Xocavənddə silahlar işə düşdü: Ermənilər bir-birini qırmağa hazırlaşır

Xocavənddə silahlar işə düşdü: Ermənilər bir-birini qırmağa hazırlaşır

Bölgə Veb saytların hazırlanması

05 İyun 2023 14:35 1928


“Aprelin 23-dən Laçında quraşdırılan sərhəd-buraxılış məntəqəsi indi də işləyir və hər gün oradan 30-40 nəfər erməni keçib gedir. Dünən də 28 erməni oradan keçib. Yəni o məntəqənin erməniləri və bölgəyə qida, eləcə də digər lazımi məhsulları buraxmaması haqqındakı fikirlər yalandır və heç bir reallığa uyğun gəlmir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O, Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə baş verən xaosdan və separatçı “hakimiyyət”ə qarşı edilən etiraz aksiyalarından söz açıb. 

Xatırladaq ki, sonuncu belə hadisə Xocavənd rayonunun ermənilərin məskunlaşdığı Çartar kəndi ərazisində baş verib. Belə ki, talonsuz benzin almaq istəyən ermənilərlə bir yanacaqdoldurma mənqətəsinin işçiləri arasında əlbəyaxa dava baş verib. Nəticədə qondarma rejim “polis”i 7 nəfəri həbs edib. 

Öz növbəsində, Q. Hüseynli söyləyib ki, onsuz da əlləri dirsəyə qədər qana batan separatçı “liderlər” Qarabağda mülki əhalini incitməkdə davam edir və onlara qarşı sərt tədbirlər görürlər: 

“Ona görə bu da əlimizdə bir əsas ola bilər ki, mülki əhalini separatçı rejimin təzyiq və təhdidlərindən xilas etmək üçün Azərbaycan Xankəndiyə özünün hərbi bölmələrini yeridir”. 

Analitikin fikrincə, həm qondarma rejimin başçıları, həm də sıravi ermənilər arasında bu gün böyük ruh düşkünlüyü var:

“Bu nöqteyi-nəzərdən də bölgədə proseslər qarşıdurmaya doğru gedir. Çartardakı benzin məsələsi də buna bir sübutdur. Misal olaraq, Samvel Babayanla Araik Arutyunyan arasında ciddi qarşıdurma halları var. Samvel Babayan Xankəndidə mitinqlər keçirir, Araik Arutyunyan isə buna mane olmağa çalışır. 

Bölgədə gərgin proseslər gedir. Hətta Xocavəndin Çartar kəndində atışmanın olduğu da iddia olunur. Ona görə də bu proseslərin gələcəkdə konfrontasiya mühitinə aparacağını söyləmək mümkündür”. 

Siyasi təhlilçi hesab edir ki, baş verənlərdən sonra sıravi ermənilər “mərkəzi hakimiyyət”ə etiraz edə bilərlər:

“Belə bir məqam var. Üstəlik, qida çatışmazlığı iddiası indiyə qədər Laçın-Xankəndi yolunun bağlanması ilə izah olunurdusa, indi artıq o səbəb də yoxdur. Sülhməramlıların konvoyu hər gün 10-dan artıq reys edərək, Xankəndi və ətraf ərazilərə ərzaq və məişət məhsulları daşıyır.

Gediş-gəlişə gəldikdə isə bu məsələ qaydasındadır. Ona görə də ermənilərin indiyə səsələndirdiyi “humanitar fəlakət” tezisi gündəmdə deyil. Sadəcə olaraq, bunu körükləyib gündəmə gətirmək istəyənlər var. Amma bu fırıldaq bizə keçməyəcək”. 

Rafi MÜSLÜMOV 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!