Nigeriyanın Plato əyalətində yayılan difteriya xəstəliyi ciddi narahatlıq yaradıb. Artıq yüzlərlə yoluxma qeydə alınıb, ölənlərin sayı isə 31-ə yüksəlib.
“Yeni Sabah” xəbər verir ki, Plato əyalətinin səhiyyə komissarı Nikolas Baamlonq difteriyanın əyalətin 10 bölgəsinə yayıldığını açıqlayıb. Onun sözlərinə görə, həmin bölgələrdə 469 difteriya xəstəsi müəyyən edilib. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 31 nəfərə çatıb.
Baamlonq bildirib ki, ilin əvvəlində ayrı-ayrı hallar qeydə alınıb. Lakin avqust ayında difteriya ciddi ictimai sağlamlıq probleminə çevrilib. Hazırda ərazilərdə xəstələrin müəyyənləşdirilməsi, xəstələrlə təmasda olan şəxslərin izlənməsi, əhali arasında maarifləndirmə işləri və peyvəndləmə tədbirləri gücləndirilib. pizza mizza
Difteriyanın yayılması səbəbindən Plato əyalətində sentyabrın 7-dən bütün ibtidai və orta məktəblərin bağlanmasına qərar verilib. Nigeriyada bu il 10 mindən çox təsdiqlənmiş difteriya halı qeydə alınıb. Son illərdə xəstəliyin təkrar yayılması səbəbindən ölkədə peyvənd kampaniyaları keçirilir. 2022-2025-ci illər ərzində ölkədə 42 mindən çox difteriya halı aşkarlanıb və təxminən 1 400 nəfər bu xəstəlikdən həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı Nigeriyada difteriya hallarının artması ilə əlaqədar xəstəliyin ikinci yayılma dalğasının yaşandığını təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu isə xəstəliklə mübarizə çərçivəsində ötən il Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.
Qeyd edək ki, difteriya boğaz, burun, göz və dəridə məskunlaşan "Corynebacterium diphtheriae" bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir. Xəstəlik ağırlaşdıqda ölümə səbəb ola bilər.
Telegram kanalımız