Vüsal Kərimli məsləhət üçün 2.1 milyon manat ödəyib
08 İyl 2020 16:58
256

Vüsal Kərimli məsləhət üçün 2.1 milyon manat ödəyib

“Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi "Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiz, bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq – Şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin”. 

Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O əlavə edib ki, BNA ilə şirkət arasında bağlanmış müqavilənin maliyyə dəyəri 2 milyon 100 min AZN-dir. 

“Deyəsən, çox ağır məsləhətlər olacaq. Elmlərdə 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər”, - deyə ekspert vurğulayıb.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, “Alpina Parking Consulting” 14 fevral 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Eldar Tağızadə, ev 18 A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. 

Sənan Əhmədzadə və rəhbərlik etdiyi MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Burada MMC-nin yeni yaranması diqqət çəkir. BNA-nın 4 ay əvvəl yaradılan şirkətlə 2 milyonluq müqavilə imzalaması da təbii olaraq müəyyən şübhələrə səbəb olub.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də məsələyə münasibət bildirib. 

“Son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır”, - deyə o vurğulayıb.

Mais Ağayevin sözlərinə görə, tenderin qalibi olan “Alpina Parking Consulting” MMC 1997-ci ildə yaradılan “Alpina” şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. “Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir”, - deyə BNA sözçüsü bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər