Azərbaycanda xarici ölkə vətəndaşlarının yerli ali təhsil müəssisələrində dövlət hesabına təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsait artırılır. 2027-ci ildə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramına 5 milyon 169.4 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı ildə nəzərdə tutulan 3.7 milyon manatla müqayisədə 1 milyon 469.4 min manat və ya 39.7 faiz çoxdur.
"Yeni Sabah" xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin materiallarında əksini tapıb.
Sənədə əsasən, sözügedən proqram 2027-ci ildə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar sırasındadır. pizza hut
Müqayisə üçün, 2026-cı ilin dövlət büdcəsində proqram üzrə daha 100 yeni təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün 3.7 milyon manat vəsait nəzərdə tutulub.
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı Prezident İlham Əliyevin 8 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edilib. Proqramın məqsədi xarici ölkə vətəndaşlarının Azərbaycan ali təhsil müəssisələrində təhsil almasına dövlət dəstəyinin göstərilməsidir.
Proqram çərçivəsində 2024-2025-ci tədris ilindən başlayaraq beş il ərzində hər il 100 nəfərə, ümumilikdə isə 500 əcnəbi vətəndaşa təhsil qrantının verilməsi nəzərdə tutulub.
Təhsil qrantından İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşları yararlana bilərlər.
Qrantlar Azərbaycan ali təhsil müəssisələrində hazırlıq kursları, bakalavriat, əsas tibb təhsili, magistratura, rezidentura və doktorantura pillələrini əhatə edir.
Proqram iştirakçılarının yalnız təhsil haqqı deyil, bir sıra digər xərcləri də dövlət tərəfindən qarşılanır. Bunlara viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı, nəqliyyat, kommunal xidmətlər, tibbi yardım, həmçinin ildə bir dəfə öz ölkələrinə gediş-gəliş xərcləri daxildir. Nəqliyyat xərclərinin maliyyələşdirilməsinə taksi xidmətləri daxil deyil.
Proqramın əhatə dairəsi ilə bağlı son göstəricilərə əsasən, 2026-2027-ci tədris ili üçün 64 ölkədən yüzlərlə namizəd müraciət edib. Seçim nəticəsində 55 ölkənin 100 vətəndaşı təhsil qrantına layiq görülüb.
Seçilən şəxslər Azərbaycanın 11 ali təhsil müəssisəsində təhsil alacaqlar. Bu universitetlər sırasında ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti yer alır.
Əvvəlki illərdə də proqram üzrə hər il 100 nəfər seçilib. Belə ki, 2024-2025-ci tədris ilində 35 ölkədən, 2025-2026-cı tədris ilində isə 51 ölkədən 100 nəfər təhsil qrantı qazanıb.
Beləliklə, proqram üzrə illik yeni qrantların sayı 100 nəfər olaraq müəyyən edilsə də, əvvəlki illərdə qəbul edilmiş tələbələrin təhsilinin davam etməsi maliyyələşdirilən qrantların ümumi sayına təsir göstərir.
Qeyd edək ki, 2027-ci il üçün nəzərdə tutulan 5 milyon 169.4 min manatlıq vəsaitin neçə tələbənin təhsilini əhatə edəcəyi və maliyyələşmədəki artımın konkret səbəbləri təqdim olunan sənəddə əksini tapmayıb./Oxu.az
Telegram kanalımız