zirzəmidə davamlı su yığılması, damdan su sızması və ümumi sahələrdə ciddi dağılmalar diqqətdən kənarda qalmamalıdır. Mənzildə aparılmış qanunsuz dəyişikliklər də risk yaradır. Məsələn, daşıyıcı divarın sökülməsi, balkonun evə qatılması binanın möhkəmliyinə mənfi təsir göstərir. Həmçinin mənzilin çıxarışının olub-olmaması, faktiki sahəsinin sənədlərlə uyğunluğu və üzərində hər hansı hüquqi məhdudiyyətin mövcudluğu araşdırılmalıdır. Binanın sökülməsi və ya yenidən qurulması ilə bağlı rəsmi qərar və ya məlumat varsa, bu məsələ mütləq dəqiqləşdirilməlidir.
Ev almamışdan əvvəl nələri yoxlamaq lazımdır?
Mütəxəssislərin iştirakı ilə mənzilin və mümkün olduqda binanın texniki vəziyyətini yoxlatdırmaq sonradan yarana biləcək problemlərin qarşısını almağa kömək edir. Alıcı binanın damına, zirzəmisinə, giriş hissəsinə, pilləkənlərinə və ümumi kommunikasiya xətlərinə də diqqət yetirməlidir. Mənzilin yalnız təzə təmir olunmasına aldanmaq olmaz. Yeni divar kağızı və boya çatları, nəmi və digər qüsurları gizlədə bilər. Buna görə də mənzilə baxış zamanı divarların, tavanın, döşəmənin və pəncərələrin vəziyyəti diqqətlə araşdırılmalıdır. Ən vacib məqamlardan biri də əlavə xərcləri əvvəlcədən hesablamaqdır. Mənzilin qiyməti münasib olsa belə, boruların dəyişdirilməsi, elektrik sisteminin yenilənməsi, nəmlik probleminin aradan qaldırılması və digər təmir işləri ümumi xərci xeyli artırır.
Köhnə tikilidən ev almaq özlüyündə yanlış seçim deyil. Əsas məsələ binanın texniki vəziyyətini, sənədləri və gələcək təmir xərclərini düzgün qiymətləndirməkdir. Yalnız qiymətə və yerləşməyə əsaslanaraq verilən qərar sonradan həm maddi itkilərə, həm də təhlükəsizlik problemlərinə yol açır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız