Dünən Novruzun ilk çərşənbəsini qarşıladıq. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. Cəmiyyətdə milli adət və ənənələrin varisliyi həmişə aktual mövzu olub. Lakin son illər bayram, toy adətlərimizin tədricən itib-batdığını, unudluduğunu iddia edənlər də az deyil.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil bildirib ki, zaman-zaman adət-ənənələrimizdə müəyyən arxaikləşmə prosesi gedib:
“Adət-ənənə milli-mədəni kimliyin göstəricilərindən biri kimi, xalqın xarakterini, millətin mədəniyyətini özündə ehtiva edir. Bizim azərbaycanlı kimliyimiz vətən konsepti və daşıdığımız mənəvi dəyərlərlə yanaşı bizə aid olan mədəni institutlarla səciyyələnir. Milli-mədəni institutlarımız ənənədə yaşayır, adətlərdə aktivləşir və bu yolla xalqımızın nikbin ehtiyatları gələcəyə daşınır. Dominos pizza
Müxtəlif dövrlərdə mədəni institutlarımız zədələnib, mənəvi dəyərlərimiz ağır və çətin sınaqdan keçib. Məsələn, XIX əsrdə ölkəmiz işğala məruz qalıb, xalqımız müstəmləkə zülmü ilə üzləşib. Bu şəraitdə bizim iki mədəni institutumuz ciddi xəsarət alıb. Milli zadəganlığımızın nümunəsi olan bəylik özünün məzmunundakı əsas mənəvi seqmenti itirib, bəy etibardan düşüb. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsində olduğu kimi.

Bununla yanaşı ortaq müsəlman dəyərimiz olan ruhani mədəni institutu ağır zədə alaraq cəmiyyətin gözündə dəyərini itirib. Dürüst din adamı riyakar ruhaniyə çevrilib. XIX əsrdə dini dəyərlərin tənəzzülü prosesi Seyid Əzim Şirvaninin satiralarından, “Allaha rüşvət”dən, “Köpəyə ehsan”dan görünür.
Bu mədəni institutların süqutu cəmiyyətin mənəvi həyatında ağır fəsadlara yol açır və onların bərpası çox böyük zaman , milli əzmkarlıq, ardıcıl mübarizə tələb edir. Bir əsrin kəsirini düzəltmək üçün bir neçə nəsil dəyişməlidir. Məsələ bu qədər mürəkkəb xarakterli bir milli-mənəvi prosesi özündə ehtiva edir.
Bayram və toy adətləri də mədəni institut və mənəvi dəyər konseptləri ilə sıx şəkildə bağlıdır. Adət və ənənələrin unudulması bir məsələdir, onların unutdurulması isə başqa bir məsələdir. Cəmiyyətdə normal şəraitdə adət-ənənələrin arxaikləşmə və müasirləşmə prosesi müşahidə olunur. Bu mədəniyyətin inkişaf qanunauyğunluğunun bir dialektikasıdır. Bir-birinə zidd olan proses inkişafa, yenilənməyə və ya dəyişməyə xidmət etmiş olur.
Dövlət müstəqilliyimizin bərpası bizim qarşımızda mədəni dəyərlərimizi qorumaq və yaşatmaq baxımından çoxlu vacib vəzifələr qoyur. Buraya mədəni nümunələrimizin öyrənilməsi, qorunması, təbliği və populyarlaşdırılması daxildir.
Biz adət və ənənələrimizi tarixi Azərbaycan coğrafiyasında axtarmalı, tapmalı, toplamalı və araşdırıb öyrənməliyik. Bundan sonra onalrın təbliği və gələcək nəsillər üçün qorunub saxlanması işi ilə məşğul olmalıyıq.
Adət-ənənələrimiz içərisində normal, yəni təbii və obyektiv şəkildə arxaikləşmə prosesi vardır. Lakin adətlərimiz itib-batmamış, xalqımızın, yaddaşında, həyat təcrübəsində və könül dünyasında dövrümüzə qədər gəlib çatmışdır.
