Artıq 2 aya yaxındır ki, Laçın-Şuşa yolunda davam edən aksiyalarda Azərbaycan öz haqq səsini dünyaya çatdıra bilib. Bir sıra QHT-lər və vətəndaş cəmiyyətlərinin başlatdığı məlum aksiyalardan sonra bu haqq yürüşünə gənclərimiz də qoşulub.
Onların soyuğa və şaxtaya baxmayaraq, ərazilərimizdə törədilən erməni vandalizminə qarşı etiraz səslərini ucaltması, habelə hər cür erməni qarayaxma kampaniyasının qarşısında sipər durması xalqımız üçün dönüş nöqtəsi ola bilər.
Yenisabah.az-a açıqlamasında aksiya iştirakçısı, hərbi ekspert Telman Qasımov da eyni rəyi bölüşüb. Pepperoni pizza
Onun sözlərinə görə, ötən il dekabrın 12-də başlanan aksiyalardan onlar estafeti gənclərimizə verdilər və hazırda orada dayananlar tələbələr və gənclərimizdir:
“Xüsusən də buraya gənclərimizin və tələbələrimizin cəlb olunmasının əsas məqsədlərindən biri budur ki, onlar bu aksiyada iştirak etsinlər. Beləliklə də onlar həm təcrübələr toplayır, üstəlik, Ermənistanın apardığı anti-Azərbaycan təbliğatı ki var, həmçinin, gənclərimiz bununla ermənilərin yalanlarını da ifşa edirlər. Yəni biz meydanı gənclərimizə verdik. Bununla da ermənilərin Azərbaycana qarşı apardığı qarayaxma təbliğatının qarşısını gənclərimiz aldı”.
T. Qasımova görə, bu gün gənclərimiz olduqca aktivdirlər:
“Onlar soyuğa, şaxtaya baxmayaraq, orada davamlı olaraq dinc aksiyanı davam etdirirlər. Xüsusən də 44 günlük müharibədən sonra görürəm ki, Azərbaycan gəncliyində yeni bir ruh yaranıb. Onların vətənpərvərlik hissləri və ruhları yüksək səviyyədədir.
İndi aksiyalar davam edir və nə vaxt məsləhət bilinərsə, aksiya dayanacaq, bilinməsə də yenə də həmişəki sürətdə davam edəcək. Əsas odur ki, Azərbaycan gəncliyində bu ruh, istək və arzu yüksək səviyyədədir. Gənclərimizin orada olmağı mənim üçün çox sevindirici bir haldır”.

Müsahibimiz hesab edir ki, bu aksiyalar gənclərə vətənpərvərlik hissinin aşılanmasında böyük bir təsir bağışladı:
“Bu aksiyalardan sonra həmin gənclərin həyatında böyük dəyişikliklər olacaq. Ümumilikdə onların dünyaya baxışları, eləcə də praktikaları üçün bu, olduqca əhəmiyyətli və vacib bir məsələdir. Bizim gənclik dövrümüz 1988-ci ildəki Meydan hadisələrinə düşdü. Bu, mənə o dövrü xatırlatdı ki, biz də bunlar yaşdaydıq ki, bayraqlar əlimizdə rus əsgərlərinin qarşısına çıxdıq, etirazlarda iştirak etdik. Mən bir anlıq o dövrə qayıtdım ki, 35 il bundan qabaq başlanan hərəkət indi də davam edir”.
“35 il bundan öncə meydanlara çıxmağımızın səbəblərindən biri də bu idi ki, Topxana meşəsində ermənilərin vandalizm törədirdilər. Buradakı əsas tələblər və problemlər Topxana meşəsinin ermənilər tərəfindən kəsilməsi idi. Yəni həmin o Meydan hərəkatı, həmin o məsələ sadəcə olaraq ekologiyamıza ziyan vurulmasıyla başlamışdı. Sonra 1990-cı ildəki yanvar hadisələri, müstəqilliyimizin əldə olunması və s.”, – deyə tarixin tətkrarlandığını vurğulayıb.
O, əlavə edib ki, 35 ildən sonra indiki nəsil yenidən Qarabağda həmin separatçı rejim tərəfindən ekologiyamıza vurulan ziyanın qarşısını almaqdan ötrü yenə də bayraqlar əllərində rus əsgəriylə üz-üzədirlər:
“Bu səfər Bakıda yox, elə məhz Qarabağın özündə etirazlarını bildirirlər. Təbii ki, bu, onların yaddaşında ömürlük həkk olunacaq. Bu, bir tarixdir ki, yaşayırlar, eləcə də böyük bir addım və təcrübədir. Bir də ki, rus əsgərini görmək, onunla üzləşmək, ünsiyyət qurmaq da burada var”.
Eskpertin qənaətinə görə, ruslar artıq 2 ildir ki, Qarabağdadır:
“Bu 2 ilin ərzində heç təsəvvürlərində belə yox idi ki, Azərbaycan gəncliyi necə ola bilər, hansı formada özünü apara bilər. Həmin sülhməramlıların özləri belə təəccübləndi ki, Azərbaycnaın belə gəncliyi var imiş. Həm rus, həm də ingilis dilində şüarlar səsləndirir, belə səviyyəli, geyimli-keçimli, iradəli, cəsarətli gənclərimiz var. Bunlar hamısı onlara görkdür. Çünki 2 ildir ki, erməni tərəfi ruslara bizimkiləri vəhşi, adamyeyən kimi təqdim edirlər. Amma indi ruslar görürlər ki, erməni 2 ildir bunlara yalan danışırmış ki... Bunlar necə gözəl, mədəni bir millətdirlər, bunların nə gözəl və ağıllı gəncləri var ki, onlar o soyuqda və şaxtada bir addım belə geri çəkilmirlər”.
Mütəxəssis iddia edib ki, bunların hamısı uzun illər məktəblərdə aldıqları təhsildir, eləcə də sosial şəbəkələrdə aparılan təbliğatında fonunda bu hisslər gənclərimizdə yaranıb:
“Doğrudur, avara gənclərimiz də çoxdur; onlar da ağıllanıb bunlara qoşulsaydılar, çox gözəl olardı. Mən hər zaman fəxr etmişəm ki, gələcəyimiz onların əlindədir. Onların təcrübəsi olmalıdır ki, bu vətəni, torpağı necə saxlamaq olar, bilsinlər. Bu baxımdan, gənclərimiz tərəfindən həm ermənilərin Azərbaycan əleyhinə apardığı mif darmadağın oldu, həm də ki, bu, gənclərimiz üçün praktiki bir təcrübədir”.
Milli Məclisin deputatı Arzu Nağıyev isə söyləyib ki, gənclərimiz orada iştirak etməsi elə vətənpərvərlikdən doğan bir amildir:

“Çünki Azərbaycanın ən ciddi problemlərinin həllində bu, həm ekoloji terrorla, eləcə də ərazi bütövlüyümüzlə bağlıdır. Ən əsas məsələ isə bunun Qarabağla bağlı olmasıdır. Əgər bütün bunlarda gənclərimiz iştirak edirsə, bundan böyük vətənpərvərlik ola bilməz. Bu gün hava şəraitinin belə ağır olmasına, o cümlədən 44 günlük müharibənin fəsadlarına baxmayaraq, orada da gənclərimiz idi, burada gənclərimizdir. Yəni hər kəs öz cəbhəsində Azərbaycan, dövlətçilik və dövlətimiz üçün əlindən gələni edir. Mənə çox xoşdur ki, öndə gedən, əsasən, gənclərimizdir.
“Gənclərimiz 44 günlük müharibədə də öz güclərini göstərdilər. İndi də həmin gənclər qəlblərində alışıb-yanan vətənpərvərlik duyğularıyla oradakı soyuğa, şaxtaya müqavimət göstərərək, haqqlarımızı dünyaya çatdırır. Bu da mənə elə gəlir ki, çox möhtəşəm bir şeydir”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız