Qardaşının üzüyünə görə başlayan hadisə qanlı cinayətlə bitdi - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Qardaşının üzüyünə görə başlayan hadisə qanlı cinayətlə bitdi - TƏFƏRRÜAT

Kriminal

30 İyul 2026 01:30 108


Şəmkir rayonunda 16 il əvvəl taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisini öldürməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Turab Vəliyevin məhkəməsi başa çatıb.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, Turab qardaşına məxsus qızıl üzüyü sataraq pulunu xərcləyib. Sonradan üzüyün eynisini alıb qaytarmaq məqsədilə 2010-cu il fevralın 15-də Şəmkir rayonunun Yeniabad kəndindən Gəncə şəhərində yerləşən qızıl-zinət əşyaları satılan univermağa getmək qərarına gəlib.

Həmin gün saat 15 radələrində Yeniabad kəndindən Kür qəsəbəsinə gedərək yol kənarında 1953-cü il təvəllüdlü həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobili saxladıb. Tərəflər Gəncəyə gedib-qayıtmaq barədə razılaşıb və yola düşüblər. pizza sifarişi

İstintaq materiallarına görə, Turab Gəncədə qızıl üzüklərin qiymətləri ilə maraqlandıqdan sonra taksi ilə geri qayıdıb. Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad istiqamətində torpaq yolla hərəkət edərkən yol haqqını ödəmək üçün pulunun olmadığını bildirib və xidməthaqqını 3-5 gün ərzində verəcəyini deyib.

Məhərrəm Həsənov isə onunla kobud danışıb, nalayiq ifadələr işlədib və üzünə şillə vurub.

İttihama görə, bunu özünə qarşı təhqir hesab edən Turab avtomobilin içərisində Məhərrəm Həsənova 11 bıçaq zərbəsi endirib. Məhərrəm Həsənov kəskin qan itirməsi nəticəsində həyatını itirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Turab Vəliyev 11 dekabr 2023-cü ildə narkotik vasitə ilə bağlı saxlanılıb. Bundan sonra onun illər əvvəl törətdiyi ağır cinayətin üstü açılıb.

İstintaq orqanı tərəfindən Turab Vəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 234.2-ci (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Turab Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, Məhərrəm Həsənovun qətli ilə bağlı 2022-ci ildən etibarən təxminən bir il ərzində Baş Prokurorluğa çağırılıb və hər dəfə çağırışa gedib. Sonuncu dəfə isə prokurorluğa anası ilə birlikdə yollanıb.

Turab Vəliyev məhkəmədə əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyini etiraf edib:

"İki ildir namaz qılıram, tövbə etmişəm, narkotikdən uzaqlaşmışam. Məndən analiz götürüblər, qanımda narkotiklə bağlı heç nə aşkarlanmayıb".

Qətl epizodu ilə bağlı ifadəsində isə bunları deyib:

"Məhərrəmi həmkəndlim kimi tanımışam. Yaş fərqimiz çox olduğuna görə yaxın münasibətimiz olmayıb. Mən üzüyü qaynımla birlikdə satmışdım. Avtomobilimin sənədlərində problem vardı. Üzüyü və telefonumu sataraq sənədlərimi qaydasına saldım.

Məhərrəm Həsənovun taksi maşınına minib-minmədiyimi xatırlamıram. Onun ölümü ilə heç bir əlaqəm olmayıb. Məhərrəmin bacısı bizimlə qonşuluqda yaşayırdı. Onu sonuncu dəfə bacısıgilə gələndə görmüşəm. Baş Prokurorluğa gedib-gəldiyim iki il ərzində cinayəti etiraf etməmişəm. Sonradan şəxsiyyətimə yaraşdıra bilməyəcəyim şeylərlə hədələndiyim üçün cinayəti boynuma almağa məcbur oldum".

Turab Vəliyev əlavə edib ki, Məhərrəm Həsənovun öldürülməsindən uzun illər keçdiyi üçün həmin gün harada olduğunu xatırlamır:

"Heç vaxt üzərimdə bıçaq gəzdirməmişəm. Mənim və ailə üzvlərimin nə mərhum Məhərrəm Həsənovla, nə də hansısa polis əməkdaşı ilə ədavətimiz və ya düşmənçiliyimiz olmayıb".

Məhkəmədə Turab Vəliyevin ibtidai istintaqa verdiyi ifadə də elan olunub. O, həmin ifadəsində cinayəti etiraf edərək bildirib ki, Məhərrəm Həsənovun lotereyadan "Daewoo Nexia" markalı avtomobil qazandığını eşidibmiş.

"Kənddə həmin maşınla gəlib-getdiyini görmüşdüm. Bacısı Mehriban bizimlə qonşu idi. Öz evi isə kəndin magistral yoluna yaxın yerləşirdi. Onu mən öldürmüşəm".

Turab Vəliyev ifadəsində bildirib ki, 2010-cu il fevralın 15-i həyatında dərin iz buraxdığı üçün həmin günü dəqiq xatırlayır.

"Həmin gün Yeniabad kəndinə qar yağmışdı, hava soyuq idi. Günortaya qədər evdən çıxmamışdım. Günortadan sonra qızıl üzüyün qiyməti ilə maraqlanmaq üçün Gəncəyə getmək qərarına gəldim.

2009-cu ilin yanvarında hərbi xidmətdən qayıtdıqdan sonra qardaşım Turala son zəng münasibətilə hədiyyə edilən qızıl üzüyü 120 manata satmışdım. Qardaşımın bundan xəbəri yox idi. Bunu biləndə əsəbiləşəcəyini düşündüyüm üçün həmin üzüyün eynisini almaq istəyirdim.

Üzüyü satdığım pula həmin vaxt sözlü olduğum, indiki həyat yoldaşım Nuranəyə hədiyyə almışdım. Onunla tez-tez telefonla danışdığıma görə kontur almağa da pul lazım idi".

Turab Vəliyevin ibtidai istintaqa verdiyi ifadəyə görə, 2010-cu il fevralın 15-də günortadan sonra qardaşına məxsus qızıl üzüyün eynisinin qiyməti ilə maraqlanmaq üçün Gəncə şəhərinə getmək qərarına gəlib.

"Yeniabaddan Kür qəsəbəsi istiqamətində piyada təxminən 15-20 dəqiqə getdim. Qəsəbənin girişində "40 Bulaq" adlanan yerdə Məhərrəmə məxsus avtomobili gördüm. Həmin günə qədər heç vaxt onun maşınına minməmişdim.

Əl edib avtomobili saxlatdım, Gəncəyə gedib-gəlməyin haqqını soruşdum. Üzərimdə pul olmadığını demədim. Avtomobilin qabaq sağ oturacağında əyləşdim və birlikdə Gəncəyə getdik.

Təxminən 30-40 metr getdikdən sonra Məhərrəm Yeniabad kənd sakini İlqarı da maşına götürdü. İlqar evlərinə yaxın yerdə düşdü. Yolda onunla söhbət etmədik. Başımda papaq olduğuna görə üzümü görmədi".

Turabın sözlərinə görə, Gəncədə "Univermaq" adlanan ticarət mərkəzinin arxasında Məhərrəm Həsənov avtomobili saxlayıb.

"Univermaqda təxminən 30-40 dəqiqə gəzdim. Qardaşımın qızıl üzüyünün eynisini tapdım. Qiyməti 170 manat idi. Fikirləşdim ki, işləyib pul yığaram və üzüyü alaram.

Sonra geri qayıtdım. Məhərrəm Həsənovun avtomobilinə minib Yeniabad istiqamətində yola düşdük.

Məhərrəmin asfalt yol olduğu halda niyə torpaq yolu seçdiyini bilmədim. Yeniabad kəndinin kənarı ilə hərəkət edərkən kənd sakini Zilxumar adlı qadının əlində göy-göyərti torbası ilə yola çıxdığını gördük. Məhərrəm avtomobildən ona "Gəl, otur" desə də, qadın "Ayağım palçıqdır, siz gedin" cavabını verdi".

Turab Vəliyevin ifadəsinə görə, Məhərrəmə üzərində pul olmadığını və yol haqqını 3-5 günə verəcəyini deyib.

"O, məni ağır söyüşlərlə təhqir etməyə başladı. Ümumiyyətlə, Məhərrəm söyüş söyən adam idi. Onu inandırmağa çalışdım ki, pulum yoxdur, 3-5 günə gətirib verəcəyəm.

Məhərrəm sol əli ilə sifətimin sağ tərəfinə şillə vurdu. Avtomobildə əlbəyaxa olduq. Maşını saxladı, söyüşlərinə davam etdi və məni vurmağa çalışdı.

Sağ əlimlə şalvarımın bel hissəsində gəzdirdiyim cib bıçağını çıxardım və onun baş, sifət və boğaz nahiyəsinə təxminən 5-8 dəfə zərbə endirdim.

Zərbələrdən sonra o, sol əli ilə məni buraxdı və avtomobili işə salmağa çalışdı. Açarı götürdüm, avtomobildən düşərək kənd istiqamətində qaçdım".

Turab bildirib ki, hadisə yerindən uzaqlaşarkən təxminən 300-400 metr aralıda heyvan otaran bir nəfəri görsə də, onu tanımayıb.

"Qana bulaşmış əlimi qarla sildim. Dəmiryolu boyunca gedərək kəndə girdim. Sonra dostum Elvinə zəng etdim. Evlərindən təxminən 100 metr aralıda görüşdük və hadisəni ona danışdım.

Elvin dedi ki, məni tutacaqlar. Mənə bu barədə heç kimə heç nə deməməyi tapşırdı".

Turabın sözlərinə görə, Məhərrəm Həsənovun öldürülməsi barədə məlumat yayılsa da, 2022-ci ilə qədər bu iş üzrə istintaqa cəlb olunmayıb.

"Rayonda baş vermiş oğurluq hadisələri ilə bağlı bir neçə dəfə polisə çağırılmışdım və həmin vaxt əl-barmaq izlərim götürülmüşdü. Məhərrəmin avtomobilində bir saatdan çox yol getmişdim. Ola bilər ki, barmaq izlərim həmin vaxt avtomobildə qalıb".

O, dostu Elvinin 2012-ci ildən Rusiyada yaşadığını da bildirib.

Turab Vəliyev məhkəmədə şəxsi həyatı ilə bağlı da ifadə verib.

"Birinci həyat yoldaşımdan olan oğlumun atası əslində dostum Elvindir. Arvadım əvvəlcə Elvinlə münasibətdə olub. Hamilə qaldıqdan sonra isə mənimlə münasibət qurub. Məndən şikayət edib həbs etdirəcəyindən qorxduğum üçün onunla evləndim".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turab Vəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib.

Birinci instansiya məhkəməsinin hökmündən həm zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, həm də məhkum apellyasiya şikayəti veriblər.

Zərərçəkmiş tərəf Turab Vəliyevə daha ağır cəza təyin olunmasını istəyib. Məhkum isə hökmün dəyişdirilməsini və daha ədalətli qərar qəbul edilməsini xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!