Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Vəfa Şərifovanın itinə baxmağa talibəm...
13 İyl 2021 09:50
8097

Vəfa Şərifovanın itinə baxmağa talibəm...

İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.

Arxalı köpək qurd basar.

(Atalar sözü)

İki gün öncə “Yeni sabah”ı vərəqləyəndə gözümə bir yazı sataşdı. Başlığı belə idi:

“Azərbaycanlı müğənni itinə dayə axtarır-800 manat maaş”. Səkkiz yüz manat və maaş sözləri o qədər cəlbedici idi ki, ürəyim titrədi. Yayın istisi ola, kondisionersiz ev ola, aldığın maaş ilə də ötən ayın borclarını-kreditlərini verib oturasan evdə. Bu başlığı oxuyanda qəlbimə bir sevinc doldu. Bir andaca atamın “Avqust ayı müəllimin şalvar satan ayıdır.”-kəlamını da unutdum. Atam müəllim idi, görünür, o da müəllim atasından eşitmişdi, bəlkə də, təcrübədən deyirdi.

 Heç nə dəyişməyib. 1971-ci ildə müəllim babam, 2001-də müəllim atam, 2021-ci ildə mən... avqust ayı bizim üçün kasıblıq ayıdır...

Çox cəlbedici, həvəsləndirici, ümidləndirici, qol-qanad verici, hətta qidalandırıcı başlıqdır. Ürkək-ürkək  məqaləni açıb oxuyuram, səhifə açılana qədər Tanrıya, peyğəbərə, on iki imama yalvarıram ki, ya rəbbi, ya on iki imam, ya Xıdırzində piri(bizi tərəfdə Xıdırzində pirinə inam böyükdür. Uşaq olanda atam danalarımız itəndə məni  döyüb evdən qovardı, mən də Xıdırzində pirinə yalvarırdım ki, danalarımızı tapıb evə gələ bilim. O da kömək olardı.)nə olar kimsə bu xəbəri duymasın, eşitməsin, görməsin, o vəzifəyə talib olmasın, mən də avqust ayında şalvarsız qalmayım... Səhifəni açıb oxuyuram, yazır ki, müğənni Vəfa Şərifova Moskvada özünə it alıbdır, bəs onu qısa bir zamanda Bakıya gətirəcək(Ya rəbbi, sən özün onlara kömək, ikisi də sağ-salamat gəlib çıxsınlar) və kim Vəfa xanımın itinə dayəlik etsə ona nə az, nə azacıq 800 yüz(səkkiz dənə qıpqrmızı yüzlük )maaş verəcək. Əla! Gör nə gözəl yazıdır ey! Yazan da sağ olsun, gözəl yazıbdır, evfemizimdən də istifadə edib. Bir var yazasan ki, ay camaat, bəs Vəfa xanım özünə itə baxan axtarır, bir də var yazasan, Vəfa xanım itinə dayə axtarır. Hansı yaxşıdır? Əlbəttə, dayə sözü. Yoxsa camaat nə deyər? İtə baxan nədir? Dayə! Dayə sözü gözəldir. O qədər gözəldir ki, Şəhriyar o sözü öz şeirində işlətmişdi, yazmışdı ki:

“İzn ver toy gecəsi mən də sənə dayə gəlim

Əl qatanda sənə məşşatə təmaşayə gəlim”

Di gəl ki, bu işin pulu varsa da bir az o biri tərəfi də var. Bilmirəm nə üçünsə bizim camaat itə iki cür baxır. Bir qisim insanlar itə vəfalı dost, arxa kimi baxır, bir qismi də təhqir kimi...

Məsələn, Nizami yazırdı ki. “İt sənə dost olar, bir sümük atsan, namərd qədir bilməz, olsan da qurban” Deməli, burada it namərd adamdan yaxşıdır. Yenə Nizami yazırdı ki, Məcnun əyilib itin ayaq izlərində öpür, deyirlər, ay Məcnun niyə elə edirsən? O da cavab verir ki, bəs o itin ayağı Leylin yaşıyan villanın həyətinə dəyib...Bunu xatırlayanda, düşünürəm ki, ey vah! Gör bu gözəl-göyçək, qələm qaşlı, güz almasına bənzər al yanaqlı Vəfa xanımın itinin ayağının altından nə cayıllar öpər ey....O biri yandan yenə Nizamidən oxuyuram ki, bəs bir çoban itini asıb ki, dişi canavarla dostluq edib, sürüdəki qoyunları dişi canavara verirmiş...Görəsən, Vəfa xanımın iti dişidi, ya erkək? Təəssüf ki, “Yeni sabah” bu haqda heç nə yazmır...

Sonra açıb oxuyuram “Kitabi Dədə Qorqud”u.  “Salur  Qazanın evinin yağmalanması” boyunda  Tulu quşun yavrusu, miskin umudu,  Oğuzun dövləti Qazan xan yağmalanmış yurdunun dalınca gedəndə yurd, su,qurdla xəbərləşəndən sonra qarşısına çıxan itlə belə xəbərləşir:

“Qaranqu axşam olanda vaf-vaf ürən!

Acı ayran töküləndə çap-çap içən!

Gələn xırsızları qorxudan!

Qorxudub heybəti ilə ürküdən!

Ordumun xəbərin bilmirsən, degil mana!

Qara başım sağlığında yaxşılıqlar edəm, köpək sana!-dedi”

Fikir verin, Qazan xan, köpəyini adam yerinə qoyur, ondan ordusunu soruşur, köpəyinə yaxşılıq edəcəyinə söz verir. Düzdür, o, yurduna, suya, qurda dediyi kimi köpəyinə “qara başım qurban olsun sana”,- demir, nə olsun, köpəyinə gör necə dəyər verir? Yoxsa ki, Qazan xanın çobanı Qaraca Çoban kafirə gör nə deyir:

“Hərzə-mərzə söyləmə, mərə itim kafir!

İtimlə bir yalaqda(yal qabı) yuyundum(yal, it yalı)içən azğın kafir!”

Elə Qaraca Çoban kimi adamlar uydurub “it yalı”, “it günü”, “it kimi hürmək”, “itin canı bərk olar”, “itlə dostluq elə, çomaxı əlindən yerə qoyma”, “it oğlu it”...

Başa dümürlər ki, məsələ itdə deyilee, məsələ kimin iti olmaqdadır, bir var Qazan xanın iti olasan, bir də var çobanın....

Elə isə itə baxmaq niyə ayıb olsun ki...? Hələ hələ o it işığı pəncərədən düşən ay kimi parlaq üzlü, gözəlllər gözəli, səsindən yer-göy titrəyən, iki yüz fanatı olan,bəlkə də,  bir toydan iyirmi iki min iki yüz dollar pul qazanan müğənnimiz  Vəfa xanımın iti ola....

Mən bu işə cani-gönüldən razıyam...Təcrübəm də var... Uşaqkən həyətimizdə üç it olub; Tarzan, Ağbiləng, Saymaz...

Tarzanı çox sevirdim, etibarlı it idi.. Dostu, düşməni bizdən yaxşı tanıyırdı... Atamı sevməyən iki adam vardı kəndimizdə, Tarzan o iki nəfər evimizin yanından keçəndə onlara ayrı cür hürürdü...Biz Tarzanın səsindən bilirdik ki, küçədən keçən kimdir...

Ağbiləng. Əlisafa dayının iti balalamışdı. Atamla getdik onlara. Mən yeni doğulmuş küçüklərin arasından biləkləri ağ, başında ağ xallar olan küçüyü seçdim. Elə gözəl idi ki, yupyumşaq tükləri, masmavi gözləri vardı...

Saymaz. Ağbiləngdən sonra gətirmişdik onu. Kəndçimiz Fikrətin qurbasar iti balalamışdı, on bir küçük idi. Onların arasında bircə mənim gətirdiyim  sağ qaldı, qalanları hamısı öldü. Saymaz adını İnqilab Vəlizadənin “Məhəbbət və nifrət” adlı romanından götürmüşdüm. Həmin romandakı Saymaz sahibinə etibarlı, qurbasar bir köpəyin adı idi..Balaca Saymazım da böyüydü, qızılı bir it oldu. Saymaz o qədər böyük idi ki, görənlər qorxuya düşürdü. Bir də Saymaz məndən başqa kimsənin onu zəncirə vurmasına razı olmurdu.Onun səsindən, heybətindən bütün kənd lərzəyə gəlirdi. Saymaz böyüyəndən sonra qurdu yox, elə özümüzü basdı. Yaxşı yadımdadır, qonşu kənddə onuncu sinifdə oxuyurdum. Sonuncu dərsin sonuncu zəngində bir də gördüm kəndimizdən dalımca bir atlı gəlib. Ayə nə olub? Demə, Saymaz zəncirdən açılıb gedib evimizin yaxınlığındakı məktəbə. Məktəbdə nə qədər uşaq, müəllim var, atam qarışıq hamısını yığıb məktəbin içinə, özü də oturub qapının ağzında, əlini qoyub əlinin üstünə. Direktor, müəllim, şagird bir də atam qalıb pəncərədən baxa-baxa. Çaparın tərkinə minib kəndə gələnə, Saymazın boynundan tutub evə aparana qədər uşaqların dili ağzı qurumuşdu...

Görəsən, Vəfa xanımın iti qurdbasar deyil ki?

Ey altı yüz manat maaş alan müəllimlər, ey üç yüz manat maaş alan doktorlar, Nəyə gülürsünüz? İşləmək, halal zəhmətlə yaşamaq ayıbdır? Məgər aqil babalarımız deməmişdi ki, müəllimlər boş vaxtlarında (avqust ayı başdan ayağa boşluqdur, cib boş, vaxt boş) gedib soğan əksin, daş daşısın, divar hörsün? Bu da işdir də. Nəyimə lazımdır ki, o it kimin arabasının kölgəsində yatır,arxalıdır, ya yox, o it hürür, yoxsa yox. İt günündə yaşamaqdan yaxşıdır ki...

Bəhram Cəfəroğlu

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər