“Onların düşüncəsi sağlam deyil“- Musa Quliyev

“Onların düşüncəsi sağlam deyil“- Musa Quliyev

Sosial Veb saytların hazırlanması

11 Fevral 2019 17:07 950


Prezident İlham Əliyev son günlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı iki mühüm sərəncam imzalayıb. Bunlardan biri əmək pensiyalarının indeksləşdirilməsi, digəri isə minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlardır. 

Bir neçə gündür, xüsusilə minimum aylıq əmək haqqının artırılması əsas müzakirə obyektlərindəndir. Bunu müsbət addım kimi dəyərləndirənlərlə yanaşı, əksini düşünənlər də var. Belə ki, yalnız gəlirlərin deyil, xərclərin də artacağı kimi fikirlər səslənir. Təbii olaraq, bu da əhalidə narahatlıq yaradır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Yeni Sabah”a açıqlamasında  bu cür düşüncələrin sağlam olmadığını və xoş niyyət ifadə etmədiyini deyib:

“Dünən bu fikirləri səsləndirən adamların hamısı maaşların niyə aşağı olduğunu sorğulayırdılar. Amma maaş artsa, xərclərin artacağından və ya inflyasiyanın yaranacağından söz açmırdılar. Təbii ki, insanın çox maaşı olanda çox da xərcləyir. Dövlət də elədir, büdcəsində çox pul olanda, xərci də çox olur.  Maaşın artması insanın daha rahat və yaxşı yaşaması üçündür.  İnsanların pullarından çox və ya az istifadə etməsi özlərindən asılıdır. Kimi pulunu sabahına saxlayacaq, kimi xərcləyəcək və.s”.

Deputat qeyd edib ki, minimum əmək haqlarının artması  inflyasiya yaratmayacaq:

“Biz  zamanla bunun şahidi olacağıq. İnsan xərclərinin artması təbii bir şeydir. Amma bahalıq olacaq , əmək haqlarının artması ilə paralel digər xərclər də artacaq kimi  fikirlərin səsləndirilməsi üçün səbəb görmürəm. Əsas odur ki, insanlarımızın sosial rifahı 30-40 faiz yaxşılaşacaq”.

Qeyd edək ki, Azərbaycanda minimum əmək haqqının məbləğinin artımını ehtiva edən Sərəncama əsasən, 2019-cu il martın 1-dən 50 manat (38,5%) artırılaraq 130 manatdan 180 manata çatdırılacaq. Minimum əməkhaqqının artımı ümumilikdə 600 minədək insana şamil olunacaq.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!