Türkiyədə baş verən zəlzələ zamanı minlərlə insan həlak oldu, xəsarət aldı. Kahramanmaraş zəlzələsi Türkiyə tarixində ilk güclü zəlzələ deyil. Türkiyə seysmik cəhətdən çox aktiv ölkədir və Avrasiya lövhəsi (plitəsi), Ərəb lövhəsi və Afrika lövhəsi arasında yerləşir. Eyni zamanda sərhədləri daxilində Şimali Anadolu Fay Xətti, Şərqi Anadolu Fay Xətti və Qərbi Anadolu Fay Xətti ilə zəlzələ zonasındadır.
Türkiyədə ən böyük zəlzələ nə zaman olub?
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə ən böyük zəlzələ 1939-cu il dekabrın 26-27-də Ərzincanda 7,9 bal gücündə baş verib. 52 saniyə davam edən zəlzələdən sonra 32 962 nəfər həyatını itirib, 100 minə yaxın insan isə yaralanıb. Zəlzələ nəticəsində 116 720 bina dağılıb. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ Türkiyənin ən ciddi zəlzələ fəlakətlərindən biri kimi tarixə düşüb. pizza hut
Türkiyə və ətrafı 1900-cü il zəlzələnin qeydə alınmasını alətlərlə ölçməyə başladığı zamandan bu günə qədər müxtəlif vaxtlarda 6 və daha yuxarı bal gücündə 226 zəlzələ ilə qeydə alınıb. Onlardan 85-i 6,5 və yuxarı bal gücündə zəlzələlər olub. Xüsusilə 6,5 və daha yuxarı bal gücündə 20-yə yaxın zəlzələ çoxlu insan təlafatı ilə nəticələnib.
1912-ci il avqustun 9-da 7,3 bal gücündə “Mürefte”, 7 may 1930-cu ildə 7,6 bal gücündə “Hakkari”, 27 dekabr 1939-cu ildə 7,9 bal gücündə “Ərzincan”, 1942-ci ildə 7 bal gücündə “Ərbaa”, 26 noyabr 1943-cü ildə 7,2 ballıq Niksar, 1944-cü ildə 7,5 ballıq Kastamonu, 1944-cü ildə 7,5 ballıq "Bolu Gerede", 1949-cu ildə 6,7 ballıq "Bingöl Karlıova", 1999-cu il 12 noyabr 7,2 bal gücündə “Düzcə” və 2011-ci il oktyabrın 23-də 7,2 bal gücündə “Van” zəlzələsi Türkiyə tarixində güclü zəlzələlər kimi yer alıb.
Gölcük zəlzələsi
17 avqust 1999-cu ildə Kocaeli Gölcükdə baş verən 7,4 bal gücündə zəlzələdə 17 min 840 nəfər ölüb, 43 min 953 nəfər yaralanıb. Gölcük zəlzələsi təxminən 45 saniyə davam edib və Türkiyənin zəlzələ tarixində "ən uzun zəlzələ" kimi tanınır.
Düzce zəlzələsi
12 noyabr 1999-cu ildə Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələ baş verdi. Bir çox əyalətdə təsirli olan zəlzələ hətta Ukraynada da hiss olunmuşdu. Bu zəlzələdə 894 nəfər həyatını itirib, 2 min 679 nəfər yaralanıb, minlərlə insan evsiz qalıb.
Van zəlzələsi
23 oktyabr 2011-ci ildə Vanın Tabanlı rayonunda baş verən 7,2 bal gücündə zəlzələ 25 saniyə davam etdi və 601 nəfər həlak oldu.
İzmir zəlzələsi
Son illərdə baş verən təkanlar arasında 2020-ci ildə baş verən Elazığ zəlzələsində 44 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb. 30 oktyabr 2020-ci il tarixində İzmirin Seferihisar mahalı sahillərində 6,6 bal gücündə zəlzələ nəticəsində 117 nəfər həyatını itirib, 1034 nəfər yaralanıb.
Fevralın 6-sı 2023-cü ildə baş verən 7,7 ballıq zəlzələnin qurbanlarının axtarışları isə hələ davam edir…
Telegram kanalımız