Varlıya dənizi satır, kasıba şıllaq atır…
03 İyn 2020 12:32
876

Varlıya dənizi satır, kasıba şıllaq atır…

Dörd divar arasında keçirdiyimiz günlər arxada qaldı. İndi hamı öz işiylə məşğuldur. Azca vicdanı olan adamlar başlarını aşağı salıb, balalarına bir tikə çörək qazanırlar. Vicdansızlar da həmişə olduğu kimi yenə haramla, yalan və talanla başlarını dolandırırlar…

İş yerini itirən, bir tikə çörəyə möhtac olan insanlarla danışmaq, onların qayğılarını dinləmək çətin idi. Bu insanlara kömək edə bilməmək isə ikiqat çətin idi. Heç vaxt yadımdan çıxmayacaq, aprelin 14-də telefonuma tanımadığım nömrədən zəng gəldi. Hal-əhval tutandan sonra birbaşa mətləbə keçdi: “Müəllim, mənə kömək edə bilərsiniz?”

Həmin vaxt hər gün ən azı üç-dörd nəfər yardım üçün müraciət edirdi. Mənim həmin adamlara ən böyük köməyim onları imkanlı dostlarıma yönləndirmək olurdu. Odur ki, aramızda belə bir dialoq baş verdi: 

- Mən sizə necə kömək edə bilərəm? Pul lazımdır, yoxsa ərzaq istəyirsiniz?

- Yox, qadan alım. 59 yaşım var, hələ heç kimdən bir manat pul istəməmişəm. Mən həmişə halal zəhmətimlə dolanmışam…

- Bəs niyə zəng etmisiniz?

- Mən Qaradağda yaşayıram. Ustayam. Dünən işə çıxdım. İki daşı üst-üstə qoymağa macal tapmamış, gəlib hərəsinə bir təpik vurdular…

- Kim vurdu?

- Kim olduqlarını bilmirəm. Amma geyimlərindən müftəyeyən adamlara oxşayırdılar…

Mənzərə aydın idi. Ağsaqqal karantin rejimini pozduğu üçün onun işləməyinə icazə verilməmişdi. Qanunun qarşısında hamımızın boynu tükdən incədir. Dünyagörmüş adam olduğu üçün məni başa düşdü, hətta vaxtımı aldığına görə üzrxahlıq edib, sağollaşdı…

Onun daşını uçuranlar həmin gün mənim ürəyimdən bir parça daş asıb getdilər…

Üç-dörd gün əvvəl Cəlilabaddan Bakıya qayıdırdıq. Hacıqabulun boz çöllərini keçəndən sonra Qaradağa çatdıq. Sovet şairlərinin vəsf etdiyi Xəzər bu rayonun ərazisində “yoxa çıxmışdı”. Allahın Azərbaycan xalqına bəxş etdiyi əvəzsiz nemət olan gözəl dənizimiz yolboyu hasarlanmışdı. Xəzərlə aramıza məmurların tamahı girmişdi…

Qeyri-ixtiyari olaraq, balalarına bir tikə çörək qazanmaq üçün aprelin 14-də işə çıxan ustanı xatırladım. Dediyinə görə, üst-üstə qoyduğu iki daşı təpiklə vurub havaya uçurmuşdular. Həmin vaxt ağlımdan keçən ilk sual bu oldu: kasıba şıllaq atan bu adamlar Xəzəri hasarlayan varlıları görmürlər? Axı qanun dənizə 130 metrdən yaxın ərazidə inşaat işləri aparmağa icazə vermir. Niyə kasıbın komasını uçuran həmin məmurlar varlının villasının həndəvərinə yaxınlaşa bilmirlər? Niyə yaxınlıqda yaşayan sadə insanlar dənizin üzünə həsrət qalmalıdırlar? Axı rayonun adının Qaradağ olması o demək deyil ki, camaatın günü qara olmalıdır…

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, məmur xalqın xidmətçisidir. Təəssüf ki, bəzi məmular özlərini xalqın yox, varlı adamların xidmətçisi kimi aparırlar…

Seymur VERDİZADƏ

Oxşar xəbərlər