7 İyul - 03:02
Qırğızıstan və Azərbaycan həmişə bir-birini dəstəkləyir

Qırğızıstan və Azərbaycan həmişə bir-birini dəstəkləyir

Yazar

23 Aprel 2022 17:00 2103


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini diqqətlə izlədikdə bu siyasətin memarının yüksək təfəkkürə, dərin zəkaya malik bir siyasi lider olduğuna bir daha əmin oluruq.

Ümmanlar kimi çalxalanan müasir dünyamızda baş verən proseslərdə iştirak etmək, onu analiz etmək, dövlətinə, xalqına zərrə qədər zərər verməyən siyasi xətt yürütmək doğrudan da böyük qabiliyyət tələb edir. Şükürlər olsun ki, dövlətimizin başçısı bütün bu bacarıqlara malik liderdir. 

Cənab İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri də türkdilli dövlətlərlə münasibətlərin qurulmasıdır. Prezident İlham Əliyevin dəvəti ilə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki türk ölkəsi arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoydu.     
19-20 aprel 2022-ci il tarixlərində baş tutmuş səfər Azərbaycan və Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni bir mərhələsidir. Səfər çərçivəsində hər iki ölkənin gələcək inkişafına xidmət edən müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı. İmzalanmış sənədlər sırasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”u xüsusi vurğulamaq lazımdır. Dövlətlərarası Şura çərçivəsində təkcə iki ölkə deyil, eyni zamanda regional və beynəlxalq problemlər də müzakirə olunacaqdır. 

Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib. Qoşulmama hərəkatı BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə tərəfdaş kimi fəaliyyət göstərmişdir.

Azərbaycan böyük imkanlar yarada bilən müasir nəqliyyat infrasturukturuna malikdir. Elə bir infrasturuktur ki, yüklərin bütün istiqamətlərə, həm şimala həm cənuba həm də qərbə göndərilməsi mümkündür. Tərəfdaş ölkə kimi bu imkanların Qırğızıstan üçün də açıq olduğu bu görüşlərdə bir daha vurğulandı. Görüşdə kənd təsərrüfatı sahəsində, energetika sahəsində  əməkdaşlığın perspektivləri də müzakirə olundu. Vurğulandı ki, təcrübə və səylərini birləşdirilmək  hər iki ölkə üçün xeyirli olardı. 

İlham Əliyev görüşdə demişdir: “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmamışdır. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”. 
İnanırıq ki, ölkələr arasında səmərəli əməkdaşlıq daha yaxşı bir dünya qurulmasına töhfədir.

Rahidə İsmixanova, 

S.Abdullayev adına 290 № li tam orta məktəbin direktoru


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!