Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bəzi media orqanlarında yayımlanan “TKTA-da saxta diplomlar aşkarlandı” məzmunlu başlıqların audit hesabatında əksini tapan faktları düzgün ifadə etmədiyini bildirib.
Bu barədə “Yeni Sabah”a TKTA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası oktyabrın 23-də TKTA-nın 2023–2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və icrasının nəticəliliyinin qiymətləndirilməsinə dair performans auditinin nəticələrini açıqlayıb. Marqarita pizza
Agentliyin məlumatına görə, audit nəticələrinin mediada işıqlandırılması zamanı bəzi hallarda faktlar məzmun və kontekstdən kənar təqdim edilib. Xüsusilə xarici kvalifikasiyaların tanınması prosesi ilə bağlı yayılan başlıqlar ictimaiyyətdə yanlış təsəvvür yarada bilər.
TKTA vurğulayıb ki, vətəndaşlar tərəfindən təqdim edilən saxta sənədlərin müəyyən olunması ilə həmin sənədlərin agentliyin öz fəaliyyəti nəticəsində aşkar edilməsi fərqli məsələlərdir.
Qeyd olunub ki, TKTA xarici kvalifikasiyaların tanınması sahəsində fəaliyyətini qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, kvalifikasiyaya dair sənədin həqiqiliyi tanınma üçün əsas şərtlərdən biridir.
Sənədlərin həqiqiliyini müəyyənləşdirmək məqsədilə müvafiq xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Əldə olunan məlumatlar və rəsmi cavablar əsasında təqdim edilmiş sənədlərin həqiqi olmadığı müəyyənləşdirildikdə, qanunvericiliyə uyğun qərarlar qəbul edilir.
Agentlikdən bildirilib ki, TKTA-nın Nizamnaməsinə uyğun olaraq, fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar edildikdə qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülür, cinayət əlamətləri olduqda isə aidiyyəti dövlət orqanlarına məlumat verilir. Saxta diplomlar və digər təhsil sənədləri ilə bağlı müəyyən edilmiş hallar hüquqi qiymət verilməsi üçün müvafiq dövlət orqanlarına təqdim olunur.
Məlumatda auditin maliyyə fəaliyyəti ilə bağlı nəticələrinin də düzgün kontekstdə işıqlandırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, eləcə də gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulub.
TKTA hesab edir ki, audit hesabatında əks olunan ayrı-ayrı məqamların ümumi kontekstdən kənar təqdim edilməsi qurumun fəaliyyəti barədə birtərəfli təsəvvür yarada bilər. Buna görə də məlumatların əlavə şərh və ümumiləşdirmələrlə mahiyyətinin dəyişdirilməməsi, faktların dəqiq ifadə olunması vacibdir.
Agentlik, həmçinin normativ hüquqi bazanın təkmilləşdirilməsi, prosedurların səmərəliliyinin artırılması və keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.
TKTA media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa, peşəkar jurnalistika prinsiplərinə riayət etməyə çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız