Ötən gün işdən çıxandan sonra bir qohumum (Əli – adlar şərtidir.) ilə görüşməyi planlaşdırırdım. Xülasə, başınızı ağrıtmayım, getdim, 28 Maya. Təxminən 10-15 dəqiqə onu gözlədim.
Əslində, planım fərqli idi, amma insan heç bir zaman başına nələrin gələcəyini bilmir. Hər nə isə. Bir də gördüm Əli bir neçə dostu ilə gəlir. Öncə elə bildim, onlar bununla deyillər, başqa adamdırlar, sonra gördüm ki yox, Əli mənə yaxınlaşandan sonra onlar da yaxınlaşıb salam verdilər. Hətta birisi (Maqa) məni tanıdı və tanışlıq verəndə dedi ki, sənin həmkəndlinəm. Nə başınızı ağrıdım, bu Maqa başladı özünü tərifləməyə. Ay mənim belə kruqum var, elə kruqum var, ortalıq uşaqlarıyıq, gəlinlərim çoxdur və s.
Sırf maraq xatirinə də düşdüm bunların dalınca. Axı jurnalist marağı adama hər şeydən üstün gəlir. Maqa, onun dostu, Əli və mən başladıq şəhəri gəzməyə. Sahil bağı, “Tarqovoe” və sonda da gəldik “Malakan bağı”na. Elə əsl məsələ də burada başladı. “Malakan bağı”nı hamınız xatırlayırsınız. Orada xüsusi beli mərmər olan oturacaqlar var ki, el arasında “qaqa” dediyimiz tipajlar saat 6-dan gecə 1-ə qədər burada fırlanır. Əllərində “Bizon”, eləcə də başlarından böyük təsbeh, ciblərində 1 paçka “Winchester” ( o da pul olsa...), ayaqda poddelka “Gucci” makasin, altda butalı köynək, üstdə bədənindən böyük jiletka, boyfriend şalvar, beldə bıçaq, yaxud “kəpənək”, saç da çeçenka. Həyat məqsədləri kiminsə balasını bədbəxt etmək, söhbətləri düşəndə onları bıçaqlamaq, onun-bunun qızı haqqında olmazın fikirlərini söyləməkdir. Sözün düzü, bununla fəxr də edirlər. Birisi deyir, mən 3 dəfə bıçaqlanmışam, o birisi deyir 5 dəfə, birisi deyir “n” qədər tutduğum gəlinim var, o birisi deyir qızın şotuna yaşayıram və s. pizza hut
Keçək mətləbə. Gəldik “Malakan”a. Hamı ilə təktəbək salamlaşandan sonra çəkildim kənara söhbətə qulaq asdım. Mövzu da mövzu olsa... Bıçaqdan hədiyyə olmaz, bıçaq satılmaz və s. Çünki həmin çevrədən olan bir uşaq 20 manata başqasına bıçaq satmışdı. 15-20 dəqiqə bunun müzakirəsi getdi. Sonra qaqalardan biri məni tanımadığını deyərək adımı soruşdu. Adımı söylədim. Sonrakı dialoq belədir:
- Belə özün kimlərdənsən, qaqa?
- Maqanın tanışıyam.
- -Hə, Allah canuva dəyməsin, canıvu yeyərəm, brat.
- Allah eləməsin. Var olasan.
- Özün harada işləyirsən?
- Jurnalistəm.
- O yazıb-pozmaq, sayt zad hə, qaqa?
- Hə, elə bir şey.
- Sizdə iş zad yoxdur? Belə kağız daşımağa filan.
- Yox, qardaş, olsa, deyərəm.
- Yaxşı, qaqa. Vallah ən yaxşısını sən edirsən. Bizim kimi avara deyilsən ha?!
- Nə deyim, vallah.
- Brat, üstündə siqetin (siqaret – red.) olmaz?
- Yox, yoxdur.
- Hə, heç bir şey.
Bu dialoqdan sonra bizim Maqa “banda” və “talpa” adlandırdığı uşaqlarla sağollaşdı və üzü “Sahil metrosu”na tərəf yola düşdük. Təbii ki, sonra Maqanın bir söhbəti düşdü və geri qayıtdı və s.
Bu məqamda beynimi qurcalayan suallar çox idi. Bir insan yaşadığı həyatın avaraçılıqdan ibarət olduğunu gülə-gülə də olsa, etiraf edərək bu acı həqiqətlə razılaşır. Lakin bu “qaqa stiqması”ndan da dönmək niyyətləri yoxdur. 1 manata belə möhtac olan, ondan-bundan siqaret dilənən, yaşamaq məqsədləri sadəcə “Malakan”da tum çırtlayıb, siqaret çəkməkdən ibarət olan, hər söhbətdə də “anamın canı” deyən bir kütlə təəssüflər olsun ki, bu ölkənin gələcəyinin bir hissəsidir.
Və biz bu gələcəklə sınanırıq. Təbii ki, bu, bütünlükdə cəmiyyətin, gənclərin belə həyat tərzi keçirməsi deyil. Bununla bərabər onlar da bizim bir parçamızdır. Gələcəkdə də cəmiyyətinizin bir parçası olaraq eyni toplumu təmsil edəcəyik. Bu davranışları ilə topluma bəlkə də rəngarənglik qatırlar. Amma şəxsən mən bu rəngi qəbul edə bilmirəm.
Rafi MÜSLÜMOV
Telegram kanalımız