Milli Məclisin plenar iclasında çıxış edən deputat Ceyhun Məmmədov müasir dövrdə elmi nailiyyətlərə və texnoloji tərəqqiyə baxmayaraq, dünyada mənəvi tənəzzülün müşahidə olunduğunu, müharibə və münaqişələrin sayının artdığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentarinin sözlərinə görə, müharibələr artıq yalnız sərhədlərdə və səngərlərdə deyil, həm də insanların beyin və düşüncələrində aparılır. Bu kontekstdə sosial media platformalarının müasir dövrün ən təhlükəli təsir silahlarından birinə çevrildiyini qeyd edən C.Məmmədov bu gün sosial şəbəkələrdə baş verənlərin fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması və manipulyasiya cəhdləri olduğunu vurğulayıb.
Deputat sosial şəbəkələrin öz həqiqi mahiyyətindən uzaqlaşaraq təhqir və söyüş platformalarına çevrildiyini, ictimai düşüncəyə mənfi təsir göstərdiyini diqqətə çatdıraraq, bu sahənin çevik tənzimlənməsinin və daha ciddi hüquqi-inzibati addımların atılmasının vacibliyini qeyd edib. İnternet mağaza
Mövcud informasiya təhlükələrinin ölkədə ideoloji işin daha da gücləndirilməsini zəruri etdiyini bildirən parlamentari Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin də ideoloji işin əhəmiyyətinə xüsusi diqqət çəkdiyini xatırladıb.
O, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, yeni tarixi filmlərin çəkilməsinin, tamaşaların hazırlanmasının və əsərlərin yazılmasının bu tədbirlər sırasında olduğunu söyləyib.
Çıxışının sonunda C.Məmmədov ideoloji işi gücləndirmədən qələbəni əbədiləşdirməyin və ictimai şüuru düzgün istiqamətləndirməyin mümkün olmadığını deyib.
Deputat Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətinin ictimai şüurda möhkəmləndirilməsi üçün ardıcıl və sistemli tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız