Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Xudafərin" qəzetinin baş redaktor müavini, Biləsuvar rayonunda salınmış Cəbrayıl qəsəbəsində müvəqqəti məskunlaşmış şair-publisist Hidayət Səfərli ilə müsahibə:
- Hidayət müəllim, regionlarda yaşayan şəhid ailələrinin və müharibə əlillərinin hansı problemləri var? Onları necə sıralamaq olar?
- Ölkəmizdə şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunub. Cənab Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır və məmurlara da bu həssas təbəqəyə qayğı ilə yanaşmağı tapşırır. Amma bu sahədə hələ də həllini gözləyən problemlər var. Bu problemlər regionlarda daha qabarıq nəzərə çarpır. Bölgələrdə başlıca problem işsizlikdir. Belə ki, mövcud olan iş yerləri ilk növbədə şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunur. Ancaq belə iş yerləri olduqca məhdud saydadır. Şəhid ailələrinin, xüsusilə müharibə əlillərinin qarşılaşdığı ikinci əsas problem tibbi müəissələri və nümunəvi tibbi xidmətin olmaması ilə əlaqədardır. Onlar müalicə üçün paytaxta və digər böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalırlar. Üşüncü başlıca problem dərmanların baha olması ilə bağlıdır. Əlillərin cəmiyyətə inteqrasiyası şəhərlərə nisbətən bölgələrdə daha aşağı səviyyədədir. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil - məişət şəraitinin yaxşılaşdırılması sahəsində də təxirəsalınmaz tədbirlər görülməlidir. pizza
- Sizcə, həmin problemlərin həlli üçün hansı addımlar atılmalıdır?Bölgələrdə yaşayan şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün hansı təklifləriniz var?
- Bu problemlərin həlli məqsədilə yeni iş yerlərinin açılması vacibdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi, kişik və orta biznesin yaradılması üçün uzunmüddətli və güzəştli kreditlərin ayrılmasına ehtiyac var. Tibb müəssisələrində bu kateqoriyadan olan şəxslərin pulsuz və ya qismən pullu dərmanlarla təmin olunması da diqqətdə saxlanmalıdır. Şəhid ailələrinə və müharibə əlillərinə kənd yerlərində, öz istəklərinə uyğun evlərin tikintisində də köməklik göstərilməlidir.
- Yerli təşkilatlar, rəsmi və qeyri-rəsmi qurumlar regionlarda yaşayan şəhid ailələrinin və müharibə əlillərininproblemlərinə yetərincə həssas yanaşırlarmı? Onların bu istiqamətdə göstərdikləri fəaliyyəti qənaətbəxş saymaq olarmı?
- Əlbəttə, yetərincə həssas yanaşılır desək, yanlışlığa yol vermiş olarıq. Çünki bu iş bölgələrdə bütün qeyd olunan təşkilatların birgə fəaliyyət sahəsinə hələ çevrilə bilməyib. Bu işi sistemli şəkildə yerli icra hakimiyyəti orqanları və bu orqanların nəzdində yaradılmış şöbə həyata keçirir. Qeyri-hökumət təşkilatlarının bu sahədə fəaliyyəti demək olar ki, bölgələrdə hiss olunmur. Bəzən bu təbəqədən olan insanların yuxarı instansiyalara müraciət etməsi də bu sahənin bütün bölgələrdə diqqət mərkəzində saxlanmadığını və bu sahədə neqativ halların olduğunu deməyə əsas verir. Bəzi bölgələrdə bu işin təşkilini qənaətbəxş, bəzi bölgələrdə isə qeyri-qənaətbəxş olduğunu qeyd etmək olar. Bəzi rayonlarda aparılan araşdırmalar və məcburi kadr dəyişiklikləri də bu sahədə nöqsanların mövcud olması qənaətini formalaşdırır. Məncə, bu sahədə ciddi, təxirəsalınmaz işlər görülməlidir. Bələdiyyələrin, qeyri- hökumət təşkilatlarının fəaliyyəti bu sahədə xüsusilə canlandırılmalıdır.
- Mərkəzi mətbuat bölgələrdə yaşayan şəhid ailələrinin və müharibə əlillərinin problemlərini diqqət mərkəzində saxlaya bilirmi? Gözdən-könüldən uzaqda yaşayan bu insanların problemlərinin ictimailəşməsində hansısa çətinliklər varmı?
- Mərkəzi mətbuat - televiziya kanalları və qəzetlər şəhid ailələrini və müharibə əlillərini ictimaiyyətə tanıtmaq sahəsində mühüm işlər həyata keçirirlər. Onlarla bağlı süjetlər, sənədli filmlər, məqalə və oçerklər hazırlanıb cəmiyyətə təqdim olunur. Amma çox təəssüf ki, onların problemlərinin işıqlandırılmasına və müxtəlif dövlət orqanlarına çatdırılmasına az diqqət yetirilir. Bəzən də qaldırılan problemin həlli diqqətdə saxlanmır. Bu da dördüncü hakimiyyət adlanan mətbuata inamı azaldır. Ucqar rayon və kəndlərdə yaşayan və bu qəbildən olan insanlar demək olar ki, mərkəzi mətbuatla əlaqə qura bilmirlər. Mərkəzi mətbuat orqanları belə ərazilərdə vaxtaşırı olmalı və həmin insanları elə yerində dinləməlidirlər. Bu sahədə mərkəzi mətbuatın üzərinə mühüm işlər düşür. Televiziya kanalları şou xarakterli, bayağı verilişləri şəhid ailələrinin və müharibə əlillərinin tanıdılması və problemlərinin həlli ilə bağlı verilişlərlə əvəz etməlidir.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız