Milli Məclisin plenar iclasında çıxış edən deputat Elman Nəsirov Ermənistanda yeni konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılmasının gözlənilən proses olduğunu və bunun 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların, xüsusilə sülh sazişinin paraflanmasının tələblərindən irəli gəldiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentarinin sözlərinə görə, paraflanmış sülh sazişinin birinci maddəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, ikinci maddəsində isə qarşılıqlı ərazi iddialarının irəli sürülməməsi təsbit olunub. E.Nəsirov qeyd edib ki, Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinin 11-ci bəndinə istinadın çıxarılması məhz Vaşinqton razılaşmalarından irəli gələn öhdəliklərlə bağlıdır.
Prezident İlham Əliyevin prinsipial mövqeyini xatırladan deputat vurğulayıb ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə yekun sülh sazişinin imzalanması mümkün deyil. O bildirib ki, yeni konstitusiyanın qəbul ediləcəyi və referendumda təsdiqlənəcəyi təqdirdə regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması tamamilə realdır. Sərfəli qiymətə məhsullar
Son dövrlərdə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret əməli addımların atıldığını diqqətə çatdıran E.Nəsirov noyabrın 12-də Dublində Azərbaycan və Ermənistan siyasi liderləri arasında keçirilən görüşü, TRIPP layihəsinin reallaşdırılması ilə bağlı işçi qrupların formalaşdırılmasını və iki ölkə arasında yük daşımalarının maneəsiz həyata keçirilməsini xüsusi qeyd edib.
Deputatın qənaətincə, bütün bu proseslər sülh sazişinin imzalanması və tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində ciddi irəliləyişlərin əldə olunduğunu göstərir.
Nazim Hacıyev
Telegram kanalımız