16 Avqust - 05:47
Məddahlıq yarışı...

Məddahlıq yarışı...

Sosial

03 İyul 2022 09:56 1882


(Özümlə şənbə-bazar söhbəti)

Allah bizə rəhmət eləsin!

Deyirlər, diriyə də rəhmət düşür. Biz diriyik, bəyəm?

Mən həyatda pozitivə köklənməyi sevirəm.

Amma iş yazmağa gəldi, başqa adam oluram.

Bu, bəlkə də peşə xarakterindən irəli gəlir.

Jurnalist müxalif olmalıdır. Quruluşa müxaif. Ölkəyə müxalif. Ailəyə müxalif. Sisitemə müxalif. Kütləyə müxalif. Valideynə müxalif. Övlada müxalif. Həyata, dinə, fəlsəfi sistemə müxalif. Kütlə düşüncəsinə müxalif... Və özünə müxalif.

Elə bir qavrama mərhələsindəyik ki, özünlə məzə tutmalısan. Özün özünü ələ salmalısan. Özün özünlə məzələnməlisən. Özünə yumorla yanaşa bilməyən adam bu qədər problemin, stressin, məişət qayğılarının, siyasi basqıların, sosial tələblərin məngənəsində sadəcə əzilmiş əncirə dönər. Özünü məsxərəyə qoymasan, stress səni yumaq edər. Top kimi, hər gələn bir təpik vurar. Heç kimə lazım olmazsan. Səni deyingən qarılardan heç nə ilə fərqləndirməzlər. Heç özünə də lazım olmazsan. Faydan sıfır olar.

Faydalı olmaq istəyirsən?!

Faydalı olmağın qaydaları bəllidir. Bilmirsən, deyim!

Səhər yemək üçün para çörəkmi tapdın?! Minnətdar olmalısan. O para çörəyi sənə yetirən ali varlıq üçün. Günorta o para çörək böyüdü bütöv çörək oldusa, artıq bu iş Tanrının genişürəkliliyidir. Onu sənə mükafat verən xeyrixahı Tanrı kimi qəbul et. Və bu qəbullanmada səmimi ol. 

Axşam şansın cek-pota düşüb yenə də qazancın ikiqat olursa, o zaman dəqiq bil ki, burada Tanrılıq heç nə yoxdir. Tanrı adama bu qədər mükafat  verə bilməz. Burada  insan əli var. Tanrıdan da, uca varlıqdan da xeyirxah olan başqa bir möcüzə var bu işin içində.

Sənə çatmayacaq bu möcüzə. Dərk edə bilməyəcəksən. Kimə təşəkkür etmək lazım olduğun ağlına da gəlməyəcək. Girinc qalacaqsan.

Elə bu dəmdə sənə saysız hesabsız insanlar tərəfindən xatırlatmalar gələcək. Səndən təşəkkür tələb olunacaq. Deyəcəklər ki, sənin səhər qazandığın ruzinin 3 qatını biz axşam sənə hədiyyə etdik. Niyə gözünü döyürsən?! Niyə hamıdan geri qalırsan? Səni görmürük... Bir az aktiv ol, bizi təriflə.

Baş əy, minnətdarlıq et, mədh et məni. Mən Tanrıdan daha ədalətli və səxavətliyəm. Sən bu minnətdarlıq yarışında önə çıxmasan, sabah ac qalacaqsan. Yenə də qismətin para çörək olacaq. Bu sidik yarışında, yaltaqlıq yarışında bütövü qazanmaq üçün öndə olmağın şərtdir. Bəs nə bilmişdin?!

Özün özündən şübhələnəcəksən. Tanrıya etimadın itəcək. Süst qalacaqsan bu üzsüzlüyə. 

Və mənəvi olaraq bitəcəksən...

Sən harada olduğunu unutmamalısan. 

Bu coğrafiyada Tanrı məzuniyyətdədir. Gec qayıdacaq. Xam xəyallar da səni xilas edə bilməz. Xilasın minnərdarlığındadır. Başla...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!