Məsələn, bizim milli qonaqpərvərlik mədəni institutumuz XIX əsrin ağır müstəmləkə şəraitində belə özünü mühafizə edə bilib. Biz Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan-həkimi nəbatat və dərviş Məsətlişah- caduguni məşhur” komediyasında qonağa sakral münasibətin mühafizə olunduğunu görürük.

Şahbaz bəyin Parisə getməsinin qarşısının alınması üçün təklif edilən variantlardan biri kimi qonağın sehrli vasitələrlə aradan götürülməsi sifarişçilər tərəfindən qəbul edilmir. “Qonaq Allah qonağıdır”, ən mürəkkəb şəraitdə belə qonaqpərvərlik qorunur, Parisin mənəvi dəyərlərin zədələndiyi bir yer kimi dağılması isə təbii qarşılanır. Bu bizim mədəni institutlarımızın keçdiyi çətin dövrdəki real hadisələrin ədəbiyyatdakı bədii motivlənməsidir. Yazılı qaynaqlardan görünən mənzərə belədir ki, bizim adətlərimiz özünün daxili mənəvi potensialı ilə özünü qorumaq mübarizəsindən keçib. Subyektiv faktorlar, sosial şərait, ideoloji mühit mədəni institutlara öz mənfi təsirini göstərib”.
Onun sözlərinə görə, Sovet hakimiyyəti vaxtı adət-ənənələrimiz də ciddi ideoloji təzyiqə məruz qalıb:
“Xalqımızın 1918-1920-ci illərdə qurduğu cümhuriyyət dövründə mədəniyyətdə milli əsasların qorunmasına xüsusi diqqətlə yanaşılıb. Mərasim mədəniyyəti öz milli məcrasına yönəlib, bayramların təntənəsi genişlənib, toylar ənənədə olduğu kimi davam edib.
Lakin sovet dövründə mərasim mədəniyyəti yenidən ideoloji təzyiqlərlə qarşılaşıb. Mövsüm mərasimlərinin miqyası kiçilib, el şənlikləri ev şənliklərinə çevrilib. Ateist ideologiya dini bayramlara da öz mənfi təsirini göstərib.
Milli adət-ənənələrimizə həm də xalqımızın mərasim mədəniyyəti kontekstində baxmaq lazımdır. Buradan baxdığımız zaman ilk növbədə özünün yaranması baxımından daha qədim sayılan mövsüm mərasimlərimizlə bağlı bayramları nəzərdən keçirə bilərik. Qış mövsümü ilə bağlı keçirilən “Çilə” və ya “Çiləçıxdı” mərasimlərinin arxaikləşdiyi müşahidə olunur. Yaşlı nəslin xatirəsindən tam silinməmiş 1970-ci illərdə Çilə mərasimlərinin keşirildiyi məlumdur. Qış fəslinin hissələrə bölündüyü xalq təqvimi ilə “Böyük çilə” və “Kiçik çilə” kimi mərasimlər, demək olar ki, ölkənin böyük bir ərazisində icra edilmir. Naxçıvan bölgəsində lokal şəkildə bu mərasim öz funksionallığını saxlayıb. Fevral ayının ilk on günündə icra edilən “Xıdır Nəbi” mərasimi də yalnız bu bölgədə izlərini qorumuşdur. “Çilə” də, “Xıdır Nəbi” də mövsüm mərasimləridir və qışın yola salınmasına göstərilən sakral dəstəyi ifadə etməkdədir. Bu mərasimlərdə Qışın obrazlaşdırılması, mərasim oyunları, tamaşaları, mərasim yeməkləri, mərasim nəğmələri kimi nümunələr arxaikləşmiş və unudulmuşdur.
