Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Taliban“ Qarabağda:  Həmişə döyüş  və qətliam meydanı olmuş daha bir bölgə - ARAŞDIRMA
28 Avq 2021 13:55
15195

“Taliban“ Qarabağda: Həmişə döyüş və qətliam meydanı olmuş daha bir bölgə - ARAŞDIRMA

Dünyada eyniadlı şəhərlər və mahallar arasında bircə ad azərbaycanlılar üçün daha məhrəmdir – Qarabağ. İndi qlobal gündəliyin baş mövzusu olan Əfqanıstanda da bu adda ərazinin olduğunu qulaqucu eşidən beş nəfər ola, ya olmaya. Amma bizim Qarabağı uzaq coğrafiyadakı Qarabağla birləşdirən ümumi bir cəhət var: bu bölgədə də barıt qoxusu, talanmış yurdlar, zorakı köçürmələr, amansız qətliamlar heç vaxt əskik olmayıb.

Əfqanıstanın cənub-şərqində, Qəzni şəhərinin (və vilayətinin) 19 mahalından biri olan Qarabağın 1481 kvadrat kilometr ərazisi və təxminən 161.424 nəfər əhalisi var – yarıhəzara, yarıpuştun.

Mahalın adının sadəcə oxşarlıq, məntiqi izahsız təsadüf, yoxsa tarixnamələrin arasında qalmış gizlin olduğunu qanmaq üçün qalaq-qalaq salnaməyə göz gəzdirilməlidir. 

Hələlik bəlli olan bircə budur ki, zaman-zaman həm Səfəvi, həm də Əfşar xanədanlıqları dövründə dövlətin dayağı olan türk tayfaları Xorasanın şimalında, Əfqanıstanın müxtəlif bölgələrində yurd salıblar.

Mahalın ən qədim sakinləri – həzara (hezara) xalqının etnik mənşəyi də illərin, qərinələrin, əsrlərin sirr dumanına bürünüb. 

Onların doğuşdan Qarabağda yaşadığı, yaxud sonrdadan bu dağlıq ərazidə kök saldığı ətrafında mübahisələrin tozanağı hələ də yatmır. 

Kimi deyir ki, bəstəboy, qıyıqgöz, qismən sarışın, xoş sima insanlara verilmiş “həzara” adı fars dilindəki "hezar" - "min" sözündən törəmədir. 

Mübahisəyə öz fərziyyəsi ilə qoşulan Əbdülhai Həbibi isə "həzara" sözünün tarixini daha qədim hesab edir və bildirir ki, bu ad "həzalə" sözündən əmələ gəlib. 

Tədqiqatçı "həzalə" sözünün 2 sözdən ("hu + zalə") meydana gəldiyini düşünür və məna, onun fikrincə, bircə kəlmədir – "xeyirxah".

Digər fərziyyələr “həzara” sözünü monqol-türk sərkərdəsi Çingiz xanın komandanlığı altında olan bölüyün adına bağlayır: 1000 əsgərdən ibarət "minqan" monqol sözünün farscaya tərcüməsi.

Yeri gəlmişkən, Azərbaycanın Qarabağında kök salmış hakim Cavanşir tayfasının adı da monqol mənşəli hərbi termin sayılır – “Cavanqaran”, yəni “sağ cinah”.

Həzara xalqının özünə gəlincə, dünya görmüş qocalar belə mənşələrinin tarixinə olan bağlarını demək olar ki, xatırlamır. İndilərdə əsasən farsca danışan bu xaıqın öz ana dilini onlar "Azra" və ya "Əzra" adlandırırlar.

Avropalı tədqiqatçı Havort həzaraları Xəzər türklərinə aid edir və “həzara” sözünə "Xəzər" və ya "xəzəri" mənasını verir.

Xanikova görə, həzaralar Nadir Əfşarın törəməsi Şahrux Mirzənin hakimiyyəti dövründə Herata gəlmiş və min ailə olduqları üçün "hezaran" (“minlər”) kimi tanınmış tayfaların xələfləridir.

Hindistandan olan müsəlman tarixçi Həyat Xan isə həzaraları qədim Zabulistan sultanları dövrünə aid edir. 

O dövrdə həzaralar çox zülm görüblər. Elə indiki kimi.

Əfqanıstan son 40 ildə bir neçə dəfə həzaraların soyqırımına lal şahid olub. Əsas həqiqət budur ki, ölkədə onlardan daha çox qətliam görmüş ikinci etnik qrup yoxdur.

20 il sonra “Taliban”ın yenidən hakimiyyətə gəlişi ilə didilən ölkənin cənub-şərqində geniş bir ərazidə, o cümlədən Qarabağ mahalında kompakt yaşayan həzaraların qorxuları daha da artırıb, yuxusu ərşə çəkib.

