7 İyul - 01:32
Onlar dərk etməlidirlər ki, havadarlarının başı olum-ölüm savaşına qarışıb

Onlar dərk etməlidirlər ki, havadarlarının başı olum-ölüm savaşına qarışıb

Yazar

04 May 2022 22:59 2188


Bu il aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransa 23 ölkədən 40 iştirakçı qatılmışdır. Əslində artıq ənənəyə çevrilmiş indiki konfransın özü bilavasitə ölkə Prezidenti İlham Əliyevin bir il əvvəl aprel ayında Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilmiş birinci forum zamanı bu tədbirin illik əsaslarla keçirilməsi və beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin dəvət olunması təklifini dəstəkləməsindən sonra “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edilmişdir. Bir gün əvvəl xarici qonaqların Azərbaycanın Mədəniyyət Mərkəzi olan Şuşa şəhərinə səfər etmələri, yol boyu işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və inkişaf işləri, Füzuli hava limanı, yeni Zəfər yolu ilə tanış olmaları, hayların 30 il çəkən işğal zamanı barbarlıqlarını və vandalizmini öz gözləri ilə görmələri konfransın mövzusunu daha dərindən anlamalarına imkan verirdi. Bütün bunlar və panel müzakirələrdə səsləndirilən mesajlar, mülahizələr, məqalələr, sosial şəbəkələr vasitəsilə bütün dünyaya obyektiv məlumatın yayılmasına da təkandır.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyindən, Ermənistan hökumətinin sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verdiyindən, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdiyindən və bütün bunlardan çıxış edərək, nəhayət, Ermənistan rəhbərliyi və əhalisinin sülhün zəruriliyini anladığına ümidvar olduğundan danışaraq dedi: “Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur”

Son günlər Ermənistan hökumətinin regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verdiyini, özünün sülh gündəliyini elan etdiyini vurğulayan Prezident ilham Əliyev revanşist çağırışları nəzərdə tutaraq qeyd etdi: “Ermənistanda, anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.

Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır.”
Bəli, Azərbaycan Qafqazda sülhə töhfə vermək üçün öz iradəsini ortaya qoyur, sülhə xidmət edən təşəbbüslərə imza atır. Bəs bu gün Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın küçələrinə tökülən, vaxtilə Livandan, Suriyadan gələn “ASALA” terror təşkilatının üzvləri nə istəyirlər? Onlar Qarabağ ermənilərinə “şurtvats” (Hayastanda Qarabağ ermənilərinə “dönmə hay” mənasına gələn “Şurtvats hayer” deyir və haqlı olaraq hesab edirlər ki, Qarabağda yaşayan ermənilər əsl “hay”lar deyil, qıpçaq alban-türk kökənli, yəni türkdən dönmədirlər) deyərək sülhə doğru yeni-yeni addımlar atan baş nazirin istefasını tələb edir, “Tələbə, oyan!” deyərək universitetlərə hücum çəkərək gəncləri sülhə mane olmağa çağırırlar. Məqalələrimizin birində yazmışdıq: “Xalq Paşinyanı yeni müharibə üçün seçmədi”. Robert Köçəryanın məğlubiyyətdən çox hakimiyyət hərisliyi Ermənistanı həm iqtisadi, həm sosial, həm də siyasi yöndən daha dərin uçuruma sürükləyir. Xalq nə qədər tez ayılsa, bir o qədər tez ziyanın yarısından qayıda bilər. Onlar dərk etməlidirlər ki, artıq havadarlarının başı olum-ölüm savaşına qarışıb. Vaxtilə Ukraynanı parçalayaraq “müstəqillik” istəyən, qonşuya arxalanan qondarma Donetsk və Luqanskın əhalisi indi can hayındadır, necə deyərlər “qonşuya arxayın olan gecə şamsız yatar”. Belə bir vaxtda ağıllı dövlət başçısı ölkəsinin qonşularla ancaq və ancaq sülh, əmin-amanlıq şəraitində yaşamasına çalışmalıdır.

Azərbaycan Respublikasının Prezidenti onu da qeyd etdi ki, “Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar”

Bu qarışıq dünyamızda Azərbaycanın, onun dövlət başçısının yeritdiyi siyasət mümkün olanın ən doğrusudur. Dünya və nəhəng qonşumuz arasında balansı qoruyan, sülhün, ölkələrin ərazi bütövlüyünün carçısı olan Prezident İlham Əliyev bölgədə də sülhə çalışır. Məhz sülhün, əmin-amanlığın, Cənubi Qafqazın sağlam gələcəyi naminə hətta 30 il ərzində xalqımıza vurduqları maddi, mənəvi, fiziki, ekoloji, iqtisadi ziyanlara baxmayaraq haylarla da sülhün təmin olunması istiqamətində yorulmadan irəliyə addımlar atır. Budur, bu addımlar bəhrə verdiyi bir zamanda İrəvanda məğlubiyyəti həzm edə bilməyən axperlərin və hayların “şurtvats” adlandırdıqları Qarabağın Azərbaycan vətəndaşları, Balayan kimilər içərilərinə yeridilmiş daşnakların revanşist çağırışları ilə sabitliyin, sülhün yaranmasına zərbə vurur, bunula da Hayastan rəhbərliyini növbəti sınağa çəkirlər. Ümid edirik ki, müharibədə uduzan Nikol Paşinyan heç olmasa bu sınaqdan uğurla çıxacaq və gizli imzaladığı kapitulyasiya aktından fərqli olaraq özündə sülh müqaviləsini hər kəsin gözü önündə imzalaya biləcək güc tapacaq.

Güllü Yoloğlu, 

Tarix elmləri doktoru, türkoloq 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!