Lütlənməklə öyünmək...
05 May 2020 14:39
585

Lütlənməklə öyünmək...

Hollivud ulduzu Ancelina Coli mart ayında koronavirusla mübarizəyə 1 milyon avro vəsait ayırdı. Gözəl Ancelinanın bu jesti o vaxt heç kimi təəccübləndirmədi. Çünki dünya şöhrətli aktrisa indiyə kimi ən azı yüz dəfə xeyriyyə aksiyalarında iştirak edib. Bizim bəzi acgöz və xəsis sənət adamlarından fərqli olaraq, Ancelina xanım yaxşı başa düşür ki, dünyanın malı dünyada qalacaq. İnsandan ancaq yaxşı əməl, xeyirxah iş qalacaq...

Türkiyəli müğənni Seda Sayan iki aydı 350 ailənin qayğısını öz üzərinə götürüb. Başqa bir ulduz, Azərbaycanda da yaxşı tanınan Murad Boz isə çiynini daha ağır yükün altına verib. Koronavirus pandemiyası qardaş ölkəyə “ayaq açdığı” gündən bəri Murad bəy 1000 ailəni ərzaqla təmin edir. Koronavirus üzündən işini itirən insanlar Murad Boz kimi insanlığını itirməyən adamların sayəsində həyatlarına əvvəlki qaydada davam edir, “səhər uşaqlarıma nə yedirəcəm” əndişəsi ilə yatıb-qalxmırlar.

Yaxşı, xeyirxah adamlar hər yerdə var. İsveçrə tennisçisi Rocer Federer də koronavirusla mübarizəyə 1 milyon dollar vəsait bağışlayıb. 

Argentinalı futbol ulduzu Lionel Messinin jesti daha böyükdür. O, pandemiyadan əziyyət çəkən insanların müalicəsi üçün 1 milyon avro ayırandan sonra xəstəxanaları zəruri tibbi avadanlıqla təmin etdi.

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo əzəli rəqibindən geri qalmadı. Ronaldo 1 milyon avro nəqd ödənişdən sonra xəstələrə 10 tənəffüs cihazı, nəbz monitoru, infuziya nasosları və şprislər hədiyyə etdi.

Bu siyahını uzadıb sizi bezdirmək istəmirəm. Dünya ulduzları arasında yarış gedir. Hamı daha xeyirxah, yardımsevər, humanist olduğunu sübut etməyə çalışır...

İki-üç gündür bizim günəşli vətənimizdə də “ulduz”lar arasında yarış gedir. Mən bu cür mənasız xəbərlərin aludəçisi olmasam da, redaktor statusuma sadiq qalıb, həmin xəbərləri süzgəcdən keçirməyə məhkumam. Dava-dalaşa, şoudan yazan qoçaq müxbirimizin təbirincə desək, qalmaqala səbəb Xalq artisti Röya Ayxanın saçlarını tünd qara rəngə boyayıb, çılpaq şəkillərini yayması oldu. Dərhal həmkarı Natavan Həbibi özünü ortaya atdı: “Röya məni təqlid edir. Mən ondan qabaq saçımı uzadıb, qara rəngə boyamışam”.

Amma Natavanın ürəyi bununla da soyunmadı. O, vaxtilə boyadığı saçının şəklini sosial şəbəkələrdə paylaşıb, stilist Anar Ağakişiyevi şahid şəkdi: “Anar, yadındadır?”

Əgər məsələ bu qədər sadə olsaydı, mən saçımın-saqqalımın ağarmağa meylli olduğu bir vaxtda klaviaturaya qənim kəsilib, oxuduğunuz bu sətirləri araya-ərsəyə gətirməzdim. Natavan danışıb qurtarmağa macal tapmamış Səidə Sultan ortaya düşdü. Sən demə, Röyanın çılpaq şəkillərini paylaşması Səidə Sultanı əməlli-başlı özündən çıxarıb. Bu dəfə də Səidə çılpaq şəkillərini paylaşıb, təxminən bu məzmunda mesaj verdi: “Adını çəkmək istəmədiyim o qız özünü qəhrəman kimi təqdim etmək istəyir. Amma mən ondan çox əvvəl lütlənib, şəkil çəkdirmişəm”.

Texniki redaktorumzudan xahiş edəcəm ki, o şəkillərdən ən abırlı birini bu yazıda yerləşdirsin. Nahaq deməyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...

İndi bildinizmi, Azərbaycanda şou əhli niyə söyüş-qarğış yiyəsidir? Dünya ulduzları daha çox yardım etmək uğrunda yarışdıqları bir vaxtda bizimkilər lütlənməklə öyünürlər...

Seymur Verdizadə

 

Lütlənməklə öyünmək...

Oxşar xəbərlər