Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc Ermənistanda yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunmasına münasibət bildirərək, bu prosesin təkcə ana qanunun dəyişdirilməsi deyil, həm də bir xalqın dövlətçilik məfkurəsinin, milli ideyalarının, qonşularla münasibətlərinin və gələcək inkişaf yolunun yenidən müəyyənləşməsi olduğunu qeyd edib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari konstitusiyanı hər bir dövlətin quruluşunun baş planı və gələcək nəsillərə ötürüləcək siyasi mirası müəyyən edən əsas sənəd kimi səciyyələndirib.
1988-ci il hadisələrini xatırladan Z.Oruc həmin dövrdə "Miatsum" şüarı ilə başlanan işğalçılıq ssenarisinin 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də Ermənistanın mövcud konstitusiyası və əsas milli ideyası üzərində qazandığı qələbə ilə nəticələndiyini vurğulayıb. Online alış-veriş
Ermənistandakı daxili siyasi proseslərə toxunan deputat 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində hakim "Mülki müqavilə" partiyasına əvvəlkindən 38 min nəfər çox – 726 min 819 səs verildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, vətəndaşların yarısı keçmiş rəhbərlərin hakimiyyətə qayıtmasına və revanşizmə "yox" deyib.
Z.Oruc bildirib ki, indi seçicilər kimin baş nazir olacağını deyil, dövlətin hansı ideya əsasında idarə olunacağını müəyyənləşdirməlidirlər. O, layihəyə qarşı çıxan revanşist qüvvələrin son 30 ildə işğaldan faydalanan dairələr olduğunu qeyd edərək, ərazi iddialarından imtinanın başqa dövlətin konstitusiyasının qəbulu kimi dəyərləndirilə bilməyəcəyini bildirib.
Deputat nəzərə çatdırıb ki, Ermənistanın gələcəyi artıq kənar mərkəzlərdə deyil, öz vətəndaşlarının iradəsi ilə formalaşır. Regionun böyük açılıma hazırlaşdığını və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolunun birləşdirilməsi istiqamətində addımların atıldığını qeyd edən parlamentari bildirib ki, erməni cəmiyyəti dinc qonşuluqla ərazi iddiaları arasında seçim etməlidir.
Z.Oruc çıxışının sonunda 1988-ci ildə səslənən ərazi iddialarının üzərindən birdəfəlik xətt çəkilməsinin vacibliyini və sülh konstitusiyasının qəbulunun regionda barış üçün yeganə yol olduğunu vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız