Mediada xəbər oğurlayanlar dəstəsi

saytların hazırlanması

Evə çatdırılma

Mediada xəbər oğurlayanlar dəstəsi

Sosial

02 Fevral 2026 10:54 1133


Oğurluq heç bir dövrdə, heç bir cəmiyyətdə yaxşı əməl sayılmayıb. Fərqi yoxdur dana oğurlayırsan, pul oğurlayırsan, etibar oğurlayırsan, ya da başqasının yazdığı xəbəri. Mahiyyət dəyişmir. Oğurluq oğurluqdur və bunu edən adamın adı var: mənəviyyatsız.

Azərbaycan mediasının illərdir həll olunmayan əsas problemlərindən biri də müəlliflik hüququnun açıq-aşkar tanınmamasıdır. Elə bir mühit formalaşıb ki, yekə-yekə dayılar, ağıllı-ağıllı danışan jurnalist “xalalar” adamın xəbərini heç nə olmamış kimi götürüb manşetə qoyurlar. Nə istinad var, nə utanma.

Heç kimi aşağılamaq niyyətim yoxdur. Amma bu elə mövzudur ki, emosiyasız danışmaq mümkün deyil. Nə qədər olar o sayta, bu sayta zəng edib izah edəsən ki, paylaşdığınız xəbər oğurluqdur? Nə qədər olar başqasının əməyini xatırlatmaq? Axı bunu necə tənzimləmək olar? Dominos pizza

Hüquqi yol var: qanun müəlliflik hüququnu tanıyır. Amma bu hüquq gündəlik olaraq tapdalanır. Mədəni yol var: işə yaramır. Təbliğat var: effekt vermir. Bəs nə edək? Bir sayt rəhbəri var, belə halla üzləşən kimi sosial şəbəkədə dişinin dibindən çıxanı yazır. Amma bu da çıxış yolu deyil axı.

Ququla “istinad nədir?” yazanda cavab verir: elmi, publisistik və digər mətnlərdə istifadə olunan məlumatın, fikrin və ya mənbənin müəllifinə və ya qaynağına istinad etmək akademik dürüstlüyü təmin edir, plagiatın qarşısını alır və oxucuya məlumatın mənbəyini yoxlamaq imkanı yaradır. Yəni haradasa “istinad vermək alçaldıcıdır” kimi bir cümlə yoxdur. Əksinə, istinad səni dürüst insan kimi tanıdır, başını uca edir və hətta müəyyən mənada məsuliyyətdən də azad edir.

Amma olmur. İnsanlar səmimi olmaq istəmir. Qanuna hörmət hissi yoxdur. Daha acısı isə budur ki, biz də öz hüquqlarımızın bərpası üçün qanunun uzun və süründürməçi yoluna üz tutmaqda yetərincə israrlı deyilik.

Burada bir məqamı da açıq demək lazımdır: istinad etməmək təkcə etik problem deyil, hüquqi məsuliyyət yaradan hərəkətdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanununa görə, müəllifin razılığı olmadan onun yaratdığı materialdan istifadə etmək, o cümlədən mənbəni göstərmədən yaymaq hüquq pozuntusudur. Bu isə xəbər oğurlayan media qurumları üçün xəbərdarlıqdan tutmuş, maddi məsuliyyətə qədər gedib çıxa bilər. Sadəcə, bu mexanizm praktikada nadir hallarda işə salınır.

Amma məsələ təkcə qanunla bitmir. Xəbər oğurlayan saytlar uzunmüddətli perspektivdə özlərinə daha böyük zərər vururlar. Çünki oxucu axmaq deyil. Bu gün olmasa da, sabah anlayır ki, hansı media orqanı istehsal edir, hansı isə sadəcə kopyalayır. Etibar isə mediada ən bahalı kapitaldır. Bir dəfə itirdinsə, geri qaytarmaq çox çətindir.

Bəs bu problemi praktik olaraq necə həll etmək olar?

Birincisi, media mühitində istinad mədəniyyəti normaya çevrilməlidir. İstinad vermək zəiflik yox, peşəkarlıqdır. Bunu redaksiyalar nəhayət ki anlamalıdırlar. Xəbər oğurlayanda nə qədər eybəcər göründüklərini dərk etməlidirlər.

İkincisi, müəlliflər və saytlar hüquqlarını tələb etməkdən çəkinməməlidir. Hər dəfə susmaq oğurluğu adiləşdirir. Rəsmi xəbərdarlıq, hüquqi müraciətlər, hətta presedent xarakterli məhkəmə iddiaları müəyyən balans yarada bilər.

Üçüncüsü, oxucu mövqeyi dəyişməlidir. Oxucu hansı xəbərin mənbəli, hansı xəbərin oğurluq olduğunu görməli və etibarsız mediaya məsafə saxlamalıdır. Media oxucu üçün işləyir və oxucu etibar etmədiyi medianı yaşatmamalıdır.

Vaxt ayırmaq və problemi kökündən həll etmək lazımdır. Biganəlik davam etdikcə, xəbər oğurluğu istisna yox, norma kimi qalacaq.

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!