Saat 14:18. Təcili Tibbi Yardıma zəng edirəm...
- Bizə təcili yardım lazımdır.
Operator xanım xəstənin ad-soyadını, soruşur, deyirəm. Pepperoni pizza
- Neçə yaşı var?
- 21.
Ünvanı soruşur, deyirəm. Bildirir ki, çağırış qəbul olundu...
Redaksiyamızda xanım əməkdaşlardan birinin halı pisləşib. Pisləşib burada durumu tam ifadə etmir. Demək olar özündə deyil. Əli, ayağı buz kimi olub. Danışa bilmir. Hərdən xırıldayır. Bunun niyə baş verdiyini bilmirik. Amma qorxuruq onun üçün, həyəcan keçiririk. Rəfiqələri güclə də olsa su içirdir, spirtlə əllərini ovuşdurur. Get gedə durumu pisləşməyə doğru gedir.
Əvvəllər belə halın onda baş verib-verməməsindən xəbərimiz yoxdur. Yarım ildən artıqdır bizimlə birgədir. Buna baxmayaraq, heç nə bilmirik. Özümüzü itirməsək də, ona kömək etmək üçün əlimizdən heç nə gəlmir.
Durumu isə dəqiqəbədəqiqə ağırlaşır. Gözləri yumulur, nəbzi zəifləyib, heç bir hərəkət etmir, reaksiyasını itirib.
Təcili yardımdan xəbər yoxdur.
Saat 14.27. Yenidən zəng edirəm...
- Həkimlərin hamısı çağırışda olub, sizin sifarişi hələ ötürə bilməyiblər. Çıxan kimi gələcəklər.
- Vəziyyət çox pisdir. Lütfən, bir az tələsin.
- Yaxşı, yaxşı. Narahat olmayın.
Təcili Tibbi Yardımın Nərimanov stansiyası ilə bizim redaksiyanın arası çox azdır. Təcili yardım maşınını bir tərəfə qoyaq. Həkim çantasını əlinə alıb piyada gəlsə, 5-6 dəqiqədə bizim ünvanda olar.
Aradan daha bir 10 dəqiqə keçir. 14.39-da yenidən 103-ü yığıram.
- Üçüncü dəfədir zəng edirəm, təcili yardım gəlmədi. Bu axı təcili olmadı...
- Yoldadırlar, gəlirlər. 14.33-də çıxıblar, indi çatarlar...
Xəstənin nəfəs alması çətinləşib. Həqiqətən də çıxılmaz durumdayıq. İnsan həyatı andır. Nəfəsin kəsildisə, artıq bu həyatda yoxsan. Sənin haqqında keçmişdə danışacaqlar. Gec gələn həkimlər isə yalnız proseduru yerinə yetirəcək, akt yazacaq, şahidlərin dediklərini o akta əlavə edəcək və bununla işləri bitəcək.
Saat 14:47-də başqa bir nömrədən zəng gəlir ki, biz təcili yardımıq, ünvan necədir. Deyirəm gəl "Metropark"ın qarşısına orada sizi gözləyən var. Bəs siz indi hardasınız?
Deyir "Elit" Ticarət Mərkəzinin yanında. Vaxt qiymətli olduğu üçün tez sağollaşıram. Təki tez gəlsin.
Düz 14:59-da zəng edir ki, çatdım.
Yorğun kişi və yorğun qadın “təcili yardım” dueti nəhayət ünvandadır. Deyir ki, biz 9-cu mikrorayondakı təcili yardım stansiyasından gəlmişik.
Bəlkə də o həkimlər onlarla çağırışda təhqirlərlə qarşılaşıblar, döyülüblər. Axı belə xəbərləri tez-tez eşidirik.
Mənimsə onlara qarşı heç bir qəzəbim yoxdur. Bu məsələdə onların suçunun olmadığı qənaətindəyəm. Çünki səhiyyəmizdə problem təkcə budurmu? Azərbaycanda səhiyyənin hansı durumda olduğunu balaca uşaqdan da soruşsan, onu ağlamaq tutar.
Hər il, yüzlərlə mütəxəssisin ölkədən baş götürüb getməsinin səbəbi nədir sizcə? İdarəçilik, rəhbərlik yerində olmayandan sonra, istəyirsən həmin sistemdə dünyanın ən dahi adamını işə götür, təkər fırlanmayacaq. Bu çarxın bütün dişləri sağlam olsa da, onu fırladan ox deformasiyaya uğrayıbsa, mənası yoxdur.
Elə peşələr var ki, o insan həyatı ilə bağlıdır. Ölüm-dirim məsələsidir. Bu peşələrin içərisində birinci yerdə tibb dayanır. Burada peşəkarlıq və vicdan mütləq birləşməlidir.
Mən insanların gec ya da tez əkdiklərini öz əlləri ilə biçəcəklərinə adım kimi inanıram. Mövzu ilə birbaşa əlaqəsi olduğu üçün deyirəm. Azərbaycan səhiyyəsinin belini qıran Əli İnsanov illərlə əkdiklərinin meyvələrini dadmaq zorunda qalmadımı?
Ona inanıram ki, indi səhiyyəyə rəhbərlik edənlər də, bu sahəyə cavabdeh olanlar da əvvəl-axır gözləri qapıda “təcili yardım” gözləyəcəklər, qulaqlarını bayırda sirena səsini eşitmək üçün şəkləyəcəklər. Bəlkə də öz qurduqları sistemin “təcili yardımı” onların son nəfəsində qapıdan içəri girəcək və artıq gec olacaq...
Bu, qarğış deyil, ilahi ədalətdir.
Elnur Məmmədli
Telegram kanalımız