Amma bütövlükdə bayram mərasimləri unudulmur, onların bir sıra komponentləri müxtəlif səviyyələrdə trnansformasiya olunur və ya bir mərasimdən digərinə inteqrasiya olunur. Məsələn, qışın yola salınması ilə bağlı mərasimlərdə icra edilən “Kosa-kosa” oyunu yazın qarşılanması ilə bağlı keçirilən Bahar bayramına daxil olub. Biz XX əsrin əvvəllərinə aid qaynaqlarda “Kosa-kosa” oyununu dini bayram mərasimi olan Ramazanda müşahidə edirik. Belə aydın olur ki, xalq özünün yaratdığı mədəniyyət nümunələrini unutmur, onlar şəraitə görə dəyişikliyə məruz qalsa da tamamilə sıradan çıxmırlar, onun əsas komponentləri arxaikləşən mərasimdən aktiv olan başqa uyğun bir mərasimə keçərək öz mövcudluğunu qorumuş olur.
Biz hazırda içində olduğumuz mövsüm üçün mərasimləri iki yerə ayıraraq dəyərləndirməliyik. İlk növbədə qışın yola salınması mərasimləri icra edilir, “Çiləçıxdılar” keçirilir, Böyük və Kiçik çilə yola salınır, Xıdır Nəbi qeyd olunur, bundan sonra yazın qarşılanması mərasimləri başlanır. Bu mərasimlər xalq təqviminə görə fevralın 20-dən martın 20-dək olan dövrü əhatə edən Boz ayda icra edilir. Bunlara ilaxır çərşənbələr və Novruz bayramı daxildir.
Fikrimi belə ümumiləşdirərək qeyd edim ki, ayrı-ayrılıqda adət və ənənələrdə passivləşmə, lokallaşma, arxaikləşmə kimi hadisələrin baş verməsi onları içərisinə alan mərasim mədəniyyətinin inkişaf qanunauyğunluğudur və təbii prosesdir”.
Folklorşünas qeyd edib ki, müasir dövrdə də milli adət-ənənələrimi qorumalı, unudulmasına icazə verməməliyik:
“Adət-ənənəni milli mədəniyyətimizin tərkib hissəsi kimi yaşatmalıyıq. 100 il əvvəli də, 1000 il əvvəli də qorumalıyıq, yaşatmalıyıq. Biz milli kimliyimizi mədəni ənənələrimizlə bağlayan adətləri həyatımızdan ayırmamalıyıq. Əlində iki çöplə yemək yeyən yaponu görmüsünüz. Onun üçün çəngəldən istifadə etmək çətin bir məsələ deyil. Amma onun əlində tutduğu o çöplər onun milli-mədəni kimliyinə bağlılığını iki çöp qədər də artırmış olur.
Xirosima və Naqasaki faciəsinin yaddaşlara yazılması yapon gənclərinin milli ruhda tərbiyəsi üçün əsas qaynaq sayılır. Türkiyədə Malazgird zəfəri, Çanaqqala savaşı milli ruhu gücləndirən əsas qaynaqdır. Bizim üçün 20 Yanvar faciəsi milli həmrəylik simvoluna çevrildi, içində olduğumuz və zəfərlə davam edən Vətənin bütövlüyü mücadiləsi bizm milli ruhumuzun qaynağıdır. Çünki içində qanımız var, çünki içində canımız var. Adət-ənənə də mənəvi ehtiyatları gücləndirir və daim aktiv edir. Bizim şanlı qəhrəmanlıq eposumuz və mənəvi dəyərlər abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Dəli Domrulun canını həyat yoldaşının fədakarlığı xilas edir. Fədakarlıq ən yüksək mənəvi dəyərdir. Millət üçün, dövlət üçün, vətən üçün, milli mədəniyyət üçün, onun qorunması üçün də fədakarlıq mənəvi dəyərinin, dini dəyərlərimizin və onu içində daşıyan adət və ənənələrin yaşadılması lazımdır”.
Əsmətxanım RZAZADƏ
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız