Prezidentin fərmanı media sahəsində nəyi dəyişəcək?
13 Yan 2021 16:28
1128

Prezidentin fərmanı media sahəsində nəyi dəyişəcək?

“İstər koronavirusa qarşı mübarizə tədbirlərinin təbliğində, istərsə də 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fədakarlığa görə media dövlətin diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə  dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanlarına, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycan reallıqlarının təbliği baxımından zəngin mənbə kimi dəyərləndirildi.”

“Yeni Sabah” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib. KİV-ə açıqlamasında bildirib. Medianın İnkişafı Agentliyinin yaradılması haqda qərarı şərh edən baş reedaktor qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun  təkmilləşmə uğurla həyata keçirilir: “Bu gün  Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir. 

Məhz son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi mətbuatın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan irəli gəlir.

İnternet jurnalistikası inkişaf edir. Statistikaya müraciət etsək, görərik ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır.  Bu statistik rəqəmlər  Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olmasının təsdiqidir. 

Birmənalı qeyd etmək olar ki, bu addım  Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Həyatımızın bu sahəsində müəyyənləşdirilən  kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaq”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər