Son günlərin trendi - Sən də qorxursan?
06 May 2020 20:53
470

Son günlərin trendi - Sən də qorxursan?

“Sən də qorxursan? Hamısı yalan, boş şeylərdir”. Sonuncu dəfə bir ay əvvəl gördüyüm tanış adamla üz-üzə gələndə maska taxdığımı görüb mənə dediyi ilk sözlər belə olur. Mənsə, kinayəli şəkildə “dünya dağılır, nə boş şey”, - deyə cavab verirəm. Amma o, öz dediyindən dönmür. Bu barədə danışmağa, məni inandırmağa çalışır. Belədə, tezliklə sağollaşıb yoluma davam etməyin məqsədəuyğun olduğunu qətiləşdirib ondan aralaşıram.

İki aya yaxındır istifadə etmədiyim ictimai nəqliyyatda vəziyyətin necə olacağı mənə həddən artıq maraqlı gəlirdi. Avtobusa minəndə digərlərinin də bayaqkı tanışım kimi fikirləşdiyinin şahidi oluram. Sürücü maskasız, 10-12 sərnişindən mənimlə yanaşı cəmi bir nəfərin maskadan istifadə etdiyini görürəm. Elə də uzaq getmədiyim üçün müşahidəm də uzun çəkmir, amma yol boyu da maksa taxan sərnişinlərin sayı demək olar ki, yox dərəcəsində idi. Onu da qeyd edim ki, yalnız bir gənc qız həm maska, həm də əlcəkdən istifadə etməklə yanaşı, spirtlə tez-tez əllərini dezinfeksiya da edirdi. Hələ yolüstü gördüyüm tanınmış bir bankın qabağındakı insan izdihamından danışmıram. O başqa söhbətin mövzusudur. Təəssüf ki, qayıdanda da eyni mənzərənin şahidi oldum. Bütün bunları sizə danışmaqda bir məqsədim var. Məqsəd sizləri özünüzü qorumağa səsləməkdi. 

Nazirlər Kabineti yanında Operativ Qərərgahın son bir neçə gündə açıqladığı statistik göstəricilər də həyəcan təbili çalmağa, arxayınlaşmamağa əsas yaradır. 38, 40, 38, 52, 76, 67 ... Rəqəmlər hər şeyi deyir. Yoluxma artıma doğru gedir. Mayın 4-dən karantin rejimi yumşaldılanda hər kəs sevindi, tezliklə həyatın normala qayıdacağına ümidlər artdı. Amma hazırki rəqəmlər tələsməmək lazım olduğunu açıq-aydın göstərir. Təkcə rəqəmlər yox bu gün gördüklərim, insanlar qaydalara əməl etməyib sağlamlıqlarını təhlükəyə atmaları da bundan xəbər verir. 

“Son vaxtlar əldə etdiyimiz pozitiv dinamikanı itirməyə başlamışıq. Bu, gözlənilən idi. Karantin qaydalarına riayət etmək lazımdır”. Bunu, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva dünən keçirilən mətbuat konfransında deyib. TƏBİB rəsmisi bu açıqlamanı verirsə, deməli həqiqətən vəziyyət yenidən pisləşə bilər. Vəziyyətin pisləşməməsi bizlərdən aslıdır. 

Yəni özümüzü və yaxınlarımızı qorumaq bu qədər çətindir? Koronavirusun yayıldığı ilk günlərdə ölkədə maska çatışmazlığı var idi. Amma indi 5 aptekdən 3-də maska var. Qiyməti də 30 qəpik...

Təbii ki, problem təkcə maskadan istifadə edib-etməməkdə deyil. Problem fikirdədir. Problem bu qədər dünya səviyyəsində yayılan, pandemiya elan edilən xəstəliyə laqeyid yanaşmaqda, məsuliyyətsiz davranmaqdadır. Havalar isindikcə insanları evdə saxlamaq da çətinləşəcəkdi. Bu başa düşülən haldır. Amma çölə çıxanda da, dövlətin qoyduğu qayda-qanunlara əməl etmək lazımdır. Bunu dövlətə görə yox, özümüzə görə etməliyik. 

Koronavirusun bu qədər uzun müddət həyatı iflic etməsi bütün dünyada olduğu kimi Azərbaycanda da sosial problemlər üzə çıxarır. İş yerləri bağlandı, insanlar çətin duruma düşdü. Bütün bunları götür-qoy edəndə insanların çölə çıxmasına, evinə çörək gətirmək üçün özlərini oda atmasına haqq qazandırmamaq olmur. Amma az öncə dediyim kimi indi evdə qalmasaq da, heç olmasa gigiyena qaydalarına riayət etməklə həyatda qalmağa çalışmalıyıq. Ajiotaj xarakterli xəbərlərə inanıb panikaya düşmək zərərlidir, amma verilən rəsmi xəbərləri də qulaqardına vurmaq lazım deyil. Birlikdə bu bəlanın öhdəsindən gəlməyə çalışmalıyıq. Çünki Prezidentin də dediyi kimi, BİZ BİRLİKDƏ GÜCLÜYÜK...

Mətləb Qurbanov

 

Oxşar xəbərlər