Ötən həftədən etibarən Türkiyə və Rusiyada meşə yanğınları baş verir. Artıq təkcə bu iki qonşumuzda yox, İranda, o cümlədən ölkəmizin mərkəzi hissəsi, şərqi və cənubunda da yanğınlar qeydə alınır.
Məsələn, Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın artıq Şamaxı rayonu ərazisinə keçib. Yolsuzluq və çətin relyef şəraiti isə sürətlə yayılan yanğının söndürülməsində böyük maneə yaradır.
Yanğın dağlardakı meşəlik əraziyə keçməmiş olsa da, belə bir təhlükə ilə üz-üzə qalmağımız hər an mümkündür. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolağında bir neçə gündür baş verən yanğın isə hələ bu gün söndürülüb. pizza hut
Yanğının tez-tez coğrafiyasını dəyişməsi, söndürülmə prosesinin bir neçə gün çəkməsi isə yaranacaq ekoloji problemlər səbəbilə böyük narahatlıq doğurur. Yay aylarında bir tərəfdən isti hava şəraiti, digər tərəfdən insanların istirahət üçün meşələrə üz tutarkən davranışlarını yanğın təhlükəsini nəzərə alaraq tənzimləməməsi bu kimi xoşagəlməz halların yaşanmasına gətirib çıxarır. Bunlar isə özlüyündə yanğına səbəb olan nöqsanların aradan qaldırılması məsələsini aktuallaşdırır.
Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən ekoloq Telman Zeynalov ilk əvvəl ölkədəki yanğınların ekoloji tarazlığı ciddi şəkildə pozacağını vurğulayıb:
“Həmçinin oksigen qıtlığı yarana bilər. Əgər mən qonşunun yaratdığı oksigendən istifadə edəcəmsə, məcbur olacam ki, onlara vergi verim. Bir sözlə Azərbaycan dövlətini vergiyə otuzduracaqlar. Çünki bizdə o qədər də meşəlik ərazi yoxdur. Qanunla rəhmətlik Həsən Əliyev dövründə meşəlik ərazi 11 faiz idi. İndi deyirlər ki, guya 12-14 faizdir, amma yalan deyirlər. Onu SSRİ dövründə mütəmadi olaraq öyrənirdilər, indi isə Azərbaycanda elm ölüb”.
Telman Zeynalov hesab edir ki, meşə yanğınları, əsasən, iqtisadiyyatla bağlıdır:
“Kimsə dövlətdən torpaq və ya mal-qarasını otarmaq üçün meşə ərazinin bir hissəsini istəyir, amma ala bilmir, belə olanda isə meşəni yandırmağı seçir. Yəni ortada insan faktoru var. Meşələr qəsdən yandırılır. “Mənə vermirsənsə, imkan verməyəcəm ki, başqasına verəsən”,.-deyirlər.
Yaxud bir də görürsən, sıravi insan gedib meşəlik ərazidə istirahət edir, siqaret kötüyünü oraya atır və ya yemək üçün od qalayır. Nəticədə meşə yanmağa başladı. Heç vaxt isti hava meşə yanğınına səbəb olmaz, istər istilik 60 dərəcə olsun, bu, baş verməz. Çünki meşənin özündə yaranan rütubət imkan vermir ki, meşə yansın. İldırım belə meşənin içərisində sadəcə bir ağacı yandıra bilər, çünki od başqa yerə yayılmır. Ancaq qəsdən yandıranda od yayılır”.
Mütəxəssis düşünür ki, yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində dövlət ciddi addımlar atmalıdır:
“O şəxslər ki meşəni qəsdən yandırır, onları tutub camaatın qarşısında güllələmək lazımdır ki, digərlərinə ibrət dərsi olsun. Rüşvət alıb sərbəst buraxmaqla iş həll olmur. Belə olanda sabah təkrar yandırırlar. Çünki hər bir şəxsin arxasında yuxarından kimsə durur. Dövlət qəti addım atmalıdır, başqa çıxış yolu yoxdur. Əgər bunu etsələr, ekoloji problemlər 100 faiz həll olacaq. Yanmış əraziləri təbiət özü bərpa edəcək. Təbiətə müdaxilə etməsinlər, ümumiyyətlə, hər kəs öz ağlına gələni etməsin. Təbiəti yaradan Allahın qanunu var”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev də öz növbəsində baş vermiş yanğınların ekoloji tarazlığa mənfi təsir göstərdiyini diqqətə çatdırıb:
“Atmosfer, fauna və bitki aləminə baş vermiş yanğınlardan ciddi ziyan dəyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası “Yanğın Təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, yerli icmalar və könüllu dəstələri bu prosesə cəlb olunur.
Hər bir qurum üzrə yanğına cavabdeh şəxs təyin olunur, gündəlik, saatlıq reydlər təşkil olunur, növbəlilik, gücləndirilmiş iş qrafiki əsasında fəaliyyət göstərilir. Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, meşəətrafı ərazilərin minerallaşdırılması üçün müvafiq tədbirlər görülür”.
Həmsöhbətimiz bildirib ki, 90 faiz yanğın faktı insan təsirindən baş verir:
“Bu səbəbdən əhalindən bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edirik”.
Sayad HƏSƏNLİ
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanmışdır
Telegram kanalımız