“Səfirliyimiz qarşısındakı aksiya planlaşdırılmış tədbirdir və oradakı çıxış edənlər Türkiyədə atatürkçülükdən uzaq, təriqətçilik zehniyyətində olan insanlardır. Bunu son Türkiyə hadisələri də göstərdi. Orda Fəthullahçılar, Mənzilçilər, Süleymançılar var və hara baxırsansa, siyasətçinin arxasından təriqət çıxır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. O bildirib ki, eyni vaxtda kütləvi şəkildə siyasi partiya rəhbərlərinin Azərbaycana qardaşlıq tövsiyəsi verməsi səmimi görünmür:
“Bu, İslam dininin ümumi xəstəliyidir ki, dinin Quran üzərindən yaşanmasına əsas maneə də elə budur. Buna görə siyasətçilər də bundan mənfi mənada nəsibini alıblar və bunu siyasətə köçürəndə uyğunsuz alınır. Dördpendirli pizza
Bunu ehtimal ki, Türkiyə daxilində səs qazanmaq və ya elektoral bazaya müraciət etmək üçün faydalı hesab edirlər, amma bu, münasibətlərin zədələnməsinə səbəb olur. Düzdür, istədikləri kimi alınmayacaq, amma yenə də buna yol verməməlidirlər.
Azərbaycana qarşı yönələn addımlarda hər zaman birbaşa deyilən mövzu üzərindən mühakimə yürütməyə başlasaq, yanlış istiqamətə gedərik. Bunun hicab üzərindən ifadə olunması başqa mətləblərin pərdələnməsi məqsədini güdür. Çünki eyni vaxtda kütləvi şəkildə siyasi partiya rəhbərlərinin Azərbaycana qardaşlıq tövsiyəsi verməsi səmimi görünmür. Burda hicab üzərindən hansısa niyyətin gizləndiyini hiss etmək mümkündür. Amma hər bir ölkənin rəhbərinə olan münasibətdə bunu etmək etik cəhətdən doğru deyil.
Məsələn, bunu Özbəkistana və ya Türkmənistana etmək mümkündürmü? Bizim hansısa ölkədə tətbiqat xoşumuza gəlməsə belə, bunu etməyi məqsədəuyğun saymırıq. Türkiyədə də xoşumuza gəlməyən proseslər var, lakin biz müdaxilə etməyə başlasaq, qarşılıqlı müdaxilələr genişlənər və məsələ həllini tapmaz.
Eyni mövzunu Türkiyədəki şəxslər İrana köçürə bilərlərmi? İranda qadınlara qarşı zorakılıq tətbiq olundu, buna Türkiyədən münasibət bildirən oldumu? Yox. Çünki dövlət etikası var və bunu hamı gözləməlidir. Azərbaycanla bağlı fikir səsləndirən insanların müəyyən dövlət təcrübəsi olsa da, dünya görüşləri məhduddur. Bu, düzgün yanaşma deyil və türk-azərbaycan qardaşlığını bir neçə adamın açıqlaması poza bilməz.
Biz təkcə dövlətlərin və ya prezidentlərin deyil, millətin qardaşlığından danışırıq. Türkiyədə Azərbaycanın qərarını dəstəkləyən xeyli insan var və onlar da səslərini duyurmağa başlayırlar”.
Deputat əlavə edib ki, Azərbaycanın bu addımı onun Atatürk prinsiplərinə Türkiyədəki siyasətçilərdən daha çox bağlı olduğunu göstərir:
“Daxili işlərə qarışmama məsələsi ciddi bir səbəbdən olsaydı, bunu anlamaq olardı. Sərhədlərin açılması məsələsi təhlükəsizlik ilə bağlı olduğundan ziddiyyətlər yarandı. Amma bir ölkədə tətbiq olunan üsul həmin ölkənin təhlükəsizliyi ilə bağlı zərurətdirsə, bunu "bizim ideologiyamız önəmlidir" deyə qarşılamaq doğru deyil.
Azərbaycanın bu addımı onun Atatürk prinsiplərinə Türkiyədəki siyasətçilərdən daha çox bağlı olduğunu göstərir. Biz Atatürk ilkə və inqilablarına daha sadiq olduğumuzu göstərmiş oluruq. Bu, mollalaşma tendensiyası deyil, dövlət idarəetməsinin bir metodudur. Bu metodu doğru hesab etmirik.
Türkiyədə cəmiyyətləşmə və təriqətləşmə strukturu fərqlidir. Orada tarixdən – Osmanlı sistemindən qalan böyük ənənələr var və bunları qırmaq mümkün deyil. Atatürk onu çağdaşlaşmaya gətirmək istədi, Atatürkü də düzgün anlamadılar; o, dini öz yerində oturtmağa çalışırdı.
Bu gün Türkiyədə olan inanc üzərindən populizmin cəmiyyətdə yanlış təzahürlər ortaya çıxardığını görməkdəyik. Azərbaycan cəmiyyətində hamımız inanc və dindar insanlarıq, dini ritualları yerinə yetiririk, amma dinimizi heç vaxt siyasi vasitə olaraq istifadə etməyi ağlımızdan keçirmirik.
Sovet sisteminin sıxıntılarını yaşamış insanlar islam ideologiyasının və ya məzhəbçiliyin nə qədər zərərli olacağını proqnozlaşdıra bilirlər. Ona görə də bu məsələdə müəyyən məhdudiyyətlərin olması qaçılmazdır”.
F. Mustafa vurğulayıb ki, dinin səmimi yaşanmasının tək yolu onun dövlət işlərinə və siyasətə müdaxilə etməməsidir:
“Bunu ərəbləşmə meyli kimi götürməməliyik. Türkiyə İslamın önəmli ölkələrindən biridir və orada islam dəyərlərinə çox sayğı duyulur. Amma bunun siyasətə köçürülməsində Türkiyədə daha irəli gedilib. Biz dinlə bağlı proseslərin siyasətə köçürülməsinə zərərli tendensiya kimi baxırıq, lakin Türkiyədə bunu faydalı hesab edirlər. Bu da bizim baxış bucağımızın fərqli olduğunu göstərir. Biz yaxın şərq ölkələrinin fəlakətini məhz dinin siyasət üzərində təsir gücünün artmasının nəticəsi olaraq görürük.
Dinin səmimi yaşanmasının tək yolu onun dövlət işlərinə və siyasətə müdaxilə etməməsidir. Çünki inanc siyasi və ideoloji məsələ deyil. Bunu siyasi məsələ kimi cəmiyyətə gətirənlərin niyyəti inanmaq deyil, sadəcə cəmiyyətdə hegemonluq qurmaqdır. Dində zorakılıq yoxdur, amma islam mənsubu şəxslər hakimiyyətə təsir gücünə sahib olduqda zorakılıq elə ordan başlayır. Ona görə də dinlə Sezarın haqqı məsələsində ayrım vacibdir və dünyəvi işlərə bu şəkildə müdaxilə edilməməlidir”.
Qeyd edək ki, son dövrlərdə Türkiyənin sosial media seqmentində sıravi vətəndaşlardan tutmuş tanınmış şəxslərədək geniş bir kütlə tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya hücumları müşahidə edilir. Bununla yanaşı, Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi də məsələnin təkcə virtual məkanla məhdudlaşmadığını, real müstəvidə də müəyyən gərginlik və narazılıqların yaradılmasına cəhd göstərildiyini göstərir.
Nazim Hacıyev
Telegram kanalımız