Siyavuş Novruzov Bəxtiyar Sadıqovdan nə istəyir?

Siyavuş Novruzov Bəxtiyar Sadıqovdan nə istəyir?
Sent 3, 2019 09:03
Oxunma sayı: 267

Qismətdə iki YAP funksionerinin mübahisəsində birini müdafiə etmək də varmış. Ancaq bu, onların siyasi mövqeyi ilə bağlı deyil, mübahisə tərəfinin biri media təmsilçisidir. Dolayısı ilə bu, onun - Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi həmkarlarımızın müdafiəsidir.

Onlara hücum edən isə YAP-çı deputat Siyavuş Novruzovdur. O, B.Sadıqovun baş redaktoru olduğu “Azərbaycan” qəzetində dərc olunan başsağlığı elanlarına görə alınan yüksək məbləğli ödənişləri qəzetə çox görüb.

Öncə onu deyək ki, bir başsağlığı elanı üçün 50, hətta 25 manat tələb olunması bir az çox kimidir. Başqa qəzetlərdə bu elanları xətirə, ya da 3-5 manata dərc edirlər.

Ancaq onu da nəzərə alaq ki, “Azərbaycan” qəzetində başsağlığı elanı verənlər sıradan adamlar deyillər, onların pulu, qazancı o qədər çoxdur ki, həmin elanlar üçün 500 manat da ödəyə bilərlər.

Bu baxımdan Bəxtiyar Sadıqov, necə deyərlər, damara baxıb qan alır.

Baxaq, görək, bu elanların dərci kimə daha çox lazımdır. Burada hətta “nəyə görə lazımdır” sualı da qoymaq olar. 

Bu elanlar orta və yüksək ranqlı məmurlara lazımdır. Onlar bu başsağlığı mətnləri vasitəsilə “belədə mən də varam” tövrü göstərir, əzizi rəhmətə getmiş vəzifəli şəxsə münasibətdə diqqət və sayğı sərgiləyir, bir növ piar aparırlar. Bildiyimiz kimi, piar və reklamın isə bəlli bir qiyməti var, bu ucuz şey deyil. Görünür, B.Sadıqov onların əsl niyyətini bilir deyə, öz qəzetinin kiçik xidmətinə babat qiymət qoyub.

İndiyədək hamı bu məzənnədən razıydı. Alan da məmnun idi, satan da. Birdən-birə nə oldu?

Belə bir versiya var ki, bu yaxınlarda bir yüksək vəzifəli şəxsin rəhmətə getmiş əzizinə görə verilən başsağlığı mətnləri və ödənişləri o qədər çox olub ki, Bəxtiyar Sadıqov bundan məmnunluq ifadə edib və bu söz ölü yiyəsinin qulağına çatıb. Elə Siyavuş Novruzovun ittihamları arasında B.Sadıqovun vəzifəli şəxslərin qohumları vəfat etdiyi zaman sevindiyi məsələsi də yer alır. 

Siyavuş Novruzovun ittihamları bir çox adamların gözlərinə şirin, qulaqlarına xoş gələ bilər, amma dərinə varanda onların heç biri ədalətli və tutarlı arqumentlər deyil.

Məsələn, Novruzov deyir ki, “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunub. Guya ki, Sadıqov gəlib, qəzeti batırıb. Elə deyil. Bu saat ölkədə heç bir qəzetin tirajı həmin o 2 milyonun 1 faizi qədər deyil. Sabah B.Sadıqovu baş redaktor vəzifəsindən çıxarsınlar, yerinə başqa bir media kapitanını, söz xiridarını qoysunlar, “Azərbaycan” qəzetinin tirajı yenə də bəlli rəqəmdən beş nüsxə artmayacaq.

Ona görə ki, media xüsusunda ölkədəki gerçək durum budur. Sovet dövründəki milyonluq tirajları da dəqiqəbaşı kimlərinsə başına qaxmaq doğru deyil. O vaxt sovet hökuməti əmək kollektivlərində zorla abunə yazdırır, hər evə azı beş qəzet verirdi. Etiraz mümkün deyildi. Hətta kasıb tələbələri də qəzetlərə abunə olmağa vadar edirdilər. O milyonluq tirajların başlıca qaynağı zorakı abunə kampaniyaları idi. Özbaşına qoyulsaydıq, biz heç sovet vaxtında da kütləvi halda qəzet oxumayacaqdıq.

Bir də Siyavuş Novruzov deyir ki, bizim yolumuz haqq yoludur, Bəxtiyar Sadıqovunku isə ənəlhəqq yoludur.

Amma bu ölkədə onların hər ikisini tanıyanlar yaxşı bilir ki, Novruzovun da, Sadıqovun da yolu eyni yoldur. Yalnız o ola bilər ki, onlar parlamentə fərqli yollarla gəlirlər - yaşadıqları məkana uyğun olaraq.

Bəs Novruzov birdən-birə deputat həmkarına niyə hücum etdi? Bax, bu maraqlıdır. Həm də ona görə ki, 1993-cü ildən bəri iqtidar komandasında yer alan Novruzov belə hərəkətlərin sarayda sevilmədiyini, komanda daxilində intriqaya yol verənlərin, monolitliyin pozulması görüntüsünü yaradanların cəzalandırıldığını yaxşı bilir.

Güman ki, onun bu hərəkətə görə cəzalandırılmayacağına, əksinə, addımının təqdir olunacağına dair təminatı var.

Saraydaxili intriqalar bizlik məsələ deyil. Ancaq bir jurnalist kollektivinin ayda bir neçə min manatdan artıq olmayan əlavə qazancını ümumölkə məsələsinə çevirmək gülünc söhbətdir. Karvanı sarvanıyla birlikdə basıb yeyənlər var, onlardan danışmaq lazımdır. 50 manat nədir ki?

Xalid Kazımlı

“Yeni Müsavat”

Yenisabah.az