Ölümü hər kəsin gec-tez dadacağı danılmaz gerçəklikdir. Ölüm baş verəndə isə hər kəs eyni reaksiya vermir. Ən çətin mərhələ ölüm gerçəkliyini qəbullanmaqdır, yaxınların ölümü qəbullanmaqları zaman alır.
Belə olduqda bizi düşündürən məqamlardan biri də uşaqların ölümü necə dərk etməsidir.
Görəsən, uşaqlar bunu necə anlayır? Onları qəbirstanlığa apardıqda hansı hissləri keçirirlər? Sezar pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva bildirib ki, erkən uşaqlıq dövründə ölüm uşaqlar üçün qorxulu gəlmir. Çünki uşağın zehni ölümü anlaya biləcək dərəcədə inkişaf etməmiş olur:
“Azyaşlıların yas mərasimlərində, o cümlədən, məzar ziyarətlərində iştirakı doğru deyil. Xüsusən vəfat edən şəxs onun yaxınıdırsa, bu, daha çox psixoloji problemlər yarada bilir. 12-13 yaşına qədər uşaqlarda bu böyük problemlər, psixoloji travma, qorxu, tənhalıq hissi, itirmə qorxusu, depressiya yarada bilər. Uşaqlar böyüklərin məsələyə yanaşmasını bir növ doğru kimi qəbul edir və vəfat edən şəxs onun yaxınıdırsa, ailə üzvlərinin bu itkiyə verdiyi reaksiyalar həmin uşağın da belə reaksiya verməsinə gətirib çıxaracaq. Yas mərasimi nədir, ağlama, dizə döymə, fəryad etməsi… Bu isə uşaqda daha çox gərginlik yaradır”.
O qeyd edib ki, azyaşlı uşaqları qəbirstanlığa aparmaq onlarda ciddi psixoloji problemlərə gətirib çıxara bilər:
“Uşaqların məzar ziyarətlərinə aparılması doğru deyil, ona görə ki, 12-13 yaşa kimi uşaqlar konkret düşünürlər, mücərrəd formalaşmır və onlar üçün bir insanın məzarda yatması fərqli hisslərdir. Onlar elə düşünürlər ki, yaxınları həmin adamı soyuq torpağın altına qoyub tərk ediblər. Bu həm də uşaqda yaxınlarına qarşı aqressiya yarada bilər, üstəgəl onlarda boğulma, narahatlıq kimi hallar baş verə bilər. Çünki uşaq düşünür ki, vəfat edən yaxını torpağın altında boğulur, havasız qalır.
Bütün bunlara baxmayaraq, uşağa yaxınının ölümünü mütləq demək lazımdır, bunu gizlətmək olmaz. Bəzən valideynlər bunu uşaqda gizlədirlər ki, hələ deməyək. Uşağa qıymırlar. Amma əksinə, ölümü demək lazımdır. Çünki onsuz da uşaq axır-əvvəl bunu biləcək. Ölümü bilməsə, uşaq illərlə ümidlə vəfat edən yaxınını gözləyə bilər. Həmçinin doğrunu öyrəndikdə ümidinin qırılması, sizə qarşı aqressiyaya gətirib çıxara bilər. Bu zaman uşaq həm aqressiv olacaq ki, niyə məni illərdir aldadırdınız, həm də onu yalana öyrətmiş olacağıq. Üstəgəl, onun güvənini sarsıtmış olacağıq. Ölümü isə uşağa yaxını, bağlı olduğu şəxs deməlidir. Bunu sakit şəkildə uşağa başa salmalı və uşağın hər reaksiyasını qəbul etməlidir. Uşaq qışqıra, ağlaya, qəzəblənə bilər. Həmin an ona “bu, normaldır” deməli və hisslərini ifadə etməsinə imkan yaratmalıyıq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız