İnsanların istirahət üçün üz tutduqları məkanı zibilləməsi, məişət tullantılarını piknik etdikləri yerə atması halları ilə bağlı dəfələrlə həm mətbuatda, həm də sosial şəbəkələrdə paylaşımlar edilib. Həmin şəxslər isə böyük ictimai qınaqla üzləşiblər. Lakin təəssüf ki, bu hal hələ də müşahidə olunmaqdadır.
Artıq yay fəslini yaşamadayıq. Bu da o deməkdir ki, insanlarımız bölgələrə, eləcə də Bakı çirməliklərinə artıq yavaş-yavaş üz tuturlar. Deməli, yuxarıda sadalanan problemlərin yenidən baş verməsi də istisna edilmir.
Mövzu haqda Yenisabah.az-a danışan “Çöl adamı” televerilişinin aparıcısı, ovçu Kamal Dəniz deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) istənilən milli parklarda və qoruqlarda piknik yerləri var: pizza
“Orada insanlar üçün şərait yaradılıb, ocağı harada qalamaq lazımdır, yeməyi nə cür hazırlamaq olar və s. göstərilib. Sadalığım nümunələr isə milli parklarda və qoruqlarda nəzarət altındadır.
Ancaq indi hər çayın və gölün qırağında piknik edirlər. İstənilən yerdə, meşədə tonqal qalamaq olmaz. Çünki torpağın alt qatında üzvi maddələr – torf var. Yanğın vaxtı da ən çətin söndürülən həmin o torfdur. Çünki Rusiya meşələrində elə yerlər var ki, 8-12 metr torpağın altı yanır. Onu söndürürsən, suyu üzərindən vurursan, amma yenə də tüstüləyir”.
K. Dənizin sözlərinə görə, nəzarətə gəldikdə isə bu, ilk növbədə, insanlar tərəfindən olmalıdır:
“Yəni su hövzələrində, meşələrdə, çay kənarı ərazilərdə insanlar buna nəzarət etməlidir. İnsanın beyninə yerləşdirmək lazımdır ki, özünlə gətirdiyin sellofan paket, kağız, nə olur-olsun, istənilən bu şeyləri özünlə qaytarıb aparmalısan. Burada ETSN-in də bəzi çatışmazlıqları var. Onları da qınamıram, çünki bir regional ekologiya idarəsində 8-10 nəfər işləyir, lakin ərazi böyükdür. Lazımdır ki, cürbəcür plakatlar quraşdırılsın, yazılar yazılsın. Eləcə də tarixi abidələrin ətrafında mütləq və mütləq bu nişanlar olmalıdır.

Burada balıqçılar da günahkardır. Plastamas qabda qurd gətirirlər, sonra da hamısını orada atıb qayıdırlar. Suyun üzərində sellofan paketlər olur. Məncə, bu, ləğv edilməlidir, amma başqa alternativ variantımız da yoxdur. Bunu efir vasitəsiylə insanların beyninə yeritmək lazımdır. Bu təbiət bizimdir”.
“Çöl adamı” əlavə edib: “Biz harada çəkiliş aparırıqsa, həmin ərazini təmizləyib sonra çəkilişə başlayırıq.
Mənə elə gəlir ki, həm ETSN, həm də dövlət tərəfindən mütəmadi verilişlər hazırlanıb efirə buraxmaq lazımdır ki, insanlar maariflənsin. Lakin bu, bizdə yoxdur. Mən bilmirəm, televiziyalar bununla niyə məşğul olmur?! Müştərək olaraq ETSN, Kənd Təssərrüfatı Nazirliyinin bu barədə verilişləri olmalıdır.
İnsanlar içdikləri, yedikləri şeylərin qablarını çölə atırlar. Hətta yaşlıları da görürəm ki, maşınla gedir, əlindən gələni atır yola. Problem maarifləndirmədir, çünki bu, yoxdur. Yaxud bunlar üçün dövlət tərəfindən xüsusi cərimələr tətbiq olunmalıdır. Mən deyərdim, hətta insanlar bir-birini bu barədə şikayət etməlidirlər. Məsələn mən gedirəm, öndə maşın gedirsə və əlindən yola nəyisə atıbsa, mən onun nömrəsini çəkib ötürməliyəm DYP-yə ki, bunlar yığışdırılsın. Hansı ki, Finlandiya və İsveçdə belədir. Mən Finlandiyada çox olmuşam, adi siqaretin kötüyünü yerə atırsan, səni qabaqda polis saxlayır ki, yeri zibilləmisən”.
Problemlərin çox olduğunu deyən tanınmış ovçu, həmçinin, onu da əlavə edib ki, bu şeyləri ETSN-in üstünə atmaq da düz deyil:
“Heç olmasa, bir dəfə Şəmkir çayının yanına gedin, sizi vahimə basar. Yaxud Qazaxda Gəmiqaya deyilən yer var. Bütün zir-zibili Kürə tökürlər, amma Kürdən bütün Azərbaycan içməli su kimi istifadə edir. O qədər yerlər ki, ETSN-in gözündən yayınır, bunu çatdıra bilmir. Bu, yerli icra orqanlarının, əsasən də, bələdiyyələrin günahıdır. İstənilən rayon ərazisində tullantılar üçün poliqonlar var, amma asan olsun deyə harada gəldi yolun kənarına tökürlər”.

Tanınmış ekoloq, alim Sadiq Həsənov isə məsələyə belə şərh verib: “Yay fəsli ilə bağlı turizm sezonu gəlir, insanlarımızın təbiətə getmələri intensivləşir və çoxalır. Bu zaman da çox vaxt insanlarımızın məsuliyyətsizliyi ucbatından ətraf-mühitə, meşə massivlərinə zərər vurulur. Bəzi yanğınlar tördilir, eyni zamanda təbiətə plastik tullantılar atılır, eləcə də qida qalıqları və s.
Bildiyiniz kimi, bu dəqiqə dünyada plastik tullantı çox böyük problemdir. Bütün dünyanın ekoloqları, eləcə də dövlətimiz bu işlə məşğuldur və onun azaldılması üçün tədbirlər görülür. Çünki plastik maddə uzun müddət ətraf-mühitdə qalır və üzvi maddə olmadığına görə torpaqda həll ola bilmir, bu da öz növbəsində, problemlər yaradır. Bu, həmçinin, torpaqla günəşin arasındakı əlaqəni pozur, eləcə də su sistemlərinə düşməklə müxtəlif çirkləndirici maddələrin yaranmasına səbəb olur”.
Mütəxəssis əmindir ki, üzvü maddələrin atılması da ətraf-mühitə bioloji zərər verir və çirkləndirir:
“Eyni zamanda çirkab sularının dənizə axıdılması dənizin çirklənməsinə səbəb olur. Bildiyiniz kimi, Xəzər dənizi həddindən artıq çirklənmiş bir vəziyyətdədir, xüsusən də yay sezonunda. Maarifləndirmə aparılır, lakin yenə də qaydalar müəyyən mənada sərtləşdirilməlidir.
Tutaq ki, Avropada maşınla harayasa gedəndə və ya hansısa əşyanı çölə atanda avtomatik olaraq arxada gələn avtomobil zəng edir, xəbər edir polisə və səni cərimələyirlər. Düzdür, bu metod Azərbaycanda işləməyəcək, ancaq hər halda insanlarımızın məsuliyyətli olması üçün bu sahədə vətəndaş təzyiqi lazımdır ki, bu kimi neqativ hallar baş verməsin.
Çimərliklərə gedirsən baxırsan ki, qida qalıqları, plastik və digər tullantılar, hara gəldi atılmış sellofanlar. Bu da həm ətraf-mühitə mənfi təsir göstərir, həm də ekoloji mühiti – dəniz və çay sularımızı korlayır”.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız