ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətindəki dəyişikliklər, Avropa Birliyinin Ukraynaya dəstəyi və genişlənmə planları kollektiv Qərbin qarşısında duran strateji seçimlərin mürəkkəbliyini göstərir... Ən azından ona görə ki, ABŞ-ın Rusiya ilə bağlı son qərarları və Avropa Birliyinin Kreml üzərində təzyiqlərin davam etdirilməsini müdafiə etməsi kollektiv Qərb daxilində kəskin yanaşma fərqlərini üzə çıxarır...
ABŞ prezidenti Donald Trampın Rusiya enerji resurslarının satışına qarşı nəzərdə tutulan sanksiyaları dayandırması Ukraynaya dəstək verən Qərb ölkələrində ciddi narahatlığa səbəb olub. Avropa Birliyinin Rusiyanin müharibəni bitirmək niyyətində olmadığına dair bəyanatları və bu quruma yeni üzvlərin qəbulu ilə bağlı planları mövcud narahatlığın təzahürü hesab oluna bilər. Eyni zamanda, bütün bu proseslər həm də Qərbin Rusiya siyasətindəki fikir ayrılıqlarını, Ukraynanın təhlükəsizliyi ilə bağlı narahatlıqları və Avropa məkanının gələcək geopolitik istiqamətini gündəmə gətirir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın ləğv etdiyi Rusiya enerji resurslarının satışına qarşı sanksiyalar bu ölkədən böyük həcmdə neft və qaz idxal edən dövlətlərə yönəlik 100 faizlik gömrük rüsumlarının tətbiqini nəzərdə tuturdu. Rusiya rəsmi dairələri Ağ Ev sahibinin bu qərarını böyük məmnunluqla qarşılasa da, ABŞ Konqresində həm respublikaçılar, həm də demokratlar onun əleyhinə çıxıblar. Və bu, ABŞ siyasi dairələrində Rusiya üzərində iqtisadi-ticari təzyiqin davam etdirilməsi ilə bağlı fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Pepperoni pizza
Təbii ki, bu qərarın səbəbləri barədə qəti nəticələr çıxartmaq hələlik çox çətin olsa da, hər halda, onun iqtisadi və siyasi istiqamətləri olduqca böyük maraq doğurur. Çünki Kremlə qarşı anksiyaların dayandırılması Qərbin Rusiyanın enerji gəlirlərinin məhdudlaşdırılması ilə bağlı siyasətinin effektivliyini də ciddi sual altında qoyur. Digər tərəfdən, yüksək gömrük rüsumları ABŞ-ın Rusiya enerji resurslarını idxal edən ölkələrlə münasibətlərini də kəskin şəkildə gərginləşdirə bilərdi.
Bütün bunları nəzərə aldıqda, ABŞ prezidenti Donald Trampın bu qərarı iqtisadi maraqlar, beynəlxalq ticarət və Rusiyaya qarşı təzyiq arasında müəyyən tarazlıq axtarışı kimi də qiymətləndirilə bilər. Bununla belə, Ağ Ev sahibinin atdığı konkret addımlar ABŞ-ın Rusiyaya qarşı bütün sanksiyalardan tamamilə imtina etməsi anlamına da gəlmir. Və bu baxımdan, mövcud situasiyanın doğuracağı əsas geopolitik ziddiyyətlərin yaxın vaxtlarda daha qabarıq şəkildə ortaya çıxmasına səbəb ola bilər.
Maraqlıdır ki, ABŞ-ın Rusiya ilə yaxınlaşmağa başladığı bir vaxtda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynada vəziyyətin çox ağır olduğunu bildirib. O, Rusiyanın atəşkəsə və ya sülhə hazır olduğunu göstərən əlamətlərin qətiyyən görünmədiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa Birliyi Ukraynanın müdafiə qabiliyyətini gücləndirməlidir. Və Rusiyanın müharibəni dayandırmaq üçün danışıqlara başlamağın zəruriliyini anlamasına səbəb olacaq əlavə təzyiq vasitələrini də mütləq nəzərdən keçirməlidir.
Əslində, məhz bu yanaşma tərzi Avropa Birliyinin Ukrayna siyasətinin əsas istiqamətini əks etdirir. Belə ki, siyasi-diplomatik cəhdlərlə yanaşı, Ukraynaya hərbi və iqtisadi dəstəyin davam etdirilməsi ön planda tutur. Bununla belə, Rusiya-Ukrayna müharibəsinin başa çatması yalnız Qərbin yardımından deyil, münaqişə tərəflərinin mövqelərindən və real danışıqlar imkanlarının yaradılmasından da asılıdır.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi məhz bu məqsədlə quruma üzv olmaq istəyən ölkələr üçün fərdi "yol xəritələri" hazırlayır. "Politico" nəşrinin məlumatına görə, Avropa Komissiyası Ukrayna, Moldova, Monteneqro və Albaniyanın Avropa Birliyinə üzvlük prosesini konkretləşdirmək üçün müəyyən planlar qurmağa başlayıb. Bu ölkələr əsas namizədlər sırasında göstərilsələr də, danışıqların ləngiməsi və üzvlük tarixlərinin qeyri-müəyyənliyi Avropa Birliyini yeni mexanizmlər axtarmağa məcbur buraxır.
Avropa Birliyinin bununla bağlı "yol xəritələri"ndə Ukrayna da daxil olmaqla, bütün namizəd ölkələrin yerinə yetirməli olduqları tələblərin, zəruri islahatların və danışıqlar mərhələlərinin müəyyən edilməsi nəzərdə tutulur. Əsas şərtlər sırasında isə hüququn aliliyi, məhkəmə müstəqilliyi, korrupsiyaya qarşı mübarizə və iqtisadi qanunvericiliyin Avropa Birliyinin standartlarına uyğunlaşdırılması və s. yer alır. Ancaq barələrində "yol xəritələri" hazırlanmış ölkələrin Avropa Birliyinə üzvlük perspektivləri, həm də bu qurumda təmsil olunan digər dövlətlərin siyasi razılığından da asılıdır.
Maraqlıdır ki, "Politico"nun məlumatına görə, Avropa Birliyində yeni üzvlərə nəzarət mexanizmlərinin gücləndirilməsi və bəzi hüquqların mərhələli şəkildə verilməsi kimi variantlar da müzakirə olunur. Bu yanaşma tərzi namizəd ölkələrin Avropa Birliyinə inteqrasiya prosesini daha da sürətləndirə bilər. Ancaq üzvlük hüquqlarının mərhələli tətbiqi variantlarının bütün üzvlərin bərabərliyi prinsipi ilə bağlı mübahisələr yarada biləcəyi də qətiyyən istisna deyil.
Təbii ki, ABŞ-ın sanksiya siyasətindəki dəyişikliklər, Avropa Birliyinin Ukraynaya dəstəyi və genişlənmə planları Qərbin qarşısında duran strateji seçimlərin mürəkkəbliyini göstərir. Ən azından, ABŞ-ın iqtisadi tədbirlərlə bağlı son qərarları ilə Avropa Birliyinin Rusiya üzərində təzyiqlərin davam etdirilməsini müdafiə etməsi kollektiv Qərb daxilində kəskin yanaşma fərqlərini üzə çıxarır. Və bu baxımdan, mövcud ziddiyyətlərin yaxın perspektivdə Rusiya faktoruna yönəlik ortaq strateji xətti zərbə altında qoya biləcəyi qətiyyən istisna deyil.
Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Ukrayna və digər namizəd ölkələrin Avropa Birliyinə inteqrasiyası "qoca qitə"nin gələcək təhlükəsizlik arxitekturası ilə də sıx bağlıdır. Xüsusilə də Ukraynanın üzvlük perspektivi həm bu ölkədə aparılacaq daxili islahatlardan, həm də Rusiya ilə müharibənin yekun nəticələrindən birbaşa asılı olacaq. Bu baxımdan, Qərbdə Ukrayna ilə bağlı qəbul ediləcək qərarların Avropa məkanında təhlükəsizlik və siyasi inteqrasiyanın gələcək modelinə ciddi şəkildə təsir göstərə biləcəyi qətiyyən şübhə doğurmur. Çünki ABŞ-ın indiki mövqeyi Ukraynanı "qurban" verir, Rusiyani gücləndirir və Kremlə Avropanı "vurmaq" üçün daha geniş "zərbə pəncərəsi" açır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Telegram kanalımız