“Gənclərin xaricdə təhsilə önəm verməsi çox ciddi problem və aktual bir məsələdir. Həqiqətən də bu gün Azərbaycandan xaricə çox kütləvi beyin axını var və xaricdə təhsil almağa gedənlərin əksəriyyəti Azərbaycana qayıtmaq istəmirlər”.
Bu sözləri Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili xaricdə təhsilin son dövrlər geniş vüsət almasından sonra gənclərin və tələbələrin ölkəyə geri qayıtmaması problemindən, habelə onların ölkədə təhsil alması üçün atılmalı olan prioritet addımlardan söz açıb. pizza hut
Xatırladaq ki, dövlətin təhsillə bağlı olan proqramları çərçivəsində qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin bir çoxu ölkədə qalaraq təhsilini davam etdirib.
C. Məmmədov isə bildirib ki, xaricə getməyin bir neçə səbəbi var:

“Birinci səbəb odur ki, Azərbaycanda təhsilin keyfiyyəti tam yüksək deyil. Biz hələ də Azərbaycan universitetlərinin dünya reytinqində 1000-dən aşağı düşdüyünü görməmişik. Bu gün bizim universitetlərimiz 1000-ci və 1000 ətrafıdır. Bu da onu göstərir ki, təhsilin keyfiyyətində hələ xeyli problemlər var.
Birincisi, təhsilin keyfiyyətini artırmalıyıq ki, Azərbaycan universitetləri həm keyfiyyətli təhsil versinlər, həm də dünya reytinqində irəliliyə bilsinlər.
Bu gün biz bu məqsədə və hədəfə nail ola bilməmişik. Yəni gənclərin xaricə üz tutmasının səbəblərindən birincisi keyfiyyətdir.
İkinci bir məsələ isə beyin axınıdır. Bu kadrların bir hissəsi xaricdən Azərbaycana qayıtdıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Onlar dövlət qurumlarına müraciət edirlər, bəzən isə onları subyektiv və müxtəlif səbəblərdən götürmürlər. Maaşlarla bağlı səbəblər də var. Ona görə də bu şəxslər düşünürlər ki, öz diplomları ilə daha yaxşı iş tapa bilərlər. Onun üçün də xaricə üz tuturlar”.
Milli Məclis üzvü düşünür ki, xaricdə təhsil alan tələbələrlə bağlı çox ciddi proqram işinin olması lazımdır ki, onlar xaricdəki təhsilini bitirib gəldikdən sonra onların müxtəlif dövlət qurumlarında çalışmasına nəzarət olmalıdır:
“Yəni onlarla ciddi iş aparılmalıdır ki, onlar Azərbaycanda müvafiq işlə təmin olunub xaricə üz tutmasınlar. Burada kompleks bir işin qurulmasına ehtiyac var.
Biz hər il müxtəlif proqramlar qəbul edib xaricə tələbələr göndəririk. Lakin Azərbaycanda yüksək təhsili təmin etməklə həm də çoxsaylı vəsaitin xaricə getməsinin qarşısını ala bilərik. Bu istiqamətdə addımların mütləq şəkildə atılmasına ehtiyac var.
Bu gün Qərbdə hər şeyin əla və yüksək səviyyədə olması haqqında güclü təbliğat aparırlar. Bu da gənclərimizdə belə bir fikir yaradır ki, həqiqətən də xaricdə hər şey yüksək səviyyədədir.
Lakin heç də bu, tam elə deyil. Ona görə də burada həm düşüncə, həm universitetlərimiz, həm də xaricdə oxuyan tələbələrə münasibət dəyişməlidir ki, biz problemi həll edək”.
Təhsil üzrə ekspert Elçin Əfəndi isə söyləyib ki, təəssüfləndirici məqam olsa da, tələbələrin çoxunun xaricdə təhsilə önəm verməsi faktı var:
“Hər il, xüsusilə də tibb və İT sahəsi üzrə xaricə üz tutan tələbələrin sayı artır. Dövlət bununla bağlı müvafiq proqramlar elan edir.
Məsələn, sonuncu proqram 2022-2026-cı illəri əhatə edən dövlət proqramıdır ki, bakalavr və magistratura pilləsində xaricdə təhsil almaq istəyən tələbələrin dövlət tərəfindən maliyyə xərcləri qarşılanmaqla onlara dəstək olunur. O şərtlə ki, onlara Azərbaycana qayıdıb dövlət, yaxud özəl sektorda çalışmaq imkanları verilir. Yəni qayıtmalı və işləməlidirlər”.

Mütəxəssis xatırladıb ki, halbuki bu günə qədər belə şərtlər yox idi və dövlət proqramı ilə xaricdə oxuyan tələbələr təhsil aldıqları ölkələrdə qalırdılar:
“Lakin dövlət artıq bunu düşündüyü üçün belə bir qərarı 2022-2026-cı il proqramına daxil etdi. Həmin şəxslərin ölkəmizdə qalıb xaricə çıxmamaları üçün müvafiq olaraq bu şəxslərin işlə təminatına baxılmalı, onlara yüksək məvacibli işlər təklif olunmalıdır.
Eyni zamanda onların təhsil əlçatanlığı təmin olunmalıdır. Yəni ölkədə hər hansı bir tələbə, tutaq ki, İT sahəsi üzrə bakalavr pilləsi təhsil alıbsa, onun magistr pilləsi üzrə təhsil alması imkanı işlədiyi müddət ərzində ona tanınmalıdır.
Həmçinin elmi işlərini davam etdirmək istəyirsə, doktorluq istiqamətində tədqiqat işlərinin aparılması ilə bağlı ona müvafiq vəsait ayrılmalı və yardım olunmalıdır”.
Ekspert əmindir ki, belə olduğu təqdirdə, əlbəttə ki, həmin şəxslər ölkədə qalıb işləmək və təhsil almaq istəyəcəklər:
“Təhsil sahəsini inkişaf etdirmək üçün ölkəyə xaricdən mütəxəssislər ölkəyə cəlb olunmalıdır. Bizim xaricdə təhsil alan vətəndaşlarımız müvafiq universitetlərdə dərs aparmalıdırlar. Belə olan halda rəqabətlilik mühitinin formalaşması təmin olacaq və tələbələr də burada qalıb işləmək, o cümlədən təhsil almaqda maraqlı olacaqlar”.
E. Əfəndi vurğulayıb ki, burada xaricə çıxış imkanlarını məhdudlaşdıracaq səbəb yalnız gedəcək şəxslərin maddi rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardır:
“Çünki onlar xaricə ona görə üz tuturlar ki, bu ölkələrə gedib öz bilik və bacarıqlarını hansısa şirkətlərdə çalışmaqla özlərinin yaşam təminatını yaxşılaşdırmağı düşünürlər. Biz məsələnin bu tərəfinin düşünürüksə, o zaman beyin axınının qarşısını almaq olar. Məsələn, nə üçün azərbaycanlı bir şəxs gedib NASA-da çalışmalıdır, amma Azərbaycanda yox?”
“Ortada olan faktlar çoxdur və mən istərdim ki, xaricdə çalışmaq istəyən şəxslərə biz elə təkliflər verək ki, bu təkliflər onun üçün artıq vaz keçilməz olsun. Belə addımlar dövlət tərəfindən atılmalıdır. Eləcə də təhsil istiqamətində mütərəqqi qərarlar qəbul olunmalıdır ki, bu şəxslər Azərbaycanda qalmağa maraqlı olsunlar”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz aydınlaşdırıb ki, dövlət tərəfindən bununla bağlı müəyyən addımlar atılır:
“Son dövrlər təyinatlarda da görürük ki, xaricdə təhsil almış şəxslərə üstünlük verilir. Həmçinin ölkəmizdəki neft-qaz sektoru ilə bağlı xaricdə təhsil alan mütəxəssislərə və ölkədə müvafiq kadr hazırlığını həyata keçirən tələbələrinə üstünlük verilir. Dövlət tərəfindən həmin şəxslər digərlərinə müqayisədə daha çox önə çəkilir”.
“Məncə burada müəyyən strateji səhvlərə yol verir. Çünki biz çalışmalıyıq ki, ölkəmizdə təhsil alan şəxslərin müəyyən istiqamətlər üzrə işlə təminatını yaxşılaşdıraq.
Çünki bu, xaricdə təhsil almaq istəyən şəxslər üçün bir növ örnək olacaq ki, dövlət öz təhsilinə güvənir və verdiyi təhsil əsasında ixtisaslı kadr kimi formalaşan şəxsləri dəstəkləyir. Belə olduğu təqdirdə ölkədə qaib təhsil almaq istəyənlərin sayı çoxalacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız