Türkiyədə baş verən zəlzələ Azərbaycanda da böyük təlaş yaratdı. Müvafiq qurumlar Azərbaycanda belə bir təhlükənin olmadığını bildirsələr də, insanların narahatlığı davam edir.
Bu cür hadisələr xüsusən də uşaqlara təsirsiz otüşmür. Bəs uşaqların psixologiyasında yarana biləcək dəyişikliklərin qarşısını almaq üçün nə etmək lazımdır? Bu tip hadisələr baş verən zaman valideynlər uşaqlarla necə ünsiyyət qurmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan kliniki psixoloq Nuriyyə Quliyeva azyaşlı uşaqları sosial şəbəkələrdə zəlzələ ilə bağlı paylaşılan görüntülərdən uzaq tutmalı olduğumuzu bildirib: Sezar pizza
“Ümumiyyətlə, bu cür hadisələr olduqda, bütün sosial şəbəkələrdə videolar paylaşılır, binaların çökməsi, baş verən faciə detallarına kimi göstərilir. İlk növbədə valideynlər diqqət etməlidirlər ki, uşaqlar bu görüntülərdən uzaq olsunlar. Ola bilər ki, onların yaşadığı ərazidə zəlzələ olmayıb, amma gördükləri videolara görə bir növ travma almış olurlar. Birbaşa fiziki travma almayan uşaqlar artıq psixoloji olaraq bu travmanı alırlar. Bu gün hadisənin Türkiyədə olmasına baxmayaraq, Azərbaycanda da insanlar təşviş içindədirlər. Buna səbəb bölgədən bu qədər videoların yayılmasıdır. Valideynlər mütləq uşaqları bu görüntülərdən uzaq tutmalıdırlar”.
Psixoloqun sözlərinə görə, valideylərin həmin vaxt hadisəyə göstərdikləri reaksiya, qorxu sonralar uşaqların psixologiyalarında müəyyən iz buraxır:
“Əgər uşaq bu hadisə haqda haradansa eşidibsə, valideyndən soruşursa, bu zaman valideyn uşağın yaşına uyğun şəkildə zəlzələ nədir, necə olur başa salmalıdır. Bu zaman onlara müəyyən məlumat verilə bilər. Amma hər xırdalığı onlara demək olmaz, zəlzələ anı nə etmək lazımdır bu barədə animasiyalar, cizgi filmləri göstərilə bilər. Bu, sırf maarifləndirmə məqsədilə edilməlidir. Detallı olaraq uşağa binalar çökür, insanlar onun altında qalır demək, bu barədə görüntülər göstərmək, binanın altında qalanların, uşaqların çığırtılarına qulaq asdırmaq qətiyyən olmaz!
Valideyn hadisəyə necə reaksiya verirsə, uşaq da güzgü kimi onu əks etdirir. Əgər bir valideyn hər hadisəni vahiməli, təşvişli, həyəcanlı qəbul edərsə, buna hədsiz reaksiya verərsə, uşaq da eyni reaksiyanı verəcək. O düşünəcək ki, bu çıxılmaz bir vəziyyətdir, bədbəxt hadisə baş verəcək, bu dünyanın sonu deməkdir və s. Ona görə valideynlər mümkün qədər təmkinli olmalıdırlar. Bu, təbii fəlakətdir və qarşısını almaq mümkün deyil, sadəcə uşaqları biz özümüzü bax belə qoruya bilərik kimi maarifləndirmək lazımdır. Uşaqlara bunla bağlı məlumatlar vermək daha faydalı olur”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız