Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı müşahidə ediləcək. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, sentyabr ε-Perseid meteorları yüksək sürəti ilə seçilir. Onların atmosferə daxilolma sürəti təxminən 64–65 km/s təşkil edir. Meteor yağışının radiantı Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir. Dördpendirli pizza
Qeyd olunub ki, sentyabr ε-Perseidlərini avqust ayında müşahidə olunan Perseid meteor yağışı ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi “109P/Swift–Tuttle” kometidir. Sentyabr ε-Perseidlərinin isə ana cismi hələ dəqiq müəyyən edilməyib.
Müşahidələr və orbital hesablamalar meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən və hələ kəşf edilməmiş bir kometdən yarandığını göstərir. 2013-cü ildə qeydə alınmış güclü aktivlik artımının təhlili də onların komet mənşəli olduğunu göstərsə də, məlum kometlər arasında uyğun ana cisim müəyyən edilməyib.
BDU-dan verilən məlumata görə, Bakıdan baxış zamanı meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünməyə başlayacaq və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt sentyabrın 9-na keçən gecə, xüsusilə gecə yarısından sonra sübhə yaxın saatlardır.
Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkün olacaq. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın vaxta təsadüf edəcəyindən Ay işığı müşahidələrə demək olar ki, mane olmayacaq.
Meteorları izləmək üçün teleskop tələb olunmur. Müşahidə üçün şəhər işıqlarından uzaq ərazi seçmək və birbaşa radianta deyil, ondan təxminən 30–40 dərəcə uzaqdakı səma sahəsinə baxmaq tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız