“Mən əlimdən gələni etməyə hazıram” - Mehriban Əliyeva

“Mən əlimdən gələni etməyə hazıram” - Mehriban Əliyeva

Rəsmi Veb saytların hazırlanması

15 Fevral 2019 03:48 922


“Əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var”.

“Yeni Sabah” xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşündə deyib.

Mehriban Əliyeva qeyd edib: “Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam. Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm”.

Birinci vitse-prezident ötən ilin noyabrında Gəncədə yaşayış binasındakı partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün qısa zamanda yeni bina tikiləcəyini də vurğulayıb: “Mən bilirəm ki, keçən ilin noyabr ayında bu binada partlayış olub. Hadisə zamanı əfsuslar olsun ki, 3 nəfər həlak olub, Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Amma onu da deyim ki, bu məsələ Prezidentin tam nəzarəti altındadır, Sərəncam da imzalanıb, vəsait də ayrılıb. Qısa bir zamanda yeni, müasir və çoxmənzilli yaşayış binası tikiləcək və 36 ailənin hər biri yeni mənzillə təmin olunacaq”.

Birinci vitse-prezident əlavə edib: “Əmin olun ki, Gəncə ilə bağlı bütün məsələlər, problemlər mənim diqqət mərkəzimdədir. Siz hər zaman əmin ola bilərsiniz ki, hər bir məsələ, sizi narahat edən hər bir sualla bağlı biz əlaqədə ola bilərik və mən əlimdən gələni etməyə hazıram.

Siz yəqin bilirsiniz ki, biz Heydər Əliyev Fondunun nəzdində gənclərin “Regional İnkişaf” İctimai Birliyini yaratmışıq. Burada çalışan bütün gənclər istedadlıdırlar, vətənpərvərdirlər. Yəqin ki, görmüsünüz, Şamaxıda zəlzələdən sonra onlar orada gecə-gündüz çalışırlar, insanlara kömək edirlər. Yəni, bu kömək həm də mənəvi kömək olmalıdır. Ona görə onlar burada da çalışırlar. Gəncədə yaşayan gənclər də bu birliyə qoşula bilərlər. Ona görə bizim daim əlaqəmiz olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!