“Türklər bizim büdcə ilə serial çəksələr...”  - MÜSAHİBƏ
08 İyl 2020 13:40
723

“Türklər bizim büdcə ilə serial çəksələr...” - MÜSAHİBƏ

Akademik Rus Dram Teatrının aktyoru Murad İsmayılın Yenisabah.az-a müsahibəsi:

- Murad bəy, siz teatr aktyoru olsanız da, seriallara da çəkilirsiniz. Tamaşaçıların Azərbaycan seriallarına münasibəti sizi qane edirmi? 

- Maraq azdır, bəli, xüsusilə də gənclər arasında seriallara baxanlar azlıq təşkil edir. Normalda milli seriallarımıza orta və yaşlı nəsil baxır. Amma əvvəlkinə nisbətən baxanlar var. Cavanlar da baxır, lakin azdır. Xüsusilə gənclər arasında daha az baxılır. Səviyyəli seriallarımız da var. Düşünürəm ki, bu sahədə inkişaf gedir. Milli seriallarımız yavaş-yavaş auditoriya toplaya biləcək.

- Əsas iradlardan biri seriallara çəkilən aktyor heyətiylə bağlıdır. İddia olunur ki, vəsaitə qənaət etmək üçün seriallara daha çox qeyri-peşəkarları dəvət edirlər. Hətta taksi sürücülərinin çəkildiyi barədə məlumatlar var…

- Bəli, dediyiniz hallar olur. Bu da maliyyə problemiylə bağlıdır. Büdcə aktyor dəvət etməyə imkan vermir, rejissorlar da məcbur qalıb təsadüfi adamları çəkirlər. 

- Bəlkə məvacib az olduğu üçün peşəkar aktyorlar bi işə soyuq yanaşırlar? Axı Azərbaycanda serial çəkilişinə xarici ölkələrlə, müqayisədə çox az vəsait ayrılır… 

- Məncə, bizdə heç kim aktyorluq sənəti ilə yaxşı pul qazanmaq üçün məşğul olmur Çünki bizdə xaricdəki kimi aktyorların çox gəliri yoxdur. Düzdür, teatr sahəsində maaşlarımız artıb, indi əvvəlkindən iki dəfə çox alırıq. Aktyorlar onsuz da öz sənətlərini sevdiyi üçün bu işlə məşğul olur. Soyuq yanaşanlar yəqin bu işlə hobbi kimi məşğul olanlardır. Azərbaycan seriallarını, xarici, o cümlədən türk serialalrı ilə müqayisə etmək düzgün deyil. Çünki bizdə büdcə qat-qat azdır. Yaxşı işin ortaya çıxması üçün yaxşı büdcə ayırmaq lazımdır. 

- Serialların süjet xətti, təbliğ etdiyi ideyalarla bağlı da ciddi problem var. Yazılan ssenarilər size qane edirmi? 

- Ssenari ən ciddi problemlərdən biridir. Onları da qınamıram, gecə-gündüz gündəlik serial ssenarisi yazırlar. Şərtlər nəyə imkan verirsə, ona uyğun işləyirlər. Bəlkə də onları tələsdirməsələr, bir layihədə bir neçə ssenarist işləsə, ortaya daha keyfiyyətli iş çıxar. Fikrimcə, bir serialın və ya filmin uğurlu alınması üçün birinci yaxşı ssenari olmalıdır. 

- Tamaşaçıları ekran başına toplayan, türk serialları ilə rəqabət apara bilən seriallar çəkmək üçün nə etmək lazımdır?

- Türkiyədə serial çox inkişaf edib. Onlar artıq kifayət qədər təcrübə toplayıblar. Hər şeyi büdcəyə bağlamaq istəmirəm, amma ən önəmli səbəblərdən biri büdcənin az olmağıdır. Mən düşünürəm ki, heç də bizim aktyor və aktrisalar onlardan zəif deyil. Onlar da bizim büdcə ilə, bizim çəkildiyimiz şərtlərdə çəksələr, ortaya o qədər keyfiyyətli iş çıxmaz. Zamanla bizdə də daha uğurlu, daha baxımlı serialların çəkiləcəyinə inanıram. Bu zaman çox tamaşaçı bizi izləyəcək.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər