Əsl müəllimlər şagirdlərin, tələbələrin həyatında valideyn qədər rol oynaya bilir. Heç bir peşə sahibində bu qədər şans yoxdur. Təəssüf ki, son illər Azərbaycanda ən müxtəlif səbəblərdən müəllim peşəsi öz nüfuzunu kifayət qədər itirib. Amma onu bərpa etmək şansı hər zaman var. Yəni, vəziyyət ümidsiz deyil.
Bu gün onların günüdür: Müəllimlər Günü.
Mənim həyatımda önəmli rol oynayan müəllimlər çox olub. İbtidai sinifdə və orta təhsildə... Sadəcə, həmin vaxt Birinci Qarabağ Müharibəsi dövrünə təsadüf etdiyi üçün o qədər tez-tez məktəb dəyişməli olduq ki, o müəllimlər öz missiyalarını axıra kimi yetirə bilmədilər. Onlar epizodik olaraq həyatımızdan gəlib keçdilər. Hətta çoxunun surətini güclə xatırlayıram. pizza
Amma ali təhsil zamanı bu imkan yarandı. Mənə təhsil verən müəllimlər vətəndaş kimi yetişməyim üçün bu missiyanı tam olaraq yerinə yetirdilər. İndi - 25 il sonra onları xatırlamaq istəyirəm. Yaddaşımda pozitiv iz buraxan, bu gün də sevgi ilə xatırladığım pedaqoqları.
1997-ci il, birinci kursda yaddaşımda qalan ilk müəllim Xaləddin İbrahimlidir. Bəlkə də auditoriyamıza ilk təşrif buyurun Xaləddin müəllim olduğu üçün daha çox yadımda qalıb. Cənubi Qafqazın geosiyasi durumundan, bu regiondakı münaqişələrdən bəhs edən fəndən mühazirə deyirdi. Fənnin adı dəqiq yadımda qalmayıb. Amma o yadımdadır ki, birinci kursda hər kəs kimi mən də oxumağa çox həvəsli idim və ilk qiymətimi də əla almışdım.
İxtisasımız Beynəlxalq Münasibətlər olsa da, bir kurs bizə jurnalistika fənni də tədris olundu. Məşhur “Mozalan”ın redaktoru, şair Eyvaz Borçalı mənə jurnalistika ilə bərabər özünü də sevdirmişdi. Jurnalistika haqda o qədər peşəkar mühazirələr söyləyərdi ki, bir cümləni belə buraxmaq istəmirdim. Qəzetdə ilk yazım dərc olunanda sevinə-sevinə aparıb göstərmişdim.
Cəmil Həsənli bizə Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatik əlaqələri, beynəlxalq münasibətlər sistemindəki rolu ilə bağlı mühazirə deyirdi. Yeri gəlmişkən, elə mənim diplom işim də AXC-nin beynəlxalq münasibətlər sistemində yeri mövzusunda idi. Cəmil müəllim Azərbaycanda AXC tarixinin ən yaxşı bilicisidir. Həmin tarixi biz onsuz da sevirdik, C. Həsənli isə bu sevgidə olan boşluqları mühazirələri ilə doldurmağı bacarırdı.
“Azərbaycan Tarixi”ndən müəllimimiz Kərim Şükürov idi. Nitqi o qədər maraqlı olardı ki, 90 dəqiqənin necə keçdiyindən xəbərimiz olmazdı. Tələbə yoldaşlarımı deyə bilmərəm, amma mən onun mühazirələrini böyük həvəslə gözləyərdim. Təqdimatları çox maraqlı, vurğular yerində olurdu. Sanki film izləyirdin.
Həsən Əlibəyli bizə diplomatik etiketi öyrədirdi. Diplomat necə olmalıdır? Geyimindən tutmuş yerişinə kimi, yeməyindən tutmuş bədən dilinə qədər. Diplomat davranışı olduqca maraqlıdır, hər detalın arxasında mütləq mənada bir mesaj var.
Qulamhüseyn Əlibəyli Konstitusiya hüququmuzu öyrədirdi. Müəllim nə bacarırdısa, bizə öyrətməyə çalışdı, amma biz nə öyrəndik, bu haqda fikrim yoxdur. Müşahidələrim onu deyir ki, heç bu gün də vətəndaş olaraq hüquqlarımızı yaxşı bilmirik.
Əmir Əliyev beynəlxalq hüquqdan, Zəkiyyə müəllimə alman dilindən, Mətanət xanım ingilis dilindən dərs deyirdi. Onların hər birindən öyrəndiklərimiz var.
Muxtar müəllim psixologiyanı tədris edirdi. Bu fənni həmin vaxt heç bir halda qavraya bilmirdim. Eyni zamanda fəlsəfəni də. Yadımdadır, Muxtar müəllimin imtahanlarda iki dəfə kəsildim. Nə qədər hazırlaşsam da, alınmırdı. Axırda “tramvay altında qalmış 3” yazdı, az qaldı gözlərindən öpəm. Təzad ondadır ki, 25 il əvvəl mənə çatmayan psixologiya və fəlsəfə bu gün ən çox sevdiyim sahədir.
Başqa müəllimlərimiz də vardı. Onları da xatırlayıram. Lakin təhsil həyatımda önəmli rol oynadıqlarını düşünmürəm.
Öz müəllimlərim başda olmaqla, bütün istedadlı, vicdanlı, rüşvətə bulaşmayan, bildiyini şagirdə, tələbəyə ötürməyi ən müqəddəs vəzifə hesab edən müəllimləri təbrik edirəm!
Elnur Məmmədli
Telegram kanalımız