Qadınlar hakimiyyətdə: Azərbaycanda gender balansı necə qorunur?

Qadınlar hakimiyyətdə: Azərbaycanda gender balansı necə qorunur?

Sosial Veb saytların hazırlanması

29 Noyabr 2023 15:15 371


Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra ölkədə qadınların inkişafına dair müxtəlif proqramlar hazırlanmış və onların ictimai-siyasi və sosial sferada fəaliyyəti ilə bağlı yaranmış bir çox məhdudiyyətlər aradan götürülüb.

Doğrudur, uzun illər ölkənin bir çox bölgələrində qadınların özlərini sosial və iqtisadi cəhətdən təmin etməsində bir çox əngəllər və mentalitet qanunları özünü büruzə versə də, dövlət tərəfindən aparılan layihələr, eləcə də gender bərabərliyi siyasəti nisbət fərqini bir xeyli minimuma endirməyi bacarıb.

Qadınların bir çox sahələrdə, o cümlədən Qeyri-hökumət Təşkilatları, habelə vətəndaş cəmiyyətlərində söz sahibi olması, rəhbər vəzifələrdə çalışması dövlət üçün bu sahənin hansı dərəcədə prioritet təşkil etdiyini sübut edib.

Bu yaxınlarda Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da bildirmişdi ki, Azərbaycanda QHT-lərin 39 faizi qadınlar tərəfindən idarə olunur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, necə ki ailə quruculuğu qadınların əlindədirsə, QHT sektorunda da onların üstünlük təşkil etməsi gözəl bir haldır:

“Çünki ailəni idarə edən qadındır, ailədə baş verən problemlərin bütün yükünü qadın çiyninə götürür. 

Ona görə də vətəndaş cəmiyyətlərində çoxlu qadınlarımız işləyir ki, cəmiyyətin quruculuğunda aktiv iştirak edib insanları cəlb etsin. Yəni qadın necə ailədədirsə, eləcə də QHT-lərdə mövcuddurlar”.

QHT sədrinin sözlərinə görə, 20 ildir ki, qadınlarımızda özlərinə inam artıb, özlərini lider kimi hiss ediblər:

“Məhz buna görə də vətəndaş cəmiyyətlərinin çoxunun sədrləri qadınlardır. Biz neçə illərdir ki, bu sahədə qadınların sayının artırılmasına çalışırıq. 

Birinci ildə bələdiyyələrdə 4% qadın çalışırdısa, ondan sonra 27% təşkil etdi. İndi isə 30%-dən çoxdur. Qadınlar vəzifəyə getmək üçün öz üzərində çalışırlar”.

“Amma bu, kişilər tərəfindən qısqanclıqlar sezilir. Ona görə də qadınların hakimiyyətdə yetərli şəkildə təmsil olunması yoxdur. Biz illərdir ki, gender bərabərliyi üzərində çalışmışıq və sona qədər də bu mübarizəni davam etdirəcəyik. 

Bu gün ölkədə qadın deputatlar və nazirlər azdır. Hökumətdə qadınlar var, amma ikinci roldadırlar. Bizim istəyimiz ilk pillədə qadınların idarəedici olmasıdır ki, hazırda bu, Azərbaycanda yoxdur. Ümidvaram ki. Yaxın perspektivdə bunlar olacaq”, – deyə, hüquq müdafiəçisi əlavə edib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə söyləyib ki, QHT sahəsində çalışmaq, əsasən, insanların öz seçimidir:

“Deməli, ictimai fəallıq daha çox qadınlarda özünü büruzə verir. Bu tendensiya həm təhsil sektorunda, həm də səhiyyədə mövcuddur. Əsasən də təhsil sektoru ictimai fəallığa olduqca yaxın olduğuna görə, xanımlar burada üstünlük təşkil edir. O cümlədən kiçik xanım sahibkarların da bu gün üstünlük təşkil etməsi görünür”.

Birlik sədrinin fikrincə, bunlar içdən gələn istəklərdir:

“Vaxtların düzgün bölünməsi, sərbəst fəaliyyətin formalaşması, sərbəst qrafiklə çalışmaq, cəmiyyətə daha çox yararlı olmaq qadınlar tərəfindən müvafiq ictimai fəallığı ortaya qoyur. Beləcə də QHT-lər əvvəlcə təşəbbüs qrupları, sonra isə QHT kimi formalaşır”.

K. Ağazadə onu da vurğulayıb ki, burada qadınların aktivliyi və müsbət tərəfləri çoxdur:

“Mənə elə gəlir ki, kişilər daha çox vəzifələri üstün tuturlar, daha çox peşələrinə uyğun formalaşmağı əsaslandırırlar. Bu gün QHT istiqamətində o qədər çoxlu fəaliyyətlər var ki, qadınlar daha çox özlərini bu sektorda görmək istəyirlər. 

Eləcə də qadınların ictimai fəallığında onların hansısa dövlət qurumlarından bu sahəyə transfer olması məsələsi var. Qadın psixologiyasına gəldikdə isə burada hər kəs öz bacarığına uyğun formalaşır. Onun yeri də istər QHT sektoru, istərsə də dövlət qurumunda gözə çarpır, görünür. O baxımdan, mən burada fərqliliyin olduğunu deməliyəm”.

“Deyim ki, bu sahədə qadınlar mütləq şəkildə olmalıdır və s., xeyr, elə bir şey yoxdur. Kimin istəyi harada və necə formalaşırsa, özünü necə görmək istəyirsə, elə də olur. Mən zamanında dövlət sektorunda da çalışmışam. Tam səmimi şəkildə deyə bilərəm ki, bu gün özümü QHT-də daha rahat hiss etdiyim qədər əvvəlki iş yerimdə hiss etməmişəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!