Reproduktiv sağlamlıq haqqında qanun layihəsi dəfələrlə parlamentin plenar iclasında müzakirəyə çıxarılsa da, bir qism deputat onun qəbuluna sədd çəkib.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli hesab edir ki, bu prosesdə bir çox amillərlə yanaşı, milli-mənəvi dəyərlər əsas götürülməlidir.
“Səhiyyənin yeni zamanın tələblərinə uyğunlaşdırılması, həm də icbari tibbi sığorta çərçivəsində qurulan yeni səhiyyə modelinin formalaşdırılması, inkişaf etdirilməsi və xidmətlər zərfinin genişləndirilməsi vacibdir. Bu proseslər qanunvericilik sahəsində ciddi dəyişikliklərin edilməsini zəruri edir. Reproduktiv sağlamlıq haqqında qanun xüsusi əhəmiyyətə malikdir", - deyə deputat qeyd edib. pizza mizza
O əlavə edib: “Hazırda istər doğuş və doğuşa yardım müəssisələri, istərsə də ana və uşaq sağlamlığı istiqamətində çox mühüm və böyük işlər görülüb. Perinatal mərkəzlərin, yeni doğuşa yardım müəssisələrinin yaradılması və onların fəaliyyətinin təmin olunması üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Bunlar çox mühüm addımlardır”.
Deputatın sözlərinə görə, bu sahədə bir neçə dəfə müzakirələr aparılmış, qanun layihələri hazırlanıb:
"Düşünürəm ki, səhiyyəmizin inkişaf modelinə uyğun şəkildə bu qanunun qəbul olunması və geniş müzakirələrin aparılması olduqca vacibdir. Eyni zamanda, bu prosesdə həm milli-mənəvi dəyərlərimiz, həm səhiyyənin inkişafı, həm də insan sağlamlığı əsas götürülməlidir. Buna görə də yeni qanunun bütün tələblərə cavab verməsi üçün ciddi araşdırmalar və ölçülüb-biçilmələr aparılmalıdır”.
Terapevt Rasif Bağırov isə reproduktiv sağlamlığın olduqca geniş bir proqram olduğunu bildirib. Onun sözlərinə görə, burada həm kişi, həm də qadın reproduktiv orqanlarının xəstəlikləri, onların profilaktikası, habelə ana bətnində uşağın qidalanması və hamiləlik dövrünə aid digər bütün proseslər nəzərdə tutulur.
Həkim reproduktiv sağlamlıq haqqında qanunun yoxluğundan bir sıra problemin mövcudluğunu dilə gətirib:
"Ümumiyyətlə, Azərbaycanda hamilə qadınların ana bətnində uşağın düzgün qidalanması ilə bağlı ginekoloqların kifayət qədər dolğun və müasir təsəvvürlərinin olmadığı hallara rast gəlinir. Bəzi hallarda uşaqlar ana bətnində lazımi səviyyədə qidalana bilmir. Nəticədə, uşaqlar dünyaya gəldikdə müəyyən narahatlıqlar müşahidə olunur və bu problemlər gələcəkdə də özünü göstərə bilir. Lakin cəmiyyətdə bu hallar çox vaxt adi qəbul edilir. Halbuki bu, adi hal deyil, hamiləliyin ana bətnində düzgün idarə olunmamasının nəticəsidir”.
R.Bağırov vurğulayıb ki, bu proqram çərçivəsində hamiləlik prosesinin idarə olunması məsələsi mühüm yer tutur:
“Bəzən müəyyən tibbi prosedurların icrasına adət-ənənələr mane olur. Bu cür maneələr istər-istəməz uşağın dünyaya gəlməsi zamanı problemlərin yaranmasına səbəb olur. İlk baxışdan uşaqda problem görünmür. Məhz buna görə bu cür reproduktiv sağlamlıq proqramlarının geniş, peşəkar və yüksək səviyyədə hazırlanması çox vacibdir”.
Bəziləri hesab edirlər ki, süni mayalanma anlayışı və ya bu yolla dünyaya uşaq gətirmək İslam dinin qaydalarına ziddir və bu qəbul olunma bilməz. İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a bildirib ki, bu məsələ illərdir gündəmdədir:
“Bununla bağlı Milli Məclisdə kifayət qədər müzakirələr aparılıb. Hər halda, müzakirələrin uzanması da normal haldır. Qanunun qəbul edilməməsindəki çatışmazlıqları isə, əlbəttə ki, daha obyektiv şəkildə araşdırmaq lazımdır. Burada əsas məsələ nədən ibarətdir? Boşanmaların xeyli hissəsi sonsuzluq səbəbindən baş verir. Bir çox ailələrin dağılması, ailə institutunun çökməsi bu milləti, bu dövləti və bu xalqı kifayət qədər zəiflədir. Belə hallar ailədə yaranan münaqişələrə ciddi təsir göstərir. Əlbəttə ki, bu problem təkcə bizim cəmiyyətə xas deyil, bütün dünyada müşahidə olunan fəlakətli bir vəziyyətdir. Təəssüf ki, bu bəla Azərbaycana da toxunub və ailə dəyərlərimizin, möhkəm ailə ocaqlarımızın dağıdılmasına səbəb olub”.
İlahiyyatçı qeyd edib ki, məzhəbin qorunması İslamda çox önəmli məsələdir:
“Soy-kök anlayışı var və bu, hansı səviyyədə olursa-olsun, mütləq şəkildə qorunmalıdır. Ümumiyyətlə, süni mayalanma rəsmi nikahda olan ər-arvad arasında dini baxımdan caiz hesab olunur. Yəni, rəsmi nikahda olan ər-arvad arasında bu prosesin həyata keçirilməsi uyğun görülür. İslam dini ümumilikdə buna qadağa qoymur, lakin müəyyən şərtlər irəli sürür. Birincisi, sperma və yumurta yalnız həmin ailəyə məxsus olmalıdır. İkincisi, embrion hər hansı formada ticarət obyektinə çevrilməməlidir. Bunlar yerinə yetirilərsə, süni mayalanma məsələsində dini baxımdan bir problem yoxdur”.
Ağa Hacıbəyli bildirib ki, əgər donor sperması və ya donor yumurtası istifadə olunursa, daşıyıcı ana məsələsi gündəmə gəlirsə və qadın öz rəhmini kirayə verirsə, bu kimi anlayışlar çox böyük fəsadlara yol açır:
“Bu, məzhəbi pozur, şəcərə və kimlik anlayışını zədələyir. İslam dini insanın şəxsiyyətinə, məzhəbinə, şəcərə kimliyinə – yəni atasının kim olduğu, anasının kim olduğu məsələsinə çox böyük önəm verir. Bu, İslama görə fundamental bir dəyərdir və bunun dəyişdirilməsinə cəhd etmək doğru hesab edilmir. Ancaq qeyd etdiyim kimi, süni mayalanma bu kriteriyalar çərçivəsində, halal dairədə həyata keçirilərsə, normal qəbul olunur və İslam alimləri buna icazə verirlər”.
Aytac Əliyeva
Telegram kanalımız