"Rusiyanın güvəli hesab etdiyi məhsullar Bakı bazarlarında satışa çıxarılır" – Ekspert

İyul 11, 2019
Oxunma sayı: 154

“Son zamanlar Rusiya Azərbaycanla bağlı hər hansı bir siyasi problem yaşamır. Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti arasında ciddi bağlılıq var və münasibətlər çox istidir. O sahədə narahatlıq yoxdur. Gürcüstanla da aramızda nəsə problem yoxdur. Gürcüstan malı Azərbaycan ərazisindən hazırda keçirilmir. Yəni, bu siyasi xarakter daşımır. Bu sırf Azərbaycanda istehsal olunan məhsulların tərkibində zərərvericilərin, xəstəlik törədicilərin aşkar olunması məsələsidir”.

Bunu “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov son aylarda Ruysiyanın Azərbaycana məxsus tonlarla kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoymasına münasibət bildirərkən deyib.

V.Məhərrəmov bu kimi halların davamlı olaraq təkrarlandığını diqqətə çatdırıb:

“Bu birinci dəfə deyil. Davamlı olaraq, hər ay belə faktlar aşkar edilir və yük maşınları geri qaytarılır. Hansındakı xəstəlik yayan ziyanvericilər aşkar edilmir, onlar Rusiyaya buraxılır. Əslində bu hal Azərbaycan kənd təsərüfatı üçün yaxşı göstərici deyil. Dəfələrlə belə faktlar aşkar olunub. Amma Kənd Təsərrüfatı Nazirliyi nədənsə fəaliyyətsizlik nümayiş etdirir. Zərərvericilərə qarşı mübarizə tədbirlərinin hazırlanması, həyata keçirilməsi istiqmətində hər hansı addım atmır”.

Onun sözlərinə görə, zərərvericiləri məhv etmək fermerlərin edə biləcəyi iş deyil:

 “Belə halların qarşısının alınması üçün kompleks tədbirlər görülməli, ziyanvericilərə qarşı mübarizə aparılmalı, monitorinqlər keçirilməlidir. Bunu kəndlilər, fermerlər apara bilməz; bu kəndlinin, fermerin edə biləcəyi bir iş deyil. Bu sahədə qeyri-peşəkarlar oldu. Belə düşünürdülər ki, sənədləri ver, sertifkatı payla, həll olunacaq. Ancaq elə deyil. Burada 365 gün düşünmək, işləmək lazımdır. Bu sahəni dərindən bilən adam o sahəni idarə etməlidir. Peşəkarlar olmadığı üçün hər şey bu vəziyyətə gəlib”.

Ekspert xarici ölkənin qəbul etmədiyi məhsulların ölkə əhalisinə satıldığını söyləyir:

“Göndərilməyən məhsullar Bakı bazarında istehlakçılara yüksək qiymətə satılacaq. Deyirdilər ki, o məhsulların insan orqanizminə ziyanı yoxdur. Son bir neçə ildə alimlər bu qənaətə gəlib ki, həmin məhsullarda zərərvericilər toksid maddələr ixrac edirlər və bu da insan orqaniziminə ziyandır. Həmin anda nəsə baş verməsə də, müəyyən mərhələdən sonra bəzi fəsadlara gətirib çıxarır. Rusiya həmin məhsulları zərərvericilərin onların ərazisində yayıla biləcəyi və öz istehlakçılarına zərər verə biləcəyi  üçün almır. Həm də bununla istehlakçılarının hüququnu qoruyur. O məhsulların keyfiyyəti də aşağıdır”.

V. Məhərrəmov deyib ki, vətəndaşların belə məhsulları ayırd edib, onları almaqdan imtina etmələri çətin məsələdir:

 “Adi insanlar üçün bu məhsulları təmizlərdən ayırmaq çox çətindir. Xəstəlik törədiciləri mikraskopla və digər avadanlıqla müəyyən olunur. Adi halda görmək mümkün deyil. Bunu adi insan yox, nəzarətçi qurumlar aşkar etməlidir. Həmin məhsulların bazara çıxarılmaması üçün çalışmalıdırlar. O yük maşınlarındakı məhsullar geri qaytarılıb məhv edilməlidir, ölkə əhalisinə də həmin məhsulların məhv edildiyi göstərilməlidir. Bunu Rusiyada tətbiq ediblər. Hətta video görüntüləri də var. Onlar zərəli malların bazardan çıxarılıb məhv edilməsinə nail olublar”.

Naibə Məmmədova