Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır.
Bəzən şəhid ailəsinin üzvləri onlara şamil olunan güzəşt və imtiyaz barədə məlumatsız olur, öz hüquqlarını bilmir. Budəfəki yazımızda şəhid adının əbədiləşdirilməsindən, şəhdi ailəsinin üzvülərinə verilən güzəşt və imtiyazlardan bəhs etmişik. Yazını hazırlayarkən müvafiq qanunvericiliyə - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanuna istinad etmişik. Dominos pizza
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
- qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
- şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.
- iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar:
- Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
Şəhidin adının əbədiləşdirilməsi üçün daha nə etmək lazımdır? 
Birinci Qarabağ Müharibəsi şəhidi Əhməd Əhmədovun oğlu, "Unikal" qəzetinin baş redaktoru Zaur Əhməd deyib ki, şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanun var. Hər şeydən öncə qanunun tələblərinə əməl etmək lazımdır: "İkinci bir tərəfdən, şəhid ailələri ağır itki verirlər. Bu, təkcə insan itkisi deyil, bunun ictimai yükü var. Şəhid ailəsinə elə diqqət olunmalı, elə imtiyazlar verilməlidir ki, onlar həm bu ağır yükü, həm də ictimai əhəmiyyətli statusu daşıya bilsinlər. Adın əbədiləşdirilməsi üçün müxtəlif imkanlar var. Küçələrə, məktəblərə, müxtəlif tibb müəssisələrinə, uşaq bağçalarına ad vermək olar. şəhərin müxtəlif yerlərində bulaq, baralyef. büst, abidə ucaltmaq olar. Bütün bunlar şəhid ailələrinin təsəllü tapması, həm də özlərini seçkin ailənin üzvləri olduğunu hiss etməsinə səbəb olar". 
44 günlük Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun oğlu Həsən Cəfərov da hesab edir ki, şəhid adlarının əbədiləşdirilməsinə, uşaqların, yeniyetmə və gənclərin onları tanımasına ehtiyac var: “Atam bir qəhrəmandır, onunla fəxr edirəm. İstəyirəm ki, həmyaşıdlarım, dostlarım atamı və atamın timsalında bütün qəhrəmanlarımızı tanısın. Şəhidlərimiz haqqında şerlər, hekayələr, povestlər, romanlar yazılmalı, mahnılar bəstələnməli, filmlər çəkilməlidir. Ən böyük arzum odur ki, Bakı şəhərindəki küçələrdən və ya məktəblərdən birinə atamın adı verilsin. Gənc nəsil şəhidlərimizi yaxından tanımalıdır ki, ehtiyac yarananda onlar kimi qəhrəman ola bilsin”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız