Azərbaycanda hava şəraitində dəyişkənlik müşahidə olunur. Dünən yağan leysan yağışından sonra sabah havanın temperaturunun 20 dərəcəyədək yüksələcəyi gözlənilir.
Bəs belə temperatur fərqləri nə ilə əlaqədardır? Bu cür hava dəyişiklikləri gələcəkdə daha tez-tez müşahidə oluna bilərmi?
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, hazırda müşahidə olunan hava şəraiti payız mövsümü üçün normaldır. Onun sözlərinə görə, fəsillərarası keçid dövründə havanın dəyişkən olması təbii prosesdir. Online shopping Azərbaycan
Ekspert qeyd edib ki, Bakıda müxtəlif istiqamətlərdən gələn hava axınları üstünlük təşkil edir. Xüsusilə paytaxt doqquz müxtəlif hava axınının təsiri altında olduğundan burada hava şəraitinin qısa müddətdə dəyişməsi təəccüblü deyil.
“Şimaldan gələn hava axınları, cənubdan gələn isti hava kütlələri, qərbdən yağıntı gətirən hava axınları, şərqdən gələn dumanlı, tozlu və qumlu hava kütlələri, həmçinin cənub-şərqdən, İran istiqamətindən gələn hava axınları var. Ona görə də hazırda müşahidə olunan hava dəyişikliklərinə təəccüblənməyə dəyməz. Hər şey qaydasındadır. Biz Bakıda da, rayonlarda da belə hava şəraitini görmüşük”, – deyə o bildirib.
Ə.Əliyevin sözlərinə görə, son dövrlərdə əvvəlki 30-40 illə müqayisədə yağıntıların miqdarında müəyyən artım müşahidə olunur. O, bunu Xəzər dənizində baş verən dəyişikliklərlə də əlaqələndirib. Ekspertin fikrincə, qarşıdakı 30-40 il ərzində Xəzər dənizində suyun səviyyəsinin yüksəlməsi və havada rütubətin artması ehtimalı var.
"Xəzər dənizinin tarixində su səviyyəsinin dəyişməsi yeni hadisə deyil. Müxtəlif tarixi dövrlərdə dənizdə belə proseslər müşahidə olunub".
Ekspert Azərbaycanın coğrafi mövqeyinin də hava şəraitinin dəyişkənliyində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkə subtropik və mülayim iqlim qurşaqlarının təsir dairəsində yerləşir. Bu səbəbdən müxtəlif istiqamətlərdən gələn hava kütlələri ölkədə fərqli hava şəraiti yaradır.
“Şimaldan gələn hava kütlələri mülayim, oksigenlə zəngin və nisbətən sərin hava gətirir. Bəzən bu axınlarla birlikdə yağıntılar da müşahidə olunur. Cənub və cənub-şərqdən gələn hava kütlələri isə çox vaxt daha rütubətli olur. Xüsusilə Xəzər istiqamətindən gələn hava ilə əlaqədar rütubətlilik artır. Tozlu hava kütlələri də əsasən subtropik ərazilərdən gəlir”, – deyə Ə.Əliyev qeyd edib.
O, hazırda müşahidə olunan yağıntıların əsasən qərbdən, Atlantik okeanı istiqamətindən gələn hava axınları ilə əlaqəli olduğunu bildirib. Şimaldan gələn soyuq hava kütlələrinin də ümumi hava mənzərəsinə təsir göstərdiyini əlavə edib.
"Payız və qış fəsilləri arasındakı keçid zamanı belə dəyişkən hava şəraiti normaldır. Qışın əsas xüsusiyyətləri isə dekabr ayından etibarən daha aydın hiss olunacaq".
Telegram kanalımız