Bakının Xətai rayonunda “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Cəlal Mirağayevin qətlə yetirilməsi və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-də Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” restoranında 1983-cü il təvəllüdlü Cəlal Mirağayevin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Sezar pizza
İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə “Sabunçu Emin” ləqəbi ilə tanınan Emin Rəhimov arasında borcla bağlı yaranmış mübahisəni həll etmək məqsədilə oktyabrın 23-də gecə saatlarında restoranda görüş təşkil olunub. Kriminal aləmlə əlaqəli digər şəxslərin də iştirak etdiyi görüş zamanı tərəflər arasında münaqişə yaranıb və dava baş verib.
İstintaq materiallarına əsasən, dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurub. Bundan sonra Emin Rəhimovun dostu Elmar Cəfərov və Emin Rəhimov bıçaqla Cəlal Mirağayevə zərbələr endiriblər. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Digər şəxslərin əməlləri ilə bağlı isə Cinayət Məcəlləsinin cinayətkar birlik yaratma və ya belə birlikdə iştirak etmə, habelə mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər maddələri üzrə də araşdırma aparılıb.
Baş Prokurorluğun məlumatına görə, cinayətlərin törədilməsində müxtəlif formalarda iştirak etməkdə şübhəli bilinən 13 nəfər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının prokurorluqla əlaqəli şəkildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil verilib.
İstintaq nəticəsində Cəlal Mirağayevin Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə, yəni mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Digər şəxslər də əməllərinə uyğun müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Qeyd olunub ki, saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cəlal Mirağayevin qətlə yetirilməsi ilə əlaqədar cinayət işləri, eləcə də adıçəkilən şəxslər barəsində əvvəllər başlanmış digər cinayət işləri bir icraatda birləşdirilib. Cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub və Baş prokurorun nəzarətinə götürülüb.
Baş Prokurorluq istintaqın tam, hərtərəfli və obyektiv aparılacağını, bütün halların müəyyən ediləcəyini və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
Qurum, həmçinin istintaqın obyektivliyinə və gedişinə mənfi təsir göstərə biləcək, prokurorluqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının qanunla yolverilməz olduğu barədə media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Aytac Əliyeva
Telegram kanalımız