“24 aprel 2018-ci il də Prezident İlham Əliyev tərəfindən “Peşə təhsili haqqında" qanun qəbul edildi. Bundan əvvəl isə ölkəmizdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib”.
Bu sözləri “Yeni Sabah”a peşə təhsili haqqında yeni qərarla bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb:
“Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub. Hazırda ölkədə iqtisadiyyatın, o cümlədən sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Bu ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri yaradılır, amma bu sahələr üzrə kadrlar da hazırlanmalıdır. Bu sahələr üzrə peşələrin inkişafı və ixtisaslı kadrların hazırlanması iqtisadiyyatın inkişafına təkan verəcək. İxtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində əkin sahələri genişlənəcək. O cümlədən, qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək. Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq. 2018-ci ildə qəbul edilmiş “Peşə təhsili” haqqında qanunda ilk dəfə olaraq peşə təhsilinin pillələri müəyyənləşib. 2018-ci ildən etibarən peşə təhsili sisteminin quruluşu da yeniləndi. Peşə təhsilinin səviyyələri: ilk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili olmaqla 3 səviyyəyə bölünür. Eyni zamanda peşə təhsili müəssisə növləri peşə məktəbi, peşə liseyi, peşə təhsil mərkəzi olmaqla 3 yerə ayrılır”. Toyuqlu pizza
Ekspertin sözlərinə görə, “Peşə təhsili haqqında" qanunla, həmçinin peşə təhsilinin müddətləri də yeni qaydada müəyyən olunub:
“Ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün 2 il, tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 6 ay, texniki peşə təhsili alanlar üçün isə 1 il müəyyənləşib. Ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün 4 il, tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda isə təhsil müddəti 3 ildir. Nazirlər Kabineti tərəfindən 16 aprel 2019-cu ildə qəbul edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası” nda ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsinə keçidlə bağlı yeniliklər öz əksini tapıb”.
K.Əsədov yeni qaydalardan da danışıb:
“Buna qədər pərakəndə və daxili qaydada, bir pilləni bitirmədən həyata keçirilən sistem bundan sonra vahid qaydada həyata keçiriləcək. Bundan sonra Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər. Buna qədər isə vahid bir baza və forma yox idi. Pərakəndə formada həyata keçirilən proses bundan sonra Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçiriləcək. Qeyd edim ki, Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır. Son illərdə Təhsil nazirliyi tərəfindən edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır. Ümid edirəm ki, həyata keçirilən islahatlar nəticəsində bu sahə əmək bazarının tələbinə və müasir standartlara cavab verəcək vəziyyətə gəlib çıxacaq.
Qeyd edək ki, Baş nazir Novruz Məmmədov “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na dair qərar qəbul edib.
Əsmər Qabil
Telegram kanalımız