Əfqanıstan parlamentinin keçmiş deputatı və siyasi tarix tədqiqatçısı Məhyəddin Mehdinin rəyinə görə, şəriət üsul-idarəsi – əmirlik qurmaq etnik təmizləmə niyyətində olan “Taliban” üçün yalnız maskadır. 

Jurnalist Məhəmməd Nəsim Cəfəri də, bir çoxları kimi, radikal qrupun İslam ümmətçiliyi deyil, ifrat, irqçi milliyyətçiliyə dayaqlandığını iddia edir.

Yeri gəlmişkən, “İslam” sözünü istismar edən digər radikal qrupların, o cümlədən İŞİD-Xorasanın “Taliban”la məsafə saxlaması, ona beyət etməməsinin əsas səbəblərindən biri də məhz budur.

Nəsim Cəfərinin qənatətinə görə, Əşrəf Qəni iqtidarı Əfqanıstanda seçki sisteminin sonda etnik puştunların ziyanına olacağı və siyasi gücün qeyri-puştunlara, xüsusən də taciklərə keçəcəyi qənaətinə gəlib. Buna görə də son nəticədə Qəni hökumətinin gizli razılığı ilə Əfqanıstan “Taliban”a təslim edilib.

Əfqanıstandakı qırğınların dindar kəsimlə cəmiyyətin mülki idarəçilik istəyən təbəqəsi arasında toqquşma deyil, məhz etnik müharibə olduğuna yaxın və uzaq keçmişdə xeyli sübut var.

Məhəmməd Siddiqinin "Əfqanıstanda 40 illik etnik müharibə" başlıqlı məqaləsində bu dəlillər bir-bir sadalanıb. 

Hələ 1880-ci ildə Əmir Əbdülrəhman xanın hakimiyyətə gəlməsinə başlayaraq etnik qarşıdurmalar qısa fasilələrlə yüzillik boyu davam edib.

Və XXI əsrə daşınıb.

Əmir Əbdülrəhman Əfqanıstanı 20 ildən çox idarə edib. Vəhdət şüarı ilə bir araya gələn taciklər, həzaralar və özbəklərin hakimiyyəti 1901-ci ildə hökmdarın ölümündən sonra puştunların digər etnik qruplar üzərində üstünlüyü ilə əvəz olunub.

O vaxtdan puştunlar siyasi dominantlığı ideologiyalarının təməl daşlarından birinə çevirib və iqtidar mövqeyini əldən buraxmamağa çalışıblar.

Digər çoxsaylı etnik qruplar quyruqda gedib.

Ötən əsrdə taciklər Əfqanıstanda cəmi iki dəfə, həm də çox qısa müddətdə hakimiyyətə yiyələnə biliblər: ilk dəfə 1929-cu ildə Əmir Həbibullah Kələkaninin 9 aylıq hakimiyyəti və ikinci dəfə (1992-1996-cı illər) Bürhanəddin Rabbani-Əhmədşah Məsud siyasi cütlüyünün 4 illik hakimiyyət dövründə. 

Yeri gəlmişkən, Həbibullah Kələkanininin iqtidara gəlməsi 700 ildən sonra Əfqanıstanda taciklərin siyasi hakimiyyətə yiyələnməsinin ilk nüminəsi idi.

Əfqanıstanın cənub-şərq bölgələrində, o cümlədən Qarabağ mahalında yaşayan şiə həzaralar digər etnik qruplarla müqayisədə böyük iddiaları ilə heç vaxt gözə girməyiblər. Guşənişin həyat tərzi ilə seçilən miyanaçı kütlə ən çox təqib olunan, puştun təzyiqi ilə zaman-zaman sıxışdırılan qrup halına gəlib.

Əslində, bu siyasətin tarixi çox böyükdür. Amma 1999-cu ildə minlərlə həzara qətliam olunub. Bundan əvvəl, 1998-ci ildə Məzari-Şərifdə 20.000 həzara öldürülüb. 

Əfqanıstanda “Taliban” tərəfdarlarının həzaralara (və digər türk və İrandilli qruplara) qarşı etnik təmizləmə siyasəti bu gün də eyni aqibətlə davam etdirilir.

Siyasətçi və mütəfəkkir Məhyəddin Mehdi xatırladır ki, “Taliban” liderlərindən olan Əbdülmənnan Niyazinin sözləri Əfqanıstanda heç vaxt unudulmur: “Taciklər Tacikistana, özbəklər Özbəkistana, həzaralar qəbiristanlıqlara getməlidirlər!”

Əziz Rzazadə

 

“Taliban“ Qarabağda:  Həmişə döyüş  və qətliam meydanı olmuş daha bir bölgə - ARAŞDIRMA
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər