Xaricdə təhsil: Dövlət proqramı ilə mütəxəssis olmağın faydaları

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə təhsil: Dövlət proqramı ilə mütəxəssis olmağın faydaları

Sosial

27 İyul 2023 10:09 1064


Təhsil dövlətin prioritet sahələrindən biridir. Ona görə də hər bir valideyn övladının daha yüksək və keyfiyyətli təhsil almasına çalışır. Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində və universitetlərində minlərlə azərbaycanlı gənc təhsil alır.

Bu gənclərin bir çoxu dövlət proqramı çərçivəsində xarici ölkələrə göndərilsə də, bəziləri də şəxsi hesabları ilə bir sıra ölkələrdə təhsil alırlar.

Lakin burada xarici ölkə diplomlarının Azərbaycanda tanınmaması problemi ilə yanaşı müvafiq ixtisasların ölkəmizdə elə də maraqla qarşılanmaması faktları özünü büruzə verir. pizza

Maraqlıdır, tələbələrimiz, əsasən, hansı ixtisaslara üstünlük verməlidir? Xaricdə təhsil alan həmyerlilərimizi ölkəyə geri qaytarmaq üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı Yenisabah.az-la söhbətində deyib ki, ölkəmizdə təhsillə bağlı bütün işlər dəqiq, planlaşdırılmış və proqnozlaşdırılmış şəkildə görülür:

“Xaricdə təhsil almağa gedən tələbələrin sayı da bu qəbildəndir. Nə qədər tələbə hansı ölkəyə və ixtisaslarda təhsil almağa göndərilirsə, bunu müvafiq icra qurumları müəyyənləşdirir.

Göndərilən tələbələr, əsasən, ən müasir ixtisaslarda təhsil almağa gedir. Həmin vəsait dövlət hesabına ödənilir, müvafiq ixtisasa yiyələnən gənclərimiz ya ölkəmizə qayıdıb çalışırlar, ya da xaricdə qalırlar”.

“Digər bir məsələ isə vətəndaşların öz hesabına xaricdə təhsil almasıdır. Azərbaycan demokratik və unitar bir ölkədir deyə, hər bir vətəndaş dünyanın istənilən ölkəsində təhsil ala bilər. Ancaq onlar bu zaman çox diqqətli olmalıdır. Təhsil aldığı universitetin diplomları Azərbaycanda tanınırmı, qazandığı ixtisas Azərbaycanda gərəklidirmi?

Fikrimcə, xaricdə təhsil müsbətdir, lakin biz universitetlərimizi gücləndirməliyik. Elə etməliyik ki, universitetlərimiz xarici ölkələr üçün mütəxəssis hazırlayan təhsil ocaqlarına çevrilsin. Bunun çox strateji əhəmiyyəti var”, – deyə deputat fikirlərinə əlavə edib.

Təhsil üzrə ekspert Kamran Əsədova isə aydınlaşdırıb ki, tələbələrimizin xarici ölkəyə təhsil almağa getməsi, əsasən, 3 istiqamətdədir:

“Birinci istiqamət budur ki, onlar Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamır və xarici ölkələrə gedirlər; 

İkincisi, dövlət proqramları ilə xarici ölkələrə gedənlərdir. Məsələn, 2007-2015-ci ildə cənab Prezidentin xaricdə təhsil proqramı var idi.

Növbəti proqram 2019-2023-cü ildə keçirildi və bu, ali təhsildə beynəlxalq rəqabətin artırılması ilə bağlı oldu. Daha sonra 2022-2026-cı illər üzə xaricdə təhsil proqramı da mövcuddur”.

Ekspert xatırladıb ki, 2007-2015-ci illərdəki xaricdə təhsil proqramı ilə 5 min azərbaycanlı gəncin xaricdəki nüfuzlu universitetlərə göndərilməsi planlaşdırılsa da, 2.500 nəfər göndərildi:

“2022-2026-cı illərdə isə 2 min azərbaycanlı tələbənin xarici ölkələrə göndərilməsi nəzərdə tutulur. 

Üçüncü kateqoriya isə dövlətlərarası proqramlar ilə gedənlərdir. Məsələn, Qoşulmama Hərəkatı, yaxud Türkiyədəki “Türkiyə bursları”dır, Macarıstanda “Qarşılıqlı əlaqə” proqramlarıdır. Yəni bu tip proqramlarla gedənlər var”.

Onun sözlərinə görə, burada ən çətini dövlət proqramı ilə getməkdir:

“Çünki onun çox ciddi kriteriyaları var və bizim bundan gözləntilərimiz çox böyükdür. Hesab edirəm ki, biz daha çox mütəxəssislərin xarici ölkələrə getməsində maraqlı olmalıyıq. Amma onların qayıdıb ölkədə müvafiq sahələrdə işləməsi də təmin olunmalıdır”.

“Xarici ölkələrdə daha çox ixtisas seçimi tibb, iqtisadiyyat, informasiya təhlükəsizliyi və kənd təsərrüfatı ixtisaslarına olmalıdır və bu, zəruridir. 

Məsələn, özümüzdə kifayət qədər müəllim və digər sahələrdə yetişdirdiyimiz kadrlar var. Amma tibb və kompüter sahəsində mütəxəssislər yetərli deyillər. Hətta nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı da bizim mütəxəssislərə ehtiyacımız var.

Mənə elə gəlir ki, bu istiqamətdə say artırılarsa, Azərbaycanda əmək bazarında rəqabət mühiti yaranar, yeni insanlar əmək bazarında keyfiyyətli təhsilimizə gətirib çıxara bilər”, – K. Əsədov yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!