“Onları qətlə yetirən çörəkpuludur” 

“Onları qətlə yetirən çörəkpuludur” 
İyul 7, 2019 13:27
Oxunma sayı: 467

“İkinci Mahmudun faciəsi göstərdi ki, ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşanır. Söz və mənəviyyat adamlarını bir-bir cənginə çəkib udan bu böhranın əsas səbəbi maddi problemlərin törətdiyi dərin depressiyadı”. 

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Murad Köhnəqala deyib. O, bildirib ki, yazıçı öz əsərləri ilə cəmiyəti özünə göstərən, həmçinin mənəvi baxımdan təmizləyən, distillə edən adamdı. 

“Bu mənada, yazıçının ürək tutmasından ölməsi də hardasa, başadüşüləndi. Amma bizdəki kimi yox! Bu formada, bu yaşda yox, bu şəraitdə, bu üsullarla yox! 

Əslində, bizdəki ölümlər ölüm deyil, qətldi. Düzdü, vaxtsız və haqsız ölümlər bizim ədəbi nəsildə də oldu, ancaq Telman Alıyev, Akif Səməd, Hüseyn Əfəndi, Adil Mirseyid, Mehdi Bəyazid, Sabir Sarvan, Elçin Səlcuq, Şaiq Vəli... 

İndi isə intihar edən, xəstəlikdən dünyasını dəyişən yazıçı-şairlərimizin əksəriyyəti gənclərdi. Bu gənc, işıqlı, istedadlı adamları məhz, çörəkpulu öldürür! Bəli, çörəkpulu adlanan o məcburiyyət, o məhrumiyyət, o zillət! Ailədə problem yaradan da, içkiyə qurşandıran da, psixikanı darmadağın edən də, adamı 17-ci mərtəbəyə dırmaşdıran da o zəhrimara dönmüş çörəkpuludu! 

Yazmaq istəyirsən, çörəkpulu qoymur, yaşamaq istəyirsən, çörəkpulu qoymur, adını yaza bilməyən savadsız bir uşağı başının üstünə müdir təyin edirlər, danışa bilmirsən, çörəkpuluna görə susursan, ürəyin partlayır, bağırırsan, ağzını tıxayırlar! Əlbəttə söhbət 40 qəpiklik zavod çörəyindən yox, birbalaca əl-qol açmağa imkan verən iqtisadi nəfəsdərmədən gedir.

Bizə deyirlər ki, get daş daşı, hamballıq elə! 

Biz onsuz da bu cəmiyətin hamballarıyıq. Daş daşıyanın da, qızıl unitazda oturanın da yükünü dartan bizik. Ancaq bundan pul qazana bilmirik, çünki bizim səlahiyyətli məmurlar, milli burjuaziya pulu ədəbiyata, mədəniyətə, elmə yox, bayram nurlulara xərcləyir. Yazıçısına "get daş daşı!", filosofuna "get kartof sat!" deyənlərin cəmiyyəti necə olmalıdır ki? 

Eybi yox. Biz yavaş-yavaş infarktdan, beyinə qansızmadan, alkoqoldan ölüb gedəcəyik. Sizsə kartof satan filosofların, daş daşıyan yazıçıların, bədənini satan anaların, vicdana və qanuna tüpürən harın məmurların rəzil vətənində yaşayacaqsız”.

Yenisabah.az