İsrailin işğalı altında olan Batı Şəriədə yəhudi məskunlaşanların hücumları davam edir.
“Yeni Sabah” xəbər verir ki, Nablus və Tulkərim şəhərlərində yerləşən iki məscid israilli məskunlaşanlar tərəfindən yandırılıb.
Məlumata görə, Nablusdakı Rəhmə məscidi və Tulkərimdəki Kur kənd məscidi hücuma məruz qalıb. Yanğın nəticəsində hər iki ibadət ocağına ciddi ziyan dəyib. Dominos pizza
Bununla yanaşı, hücum edənlər məscidlərin divarlarına irqçi məzmunlu şüarlar da yazıblar.
Nablus bələdiyyəsinin sədri Əbdül Əzim Vadi bildirib ki, Rəhmə məscidində aparılan tikinti işləri üçün nəzərdə tutulan material və avadanlıqlar da tamamilə yanıb.
Hadisə bununla məhdudlaşmayıb. Məskunlaşanlar Nablusun şərqində yerləşən Beyt Furik qəsəbəsində bir fələstinliyə məxsus evi də yandırıblar. Yanğın ətrafdakı insanların müdaxiləsi ilə söndürülüb. Evin divarlarına da qisas çağırışı əks etdirən irqçi şüarlar yazıldığı bildirilib.
HƏMAS rəsmisi Mahmud Mərdavi hadisəyə münasibət bildirərək bunu İslamın müqəddəs məkanlarına qarşı açıq hücum adlandırıb. Onun sözlərinə görə, eyni gün ərzində iki məscidin yandırılması dini, əxlaqi və insani dəyərlərə zidd hərəkətdir.
Mərdavi baş verənləri “işğal siyasətinin və faşist düşüncəsinin növbəti təzahürü” kimi qiymətləndirib.
O, fələstinliləri məscidlərini və müqəddəs yerlərini qorumağa çağırıb. Həmçinin İslam və ərəb ölkələrini, eləcə də beynəlxalq ictimaiyyəti bu cür hücumlara qarşı qəti mövqe nümayiş etdirməyə və məsul şəxslərin cəzalandırılması üçün addımlar atmağa səsləyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız