Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və sel suları nəticəsində zərər görən ərazilərdə görüləcək işlərin siyahısı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamına əlavədə əksini tapıb.
Məlum olur ki, yağıntılar ən çox Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarına ziyan vurub.
Sərəncama əsasən, Xaçmaz rayonunda bir sıra kənd və qəsəbələrdə fərdi yaşayış evləri yenidən tikiləcək. Bundan başqa, Xanarx kanalında dağılmış beton üzlük bərpa olunacaq, Qusarçay və Qaraçayda sahil mühafizə bəndləri quraşdırılacaq. Rayon üzrə avtomobil yollarında və elektrik şəbəkəsində də bərpa işləri görüləcək.
Quba rayonunda sel və sürüşmə nəticəsində zərər görmüş yaşayış evləri, avtomobil yolları və elektrik xətləri bərpa ediləcək. Quba-İspik-Xınalıq, Quba-Qonaqkənd-Muçu və Yerfi-Adur yollarında uçqun, çökmə və sürüşmələrin nəticələrinin aradan qaldırılması nəzərdə tutulur. Qaraçayda daş-beton bənd tikiləcək.
Qusar rayonunda Aşağı Ləgər, Əniq və Quxuroba kəndlərində fərdi yaşayış evlərinin yenidən tikilməsi planlaşdırılır. Həmçinin Həzrə-Muçuq, Qusar-Həzrə-Sudur, Ukur-Nəcəfkənd-Zuxul, Cağar-Cetkün və Qusar-Əniq-Laza yollarında bərpa işləri aparılacaq.
Şabran rayonunda fərdi yaşayış evləri ilə yanaşı, Vəlvələçay-Taxtakörpü kanalı, Şabrançay və Dəvəçiçay ətrafında mühafizə tədbirləri görüləcək. Düzbilici-Vələsi-Çinarlar, Qaraqaşlı və Şabran-Qalaaltı yollarında da bərpa işləri nəzərdə tutulub.
Siyəzən rayonunda bir neçə ünvanda fərdi yaşayış evləri yenidən tikiləcək. Siyəzən-Dağ Quşçu-Ərziküş yolunun bərpası, Siyəzən-Məşrif-Qalaaltı yolunda isə qəzalı körpünün əvəzinə yeni körpünün tikilməsi planlaşdırılır.
Xızı rayonunda Sitalçay kəndində 5 fərdi yaşayış evi yenidən tikiləcək. Taxtakörpü-Ceyranbatan kanalının müxtəlif çaylarla kəsişmələrində yuyulmuş keçidlərin bərpası, Altıağac-Xızı yolunda hərəkət hissəsinin yenilənməsi, həmçinin Yaşma Külək Enerji Parkındakı yarımstansiyada sel sularının yaratdığı ziyanın aradan qaldırılması nəzərdə tutulur.
Telegram kanalımız